Xaricdə oxuyan bəzi tələbələr niyə geri dönmür?

10 Sentyabr 2014 11:41 (UTC+04:00)

Bir müddətdir ki, gündəmdə olan mövzulardan biri xaricə təhsil almaq üçün gedən azərbaycanlı tələbələrin təhsillərini bitirəndən sonra ölkəyə qayıtmaması ilə bağlıdır. Hər il yüzlərlə azərbaycanlı gənc həm dövlət hesabına, həm də öz hesablarına inkişaf etmiş xarici ölkələrə ya burda aldıqları ali təhsili inkişaf etdirmək, ya da ümumiyyətlə, orda təhsil almaq üçün gedir. Lakin təhsil bitir, çox vaxt həmin gənclərin müəyyən hissəsi vətənə geri qayıtmırlar. Bəziləri çalışır ki, oxuduqları həmin ölkədə iş tapsınlar. Halbuki, dövlət həmin gənclərdən daha başqa nəticələr gözləyir. Büdcədən vəasit ayırıb gəncləri xarici ölkələrdə təhsil almağa göndərərkən əsas məqsəd ölkəmizə savadlı, ixtisaslaşmış kadrlar qazandırmaq olur. Lakin vəziyyət bəzən tam fərqli xarakter alır. Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov məsələ ilə bağlı deyib: "Bizim xaricdə təhsil alan gənclərə çox böyük ehtiyacımız var. Əfsuslar olsun ki, biz sizi göndəririk, amma siz geri qayıtmırsız. Sizi göndərmişik ki, xaricdən gəlib universitetləri gücləndirəsiniz. Sizə görün nə qədər pullar xərcləmişik, 20, 50, 80 min pul vermişik. Bu rəqəmlərin bəzilərini açıqlamaq da istəmirəm, amma bu pulları nəyə görə vermişik? Ona görə vermişik ki, siz orada oxuyub, mütəxəssis olaraq gəlib öz universitetlərimizdə işləyəsiniz. Biz sizi universitetə dəvət edirik, xaricdə təhsil alandan sonra geri qayıdın və ali məktəblərlə əməkdaşlıq edin".

Belə bir məqamda maraqlıdır ki, xaricdə təhsil alan bəzi gəncləri Azərbycandan uzaq salan səbəb nədir? Sosioloq Əhməd Qəşəmoğlu Movqe.az-a məsələ ilə bağlı fikirlərini bildirib: "Bu, çox ciddi məsələdir. Ölkəmizin indiki vaxtda o cür intellektlərə ehtiyacı var. O məqsədlə dövlət gəncləri xaridə təhsil almağa göndərir ki, mütəxəssislər hazırlansın. 

Mən müşahidə etmişəm ki, bizim xaricdə oxuyan tələbələrimiz yüksək nəticələr ələ edirlər, yüksək qiymətlərlə oxuyurlar. Məsələn, onlardan hansısa alim olmaq istəyirsə, Azərbaycana ona görə gəlmir ki, burda alim olmaq çox çətin bir yol tələb edir. Hansısa sahədə mütəxəssis olaraq çalışmağa gəldikdə isə, bizdə cəmi 1-2 sahə var ki, mütəxəssislərə yüksək əmək haqqı verilir. Bu da adətən neftlə, iqtisadiyyatla bağlı sahələr olur. Burada da məhdud sayda gəncləri qayıdan kimi işə götürürlər. Yerdə qalanlar isə ya işləmir, ya aşağı əmək haqqı ilə çalışmağa məcbur olur. Xarici ölkədə təhsil alarkən ona verilən təqaüd burada mütəxəssis kimi çalışıb qazandığı puldan çox olur. Beləliklə, gənclər maddi problemlərdən dolayı geri qayıtmaq istəmirlər".

