Kommunal xidmət haqlarını vaxtında ödəyənlər bonus alacaq…

12 Sentyabr 2014 08:45 (UTC+04:00)

Rusiya növbəti ildən kommunal xidmətlər sahəsində təşviqedici proqram həyata keçirəcək. Belə ki, kommunal borcları vaxtında ödəyən, suyu və enerjini qənaətlə işlədən vətəndaşlara bonus veriləcək. Bu addımı atmaqda məqsəd əhalini kommunal ödənişlər etməyə stimullaşdırmaqdır. Həmçinin, bu hal işıqdan, sudan, qazdan daha qənaətlə istifadə olunmasına gətirib çıxaracaq.

Ekspertlər oxşar addımların ölkəmizdə də atılmasını müsbət qarşılayır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Azərbaycanda "bonus sistemi" inzibati cərimələrin ödənilməsində tətbiq edilməkdədir: "Xüsusən yol hərəkəti qaydaları pozulduğu zaman əgər verilmş müddət ərzində cərimə ödənilirsə, müəyyən faiz güzəşt edilir. Cərimələrin ödənilməsi yubandığı halda isə faizlər artır. Kommunal xərclərin ödənilməsi ilə bağlı oxşar praktikanın da Azərbaycanda tətbiq edilməsinə ehtiyac var. Bu, vətəndaşlara zamanında kommunal xərcləri ödəməsinə imkan verəcək. Bunun üstünlüyü ondan ibarətdir ki, kommunal xərclərin vaxtında ödənilməsi həmin kommunal xidmətlərin pulunu yığan qurumlarının zamanında maddi vəsaitlə təmin edilməsinə gətirib çıxarır. Praktiki olaraq, bu, imkan verəcək ki, həmin qurumlar daha qısa zamanda maliyyə vəsaitləri cəlb edə bilsinlər. Maliyyə vəsaitlərinin cəlb edilməsi onlara imkan verəcək ki, onların həmin maliyyə vəsaitlərini idarə etməklə, öz maliyyə fəaliyyətini genişləndirə bilsinlər. Həm də bu, qurumların büdcə qarşısında öhdəliklərinin vaxtında yerinə yetirilməsinə gətirib çıxaracaq. Bunun üçün intervallar müəyyənləşdirilə bilər. İntervallara uyğun da bonusun miqdarı olacaq. Amma yubanma olarsa, borcla bərabər, əlavə faizlərin ödənilməsi də həyata keçirilə bilər. O baxımdan həm bonusun tətbiq edilməsinə, həm də yubanan günlərə görə borcun üzərinə faiz hesablarının gəlməsinə ehtiyac var. Çünki, Azərbaycanda kommunal xidmətlərlə bağlı borca görə cərimə yoxdur. Daha yaxşı olardı ki, həm stimullaşdırıcı, həm də inzibati metoddan istifadə olunsun. Əlavə faizilər borcu olan şəxsi bonusdan faydalanmağa məcbur edəcək. Vətənaş faiz cərimələrindən yayınmaq üçün zamanında ödənişlər edəcək. O baxımdan həm təşviqedici, həm də inzibati metod daxil olmaqla, yeni sistemin Azərbaycanda tətbiq edilməsinə ehtiyac var. Bu, kommunal borcları zamanında yığmağa imkan verəcək. Həm də aidiyyatı qurumların fəaliyyətinin genişləndirilməsi və maliyyə imkanlarının hiss edilən dərəcədə artmasına gətirib çıxaracaq".

Bələdiyyə məsələləri üzrə ekpert Abil Bayramov hesab edir ki, belə tədbirlər müvəqqəti addımlar kimi atıla bilər: "Təbii ki, bunlar stimullaşdırıcı addımdır. Bu, vətəndaşlarda kommunal xərclərin vaxtında ödəmək vərdişi yaratmaq məqsədi güdür. Oxşar üsulu Azərbaycanda da tətbiq etmək olar. Bununla da vətəndaşlarda kommunal borcları vaxtında ödəmək üçün vərdiş yarana bilər. Əslində, kommunal xərclərin ödənilməsi məcburidir. Bunun ödənilməməsi zamanı isə müəyyən sanksiyalar tətbiq olunur. Amma bu sanksiyalardan qaçmaq üçün belə stimullaşdırıcı tədbirlər görmək mümkündür. Ancaq bonus vermənin də müəyyən şərtləri olmalıdır. Yəni, limit müəyyənləşdirilməlidir. Hazırki vəziyyətdə əsasən qazdan istifadəyə görə problemlər yaşanır. Ona görə də ilk növbədə qaz istifadəsinə görə stimullaşdırıcı addımı atmaq olar".