Rusiya neft şirkətləri borc üçün Azərbaycana üz tutacaq?!

12 Sentyabr 2014 08:55 (UTC+04:00)

Qərbin tətbiq etməyə hazırlaşması yeni sanksiyalar Rusiyanın neft şirkətlərinin Avropadan borc pul almasına da imkan verməyəcək. Həmin şirkətlərin bir çoxu isə məhz Qərbdən aldıqları kreditlər vasitəsilə işlərinin reallaşdırılmasına nail olurdular. İndi isə Avropa Birliyi və Amerikanın sanksiyalarından təsirlənən Rusiyanın ən böyük neft şirkəti olan "Rosneft"də çöküş davam edir. Şirkətin qarşıdakı aylarda mindən çox işçi və əməkdaşını ixtisara salacağı və neft istehsalında da geriləmə olacağı gözlənilir. Avropa Birliyinin bu həftə müzakirəyə çıxaracağı yeni sanksiya təkliflərinə görə başda "Rosneft" və digər rus neft şirkətləri Avropa ölkələrindən borc almaqda çətinlik çəkəcək. "Rosneft" fəaliyyət və yatırımlarını davam elətdirə bilmək məqsədi ilə Rusiya Beynəlxalq Rifah Fondundan 40 milyard dollar dəstək üçün yardım tələb edib. Baş nazir Dmitri Medvedyev ölkə iqtisadiyyatına çox önəmli qatqı və nailliyətləri ilə yardımçı olmuş "Rosneft"ə maliyyə yardımı üçün digər şirkət və "iqtisadi nəhəng"lərə müraciət edib.

Hazırda Rusiya şirkətlərinin özləri də yeni maliyyə mənbələrinin axtarışındadr. Bu məsələdə onların Azərbaycana üz tutmaları da gözləniləndir.

Bilindiyi kimi, Azərbaycan artıq borc alan ölkədən, borc verən ölkəyə çevrilib. Bu da ölkəmizin maliyyə imkanlarının genişlənməsi ilə bağlıdır. Maraqlıdır, Rusiyanın neft şirkətləri borc üçün Azərbaycana müraciət edərlərsə, ölkəmizin onlara kredit ayırması mümkündürmü?

Ekspert Zəfər Vəliyev məsələyə belə münasibət bildirir: "ABŞ və Avropanın Ukrayna ətrafındakı hadisələrlə bağlı Rusiyanın enerji şirkətlərinə tətbiq etdiyi sanksiyalar ikimərhələlidir. Bu sanksiyalardan birincisi sektoral sanksiyadır. İkincisi, Rusiyanın 5 bankına sanksiyalar tətbiq olunub. Bu bankların Avropa və Amerikanın maliyyə bazarlarına girişi məhdudlaşdırılıb. Burada söhbət gedir ki, onlar 90 gündən artıq kredit müqaviləsi bağlaya bilməzlər. İndi Avropa Birliyi və Amerikanın yeni sanksiyalar paketində o müddət bir qədər də məhdudlaşacaq. Burada söhbət Rusiyanın enerji şirkətlərinin xarici banklardan dollar və avro ilə ifadədə kredit almalarından gedir.

Rusiyanın enerji şirkətləri maliyyə çatışmamazlığına məruz qalarsa, onların Azərbaycan və bu kimi hər hansı başqa dövlətin valyuta ehtiyatlarından istifadə etməsi mümkün olan məsələ deyil".

Ekspert İlham Şaban da bunun mümkün olmadığını dedi: "Ümumiyyətlə, bizdə Neft Fondundan başqa ölkələrə borc vermək praktikası olmayıb. Yalnız bir dəfə Serbiyaya həmin fond vasitəsilə 15 il müddətinə 4 faizlə borc verilib. Borcun həcmi də 300 milyon dollar civarında idi. Bu infrastruktur layihəsində də Azərbaycan şirkəti iştirak edib. Başqa ikinci bir ölkəyə fondun gəlirlərindən borc vermək hadisəsi Azərbaycan tarixində olmayıb. Bu baxımdan inanmıram ki, Rusiya neft şirkətləri tərəfindən borc alınması üçün Azərbaycana müraciət olunsun və məsələ həllini tapsın. Əvvəla, bu böyük həcm olacaq. İkincisi, Rusiya şirkətlərinin kredit reytinqi getdikcə aşağı düşür. Belədə inanmıram ki, Azərbaycan belə bir addımlara getsin".