Dövlət Agentliyi yaradıldı
14 İyul 2012 20:07 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və
dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin
təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman
imzalayıb.
Sənəddə qeyd olunur ki, dövlət orqanlarının
fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən
xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir
innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara
münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin,
vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə
alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin
təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi
məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
yaradılır.
Fərmanda müəyyən edilir ki, Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmət mərkəzlərinin vahid
şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən
dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin
əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını,
dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı
inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin
sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin
təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.
Dövlət orqanları tərəfindən vətəndaşlara
göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən "ASAN
xidmət" mərkəzləri yaradılır. Həmin mərkəzlərdə xidmətlər
operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq
prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı
olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində
həyata keçiriləcək. Vətəndaşların bilavasitə, telefon və ya
internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər
üsullarla xidmətlərin həyata keçirilməsi təmin ediləcək, fəaliyyət
göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik kursları
təşkil olunacaq, vətəndaş axınının idarə olunması, vətəndaşları
qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif
treninqlərin həyata keçiriləcək.
Sənədə əsasən, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına iki ay müddətində Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsinin və
strukturunun layihəsini Azərbaycan Respublikasının Prezidentinə
təqdim etməsi, "ASAN xidmət" mərkəzlərinin nümunəvi əsasnaməsinin
layihəsini və xidmət mərkəzlərində dövlət orqanları tərəfindən
göstərilən xidmətlərin növləri barədə təkliflərinin Azərbaycan
Respublikasının Prezidentinə təqdim etməsi
tapşırılıb.
Fərmanda qeyd olunur ki, "Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli,
1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu"nda
dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 18 aprel tarixli 2187 nömrəli Sərəncamı
ləğv edilir.
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini
və "ASAN xidmət" mərkəzlərini bina və zəruri avadanlıqla təmin
etməsi, Agentliyin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və
maddi-texniki təminat məsələlərini həll etməsi, və bu Fərmandan
irəli gələn digər məsələləri həll etməsi tapşırılıb.