Əmək haqqı məsələsi hamı üçün, xüsusilə işə yeni başlayanlar üçün aktual bir mövzudur. Həmin vaxt çoxlarının ağlında "İş tapdım. Nə qədər pul alacağam?" sualı yaranır. Lakin bir çoxlarımız əmək haqqı alana qədər müəyyən bir sınaq mərhələsindən keçməli oluruq. Xüsusən də, ali məktəbdən yeni məzun olmuşuqsa. Hara iş üçün müraciət edirsənsə, mütləq ya iş təcrübəsi, ya da sınaq müddəti tələb edirlər. Bu müddət isə işdən, iş yerindən, qoyulan tələblərdən, şəxsin əmək təcrübəsindən asılı olaraq dəyişir. Lakin qeyd edək ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə görə, bu müddət 3 aydan çox olmamalıdır. Eyni zamanda qanunda o da öz əksini tapır ki, işçi sınaq müddətində olsa da, ona əmək haqqı verilməlidir. O, əməyini qarşılığını almalıdır. Əks halda, bu, qanun pozuntusudur. Lakin bizdə xüsusən də özəl sektorda bu məsələ çox vaxt nəzərə alınmır. Buna rəğmən, iş tapdığına sevinən vətəndaş da səsini çıxarmadan çox vaxt işə götürənin tələbləri ilə razılaşır. Bunun üçün səbr edib pulsuz sınaq müddətini keçir.
Əslində isə, bu qanun pozuntusuna
görə məsuliyyət nəzərdə tutulur. Hüquqşünas Əliməmməd Nuriyev
Movqe.az-a açıqlamasında məsələyə adınlıq gətirib: "Özəl sektorda
əmək haqqı ilə bağlı məsələlər bir qədər fərqli qaydada həll
olunur. Belə ki, dövlət sektorunda çalışanlar üçün konkret əmək
şərtləri və hər vəzifəyə, ştata uyğun dəqiqləşdirilmiş əmək haqları
var. Dövlət qulluğunda çalışarkən hansı kateqoriyadan olan
işçilərin hansı ştatda hansı vəzifəni tutmasından asılı olaraq, nə
qədər əmək haqqı alacağı bilinir. Təcrübədən asılı olaraq əmək
haqqının üzərinə əlavələr də gəlir. Amma özəl sektorda bu məsələ
fərdi müqavilə əsasında həll olunur. Tərəflər arasında bağlanan
əmək müqaviləsində sınaq müddətinin nə qədər olacağı, bunun
qarşılığıda pul ödənib-ödənməyəcəyi kimi məslələr öz əksini
tapmalıdır. Əmək müqaviləsinin bağlanması özü ciddi məsələdir.
Qanunvericiliyə görə, işçi ilə əmək müqaviləsinin bağlanmamasına
görə cinayət məsuliyyəti nəzərdə tutulur. Əgər bütün bu dediyimiz
məsələlər müqavilədə öz əksini taparsa, müəssisə sahibi sonradan
pul ödəməkdən imtina edə bilməz. Hər şey işə götürənlə işçi
arasındakı razılaşma əsasında olacaq. Burda istər sınaq müddəti,
onun qarşılığında veriləcək pul, istərsə də işə götürülərkən
razılaşdırılan əmək haqqı və s. bütünlüklə öz əksini tapacaq. Bu
məslədə işçilərin də üzərinə böyük pay düşür. Öz haqlarını tələb
etməlidirlər.
Müqavilə bağlanandan sonra işə götürən onu Əmək və Əhalisin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəsttişliyinə göndərməli, müqavilə orda elektron qeydiyyata alınmalıdır. Əgər müqavilənin qeydiyyatı yoxdursa, buna görə hüquqi şəxsləri 30 min manata qədər cərimə gözləyir".
Əmək Hüquqlarını Müdafiə Liqasının
sədri Sahib Məmmədov da bildirdi ki, tabeçiliyin, mülkiyyət
formasının məsələyə dəxli yoxdur: "Yerdən asılı olaraq
sadəcə, sınaq müddəti fərqli ola bilər. Qalan hər şey eyni qaydada
olmalıdır. Təəssüf ki, bu gün bizdə özəl sektorda bu qaydalara
bəzən riayət olunmur. Sınaq müddətinə görə işçiyə pul verilmir.
Problem ondadır ki, əgər buna görə işçi şikayət etsə, məsələyə
baxılar. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulur. Əksərən
işçilər bu halla razılaşırlar. Ona görə də fakt ortaya
çıxmır".