Avtobuslarda 5 qəpik soyğunçuluğu davam edir

10 Sentyabr 2014 09:52 (UTC+04:00)

Məlum olduğu kimi Tarif Şurasının qərarı ilə 15-25 və 30-40 km-dək olan məsafədə hərəkət edən avtobuslarda gediş haqqı müvafiq olaraq 25 və 35 qəpikdir.

Qeyd edək ki, həmin göstərilən məsafələrə hərəkət edən avtobusların marşurut istiqaməti əsasən Bakıdan Bakıətrafı qəsəbələrə qədər olan əraziləri əhatə edir. Bu istiqamətdə hərəkət edən marşurut avtobusları da əksər hallarda sərnişindən qeyd olunan rəsmi qiymətdən artıq gediş haqqı alır. Adətən, sözügedən istiqamətlərə hərəkət edəb bu avtobusların bəzilərində qiymət həmişə olduğundan 5 qəpik yuxarı alınır. Maraqlıdır ki, sərnişinlər də çox zaman sürücülərin bu özbaşınalığına göz yumur. Sürücü isə hər dəfə artıq pul verən sərnişinlərə qaytarmaq üçün 5 qəpiyin olmadığını bəhanə edərək, belə bir vəziyyətin yaranmasına "yardımçı" olurlar.

Başqa bir tərəfdən, uzun müddətdir, gediş haqqı ilə bağlı olaraq kart sisteminin tətbiqinin vacibliyi vurğulanır. Hətta bu istiqamətdə bəzi marşurutlar üzrə addımlar da atılıb. Lakin görünən mənzərə ondan xəbər verir ki, kart sistemi reallıqda geniş şəkildə işləmir. İnsanların çoxu nədənsə başqa sahələrdə olduğu kimi bu istiqamətdə də köhnə vərdişlərdən azad ola bilmir. Görəsən bu fonda kart sisteminin tətbiqi avtobuslarda artıq gediş haqqı almaq kimi mənfi halların qarşısını ala biləcəkmi?

Ekspert Azər Allahverənovun fikrincə, planı doldurmaq uğrunda mübarizə bəzən sürücünü sərnişindən gediş haqqında nəzərdə tutulduğundan artıq pul almağa sövq edir: "Sürücünün bəzi marşurut avtobuslarında gediş haqqını 5 qəpik artıq almasında başlıca məqsədi planı doldurmaqdır. Bilirsiniz ki, sürücülərin üzərinə gündəlik plan qoyulub. Onlar da həmin planı doldurmaq üçün müxtəlif yollara can atırlar. Burada vəziyyət nəinki təkcə avtobusların qanuna zidd idarə olunması, çox zaman qəza şəraitinin yaradılması, yol təhlükəsizlik qaydalarına heç bir formada riayət olunmaması ilə deyil, eyni zamanda vətəndaşların ödəniş haqqı olaraq verdiyi vəsaitlərin mənimsənilməsi ilə də müşayiət olunur. Başlıca niyyət isə planı doldurmaqdır. Hansı ki, bu plan da kifayət qədər çox həcmdədir. İstənilən avtobus sürücüsü ilə söhbətdən bəlli olur ki, yanacağın doldurulması, maşında nasazlıq baş verdikdə onun təmir xərci də məhz sükan arxasında əyləşənin cibindən çıxır. Yəni, avtobusun idarə olunması üzrə bir çox xərclər avtobus sürücüsünün üzərinə atılıb. Bura planın doldurulması məsələsi də aiddir. Bütün bunlar sonda ona gətirib çıxarır ki, avtobus sürücüləri məsrəfləri ödəmək, öhdəlikləri yerinə yetirmək üçün çox zaman müxtəlif yollara, o cümlədən 5 qəpikliyi mənimsəmə hallarına əl atırlar. Belədə qeyri-qanuni əməllərə rəvac verirlər". Belə halın qarşısını almağın effektiv yoluna gəldikdə, hömsəhbətimiz iki çıxış yolunu görür: "Onlardan biri avtobus sürücüləri üçün aylıq məvacib sisteminin tətbiqidir. Sürücülərə aylıq məvacib sistemi tətbiq olunsa, onlar heç kimdən artıq pul istəməyəcək və avtobus sadəcə olaraq, onun üçün müəyyən olunan qrafik və vaxt çərçivəsində hərəkət edəcək. Amma görünən odur ki, şirkətlər bu sistemin tətbiqində maraqlı deyil. Çünki gündəlik plan kifayət qədər böyük maliyyə axını deməkdir. Bundan məhrum olmamaq üçün də sürücülərə aylıq məvacib sistemini tətbiq etməyə əngəl olurlar".

