Masallıda Rayon İcra Hakimiyyəti Başçısı RAFİL HÜSEYNOVUN səyyar qəbulu

11 Sentyabr 2014 12:38 (UTC+04:00)
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun səyyar qəbulu bu dəfə Xırmandalı kənd orta məktəbinin həyətində keçirildi.

Masallı Rayon İcra Hakimiyyəti aparatının məsulları, hüquq-mühafizə orqanları və idarə - müəssisə rəhbərlərinin iştirak etdiyi geniş şura iclası və səyyar qəbulu Rafil Hüseynov açdı. RİH başçısı dedi ki, məqsədim problemlərinizi öyrənmək və təkliflərinizi dinləməkdir. Sözçü bildirdi ki, Xırmandalı ziyalıları, ağsaqqal və gəncləri burada iştirak edir. Ağsaqqal sözünə həmişə ehtiyac var. Kənddə ağsaqqal sözünü, tövsiyələrini hamı eşitməlidir. Səmimi söhbət etməliyik, son vaxtlar Xırmandalıda baş verən olaylar bizi narahat edir. Burda hamı yaxınlardır. Qohum-qardaşdır. Kənd tirələrə bölünəndə adamlar arasında münasibətdə soyuqluq yaradır.
Rayon polis şöbəsinin rəisi, polkovnik Nəriman İmanov göstərdi ki, cari ilin 8 ayı ərzində Xırmandalı sakinlərindən DİN-nin 102 xidmətinə müxtəlif zəmində şikayətlərlə bağlı 117 məlumat daxil olub. Bunların bir hissəsi kənddə törədilmiş cinayətlər, əsas hissəsi isə ailə-məişət zəminində baş vermiş münaqişələr, ictimai yerlərdə sərxoş vəziyyətdə xırda xuliqanlıqlar, bəzi sakinlərin qeyri-etik davranışları olmuşdur.

Bu ilin 8 ayında Xırmandalıda xəta törətdiyinə görə 10 nəfər inzibati, 4 nəfəri ictimai yerlərdə xırda xuliqanlığa yol verdiyinə, 6 nəfər isə döymə və sair zorakı hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb edilmişdir.

Sonra Xırmandalı kənd inzibati ərazi dairəsi üzrə 2014-cü ilin ötən dövründə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında rayon məhkəməsinin sədri Hilal Xəlilov və rayon prokuroru Fikrət Əsgərov məruzə etdilər. Bu mövzuda Xırmandalı ərazi nümayəndəsi Məhərrəm İbrahimov, sakinlərdən Qulu Gözəlov, Rahim Abdullayev, Samı Hüseynov, Möhübbət Qasımov, Gülsənəm İmanova, İşkanə Muradova, Əmirzadə Muradov da təkliflər verib, problemlər barədə danışdılar.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev və mərkəzi xəstəxananın baş həkimi Cəlil Nəzərov qeyd etdilər ki, Xırmandalıda sözüötən, müdrik, ölkədə tanınan ağsaqqallar olub və var. Kəndin zəhmət adamları Xırmandalını çörəkli kəndə çevirmişdilər. Ənənə davam etdirilməli, torpaqdan səmərəli istifadə edilməlidir.

RİH başçısı R.Hüseynov sakinlərə danışmağı, müraciətlər irəli sürməyi təklif etdi. Sakinlərdən Elman Qurbanov, Eyvaz Zeynalov, Mürsəl Hüseynov, Ənniyaz Həziyev, Nurəli Qasımov, Həsənbala Abdullayev və başqaları kəndə qaz, yol çəkilişinə görə rayon rəhbərinə minnətdarlıq etdilər.

Sakinlər səyyar qəbulda bir sıra şəxsi problemləri, bəzi məişət qaydaları ilə əlaqədar RİHB-yə müraciət etdilər. Rayon rəhbəri idarə müdirlərinin ünvanına qarşı səsləndirilən şikayət və təkliflərlə bağlı dərhal tədbirlər görməyi və bu işlərin nəticəsi haqqında məlumat verməyi tövsiyə etdi.

RİH başçısı R. Hüseynov görüşün səmərəli keçdiyini bildirib dedi ki, təklif və müraciətlərinizin bəzilərinə elə buradaca aydınlıq gətirildi. Ölkə Prezidentinin tapşırığına əsasən bu ucqar kənddə çox işlər görmüşük. Yol çəkilib, həkim məntəqəsi tikilib, qaz istifadəyə verilib. Gənclərin asudə vaxtı səmərəli təşkil olunmalıdır. Kəndin gələcəyi onların əlindədir. Onlara tövsiyəm budur ki, ağsaqqalları eşitsinlər, həyat yollarını öyrənsinlər. Gələcəkdə də Xırmandalıya diqqəti artırmalıyıq.