Sosioloq yaxın 5-6 il üçün ölkəmizdə daha qaneedici vəziyyətin yaranacağına inanır: "Amma reallıqdır ki, indi ölkədə bununla bağlı işlər görülür. Məsələn, professor Kamal Abdullanın yeni vəzifəyə başlaması mənə ümid verir ki, dövlətimizdə bu sahədə də müəyyən mühitin yaranması üçün də şərait yaranacaq. İndi Bilik Fondu yaradılıb. Bilik Fondu bütün ölkədə mütəşəkkil maarifləndirmə sistemini qurmaqla məşğuldur. Multikultiralizmlə bağlı mərkəz də yaranıb. Bütün bunlar dediyimiz neqativ məsələləri üzə çıxarıb yoluna qoymaqla məşğuldur. Sadəcə olaraq, bu sahə ilə bağlı da zaman lazımdır. İşlər görülür. Keçid dövründə, dünyanın indiki dolaşıq vaxtında Azərbaycandan birdən-birə gözləmək olmazdı ki, şərait Fransa, Amerika, Danimarka, İtaliya, Norveç və s. kimi olsun. Məsələyə optimistcəsinə yanaşaraq, ümid edək ki, yaxın vaxtlarda ölkəmizdə daha çox cəlbedici amillər artacaq. Hazırda Elmlər Akademiyasında da müzakirələr gedir ki, hansı mexanizm qurulsun ki, xaricdə oxuyan gənc mütəxəssislərimiz öz elmimizə qayıtsınlar. Bunlar ümid verir ki, 5-6 il sonra zamanla ölkədə xaricdə oxuyan tələbələri cəlbedici, onları qane edəcək şərait yaranacaq. Amma bütün bunlarla yanaşı, xaricdə oxuyan tələbələrimizlə vətənpərvərlik ruhunda ciddi işlər aparılmalıdır. Elə olmalıdır ki, onlarda vətənə bağlılıq hissi də güclü olsun.  Bunun özü də onların geri qayıtmasında mühüm rol oynayacaq. Vəziyyət hazırda qaneedici olmasa da, düşünürəm ki, yaxşılığa doğru gedir. İstər KİV, istər bir ziyalı olaraq bizim kimi insanlar, istərsə də digər qurumlar tərəfindən bu sahədə lazımi işlər görülməlidir". 

Təhsil eksperti Məhərrəm Zülfüqarlı da Movqe.az-a mələ ilə bağlı fikirlərini bildirib. Ekspert problemin kökündə Azərbaycanda əmək haqqının Avropa ilə müqayisədə hələ aşağı olmasını görür:  "Tələbələrin xaricə təhsil almaq üçün göndərilməsi kimi gözəl bir ənənə hələ cumhuriyyət dövründən başlayıb. O vaxt hər il 100 tələbə xaricə oxumağa göndirilirdi. Ümummilli lider Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə də tələbələr Avropaya olmasa da, keçmiş SSRİ ölkələrinə dövlət hesabı ilə təhsil almağa göndərilirdi. Bu ənənə indi də inkişaf etmiş şəkildə davam edir. Təhsil almaq üçün başqa ölkələrə gedən gənclərin geri qayıtmaması kimi problemə gəlincə isə, məsələ ondan qaynaqlanır ki, xaricdə oxuyan tələbələr ölkəyə qayıdandan sonra onlara dövlət müəssisələrində az əmək haqqı verilir. Buna görə də onlar ya Azərbaycanda olan yüksək əmək haqqı verən özəl şirkətlərdə çalışırlar, ya da yenidən geri qayıdırlar. Azərbaycanda əmək haqlarının miqdarı artırılmalıdır. Məslən, biz univeristetlərdə Boloniya sisteminə uyğun təhsil veririk, dərslər keçirik. Amma əmək haqqı Boloniya sisteminə uyğun verilmir. Xaricdə təhsil almış gənc ayda 1500 avro dövlətdən təqaüd alırdısa, burda 200-300 manat əmək haqqına niyə razılaşsın? Ona görə də burda böyük bir fərq olduğuna görə, onlar yüksək məvacibli iş axtarırlar. Onların içində elə insanlar da olur ki, vətənpərvər insanlardır, oxuyandan sonra vətənə qayıdırlar".