Bakıda nümayiş olunan silahlar

11 Sentyabr 2014 20:02 (UTC+04:00)

Bu gün Bakı Ekspo Mərkəzində açılan Azərbaycanda və regionda ilk dəfə olaraq I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX-2014) 8 ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın istehsal etdiyi silahlar və döyüş texnikaları nümayiş olunur.

Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Sərginin təşkilati tərəfdaşları "İteca Caspian" və "Caspian Event Organisers" şirkətləridir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukrayanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə (37 şirkət), Polşa (16 şirkət), İsrail (16 şirkət) və Belarus (10 şirkət) öz irimiqyaslı ekspozisiyaları ilə fərqlənir. Sərginin platin sponsoru Niderland Krallığının "Damen Shipyards Group" gəmiqayırma şirkətdir. Sərginin qızıl sponsoru qismində isə Türkiyənin "Roketsan" şirkəti çıxış edir.


Sərgidə ən yeni nailiyyətlər 6 tematik istiqamət üzrə təqdim olunur. Bura quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr və əmlak, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı və kosmik texnologiyalar daxildir.


Sərgi sentyabrın 13-dək davam edəcək.