İkinci bir tərəfdən, Azər Allahverənov əmindir ki, avtobuslarda kartlardan istifadə prosesinin real olaraq həyata keçirilməsi, sürücünün artıq gediş haqqı almaq kimi mənfi "ənənəsinə" birdəfəlik son qoyacaq: "Kart sisteminin tətbiqi əslində, bir çox mənfi halların qarşısını almaq iqtidarındadır. O cümlədən, müəyyən olunmuş yeni ödəniş haqlarının düzgün hesablanması və məsrəflərin düzgün hesablama yolu ilə həyata keçirilməsinə səbəb olacaq. Təsəvvür edin ki, bu gün dövriyyədə 5 qəpiklər yox səviyyəsindədir. Ancaq iri supermarketinqlərdə 5 qəpikliklərdən də istifadə olunur. Avtobusda isə 5 qəpiklik qalığın qaytarılmasını düşünmürəm ki, sürücülər çox həvəslə həyata keçirsin. Odur ki, gediş haqqı 25 qəpik olan yerdə 30, 35 qəpik olan yerdə isə 40 qəpik alırlar. Bu da nəticə etibarı ilə vətəndaşın cibindəki pulun mənimsənilməsi deməkdir. Əksər insanlar müəyyən müddət bu hala narazılığını bildirsə də, sonradan bununla barışmalı olurlar. Gediş haqqının artıq alınması ilə bağlı vəziyyət özünün əsasən də Bakıətrafı qəsəbələrə hərəkət edən marşurutlarda göstərir. Bu mənada kart sisteminin tətbiqi həmin neqativ halın aradan qalxmasına gətirib çıxara bilər. Kartdakı məbləğ müəyyən olunmuş gediş haqları və saylarına uyğun olacaq. Hər dəfə gediş haqqına müvafiq olaraq qiymət kartdan silinəcək və sürücünün həmin vaxta qədər sərnişindən aldığı 5 qəpiklik əlavə pul kartda qalacaq. Belədə insanlar bu məsrəfləri qanun çərçivəsində həyata keçirmiş olacaq. Lakin məsələ ondadır ki, sərnişinlərin böyük əksəriyyəti bu kartlardan hələ də istifadə etmir. Baxmayaraq ki, kifayət qədər böyük sayda kart dövriyyəyə buraxılıb. İnsanlar isə kartdan istifadəyə hələlik elə də həvəsli deyil. Bunun günahı həm də sürücünün üzərindədir. Çünki, bəzi hallarda kart vasitəsilə pulun ödənilməsini həyata keçirən aparatların söndürüldüyünün şahidi oluruq. Bunun səbəbini soruşanda da "onsuz da heç kim istifadə etmir" kimi bəhanələr gətirirlər. Lakin aydın məsələdir ki, kartlardan istifadə bir çox neqativ halların, o cümlədən artıq gediş haqqı almaq kimi tendensiyanın qarşısını almış olacaq. Ona görə də, bu məsələyə ciddi yanaşmalıyıq. Hər iki məsələ gündəmdədir, onlara zərurət var, aktual mövzulardır. Düşünürəm ki, bir tərəfdən kart sistemi, digər tərəfdən də aylıq məvacib sisteminin tətbiqi marşurut avtobuslarında sadaladığımız neqativ halların qarşısını almaq yolunda mühüm vasitə olar".