Minsk qrupu dağılır...

11 Sentyabr 2014 08:06 (UTC+04:00)

Rusiya və ABŞ-dan sonra Minsk qrupunda digər həmsədr ölkə olan Fransa da Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək qərarına gəlib. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye yaxın tezlikdə Fransa dövlət başçısı Fransua Ollandın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan rəhbəri Serj Sərkisyanla görüşünün gözlənildiyini açıqlayıb. Hələlik görünən budur ki, başda Amerika Birləşmiş Ştatları olmaqla, həm vasitəçi ölkələr, həm də beynəlxalq qurumlar sülh danışıqlarının intensivləşməsi və razılaşma modelinin tapılması istiqamətində səylərini gücləndiriblər. Konkret olaraq son görüşlərə gəldikdə, Soçi toplanışını sadəcə, pozulmuş atəşkəskin bərpası kimi qiymətləndirmək olar. NATO sammitindəki ABŞ-ın təşəbbüskar olduğu görüş isə Azərbaycan üçün növbəti nailiyyət oldu. Odur ki, növbəti həmsədrin rəhbərliyi altında təşkil olunacaq görüş xüsusi maraq kəsb edir. Aydındır ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sülh prosesində mövcud problemlər müzakirə olunacaq. Ancaq mütəxəssislər yenə də konkret addımları görmnəticələr gözləmirlər. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli bildirdi ki, Dağlıq Qarabağ probleminin tənzimlənməsi prosesində həmsədr dövlətlərin yeni yanaşmaları diqqəti cəlb edir: "Prezident Vladimir Putin 10 avqust tarixində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdi. O, bu görüşü həmsədr kimi təşkil etdi, amma digər həmsədrləri dəvət etmədi. Bunun ardınca ABŞ-ın dövlət katibi Con Kerri NATO-nun Uels sammitində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə nail oldu. Yenə də ABŞ sentyabr ayında BMT-nin Baş Assambleyasının növbəti sessiyasında Azərbaycan və Ermənistanı prezidentlərinin görüşünə nail olmaq istəyir. Parelel olaraq Fransa rəhbərinin də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək istəyir. C. Kerrinin təşkil etdiyi görüşdə də digər həmsədrlər dəvət almadı. Maraqlıdır ki, F. Olland da eyni addımı atacaq? Bu cür tendensiyalar müşahidə olunmaqdadır. Bu da onu göstərir ki, Ukrayna böhranı fonunda Qərb-Rusiya münasibətləri son dərəcə pisləşib. Yəni, bir cəbhədə - Ukraynada münasibətləri bu şəkildə korlanmış Qərb ilə Rusiyanın digər cəbhədə - Dağlıq Qarabağ münaqişəsinə yanaşmada münasibətlərinin normal olması qeyri-realdır. Artıq araları dəymiş həmsədr dövlətlər münaqişənin tənzimlənməsi prosesində özlərini fərqli aparırlar. Hətta bir yerə toplaşıb məsələni müzakirə etmirlər. Digər məqam ondan ibarətdir ki, sanki Fransa və ABŞ Rusiyanın münqaişəni ələ almasından narahatdırlar. Ukrayna ilə bağlı bir-biri ilə düşmən olan Qərb və Rusiya Qarabağ münaqişəsində də mehriban ola bilmirlər. Həmin gərginlik bu cəbhədə də özünü nümayiş etdirməkdədir. Amma bunlar münaqişənin həllinə mənfi təsir göstərən amillərdir. Əgər həmsədr dövlətlər arasında münasibətlər hansısa səbəbdən pisləşibsə, onda Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər bir qədər mürəkkəbləşir. Bu yolla münaqişənin həlli xeyli yubana bilər. Həmsədr dövlətlərin ortaq məxrəcə gəlməsinə böyük ehtiyac var".

Təhlükəsizlik və Enerji Tədqiqat Mərkəzinin rəhbəri Ceyhun Mahmudlu isə bildirdi ki, Uels sammitinin çox müvəffəqiyyətlə keçdiyini deyə bilərik: "Lakin proseslərə tarixi aspektdən baxanda elə görünmür. Çünki, 2011-ci ildən bu yana prezidentlərin görüşü keçirilmirdi. Soçi görüşü, Uels sammiti Azərbaycan və ermənistan dövlət başçılarının görüşlərinin bərpa olunmasına gətirib çıxardı. Çıxışlarda qeyd edildi ki, bundan sonra – sentyabr ayında da BMT-nin Baş Assambleyada prezidentlərin görüşü ola bilər. Fransada da belə görüşlərin keçirilməsi gözlənilir. Ancaq bu günə qədər Minsk qrupu çərçivəsində çoxsaylı sülh layihələri təklif edilib. Fakt budur ki, bunların heç birinin konkret nəticəsi olmayıb. Hətta müxtəlif dövlətlərin təşəbbsü ilə də ikitərəfli görüşlər keçirilib. Bunların da bir nəticəsi olmadı. Uels görüşü isə müvəffəqiyyətlə keçsə də, ortada konkret addımlar yoxdur. Yəni, dialoqun dayandırılması münaqişənin yenidən başlamasına səbəb ola bilər. Bunun qarşısının alınması üçün dialoqların yenidən bərpa olunması vacib amildir. Ona görə də burada söhbət dialoqların bərpa olunmasından gedir. Amma konkret sülh müqaviləsinin imzalancağı inandırıcı görünmür. Çünki, son olaraq yenilənmiş "Mardir prinsipi" var. Böyük ehtimalla, bunun üzərində dayanılacaq. Amma tərəflər hələlik öz mövqeyindən geri çəkilməyib. Onun üçün də görüşlərin konkret nəticələr verəcəyi gözlənilən deyil. Ancaq görüşlər vacibdir. Çünki, dialoqun dayandığı yerdə müharibənin başlama ehtimalı artır".