Bu günlərdə diqqət çəkən məsələlərdən biri də yas mərasimlərindəki israfçılığın qarşısını almaq üçün görülən tədbirlər, aparılan kampaniyadır. Hazırda yas mərasimləri ilə bağlı bəzi qadağaların tətbiqi artıq hər kəsə məlumdur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirib ki, yas mərasimləri dinimizin tələblərinə uyğun təşkil edilməlidir. Eyni zamanda, yas mərasimlərində hansısa təmtəraq və israfçılığa yol verilməməlidir. O qeyd etmişdi ki, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının ayrıca fətvası var və orada da yas mərasimlərində israfçılıq edilməməsinə çağırış olunub: "Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin də tövsiyəsi var. Bu tövsiyə ondan ibarətdir ki, yas mərasimləri hansısa israfçılığa gətirib çıxarmamalıdır və vətəndaşlar burada dinimizin tələblərini yerinə yetirməlidir. Bəzi rayonlarda bu tövsiyələrə əməl edirlər. Artıq Bakıda da yas mərasimlərinin keçirilməsində dəyişiklik var. Ümumiyyətlə, bu məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Mən əminəm ki, ictimaiyyət də, media da bu yöndə düzgün təbliğat aparacaq və biz yas mərasimlərini həm milli adət-ənənələrə uyğun, həm də hansısa israfçılığa yol vermədən keçirməyə nail olacağıq".
İndi isə gündəmdə 3 və 7 mərasimlərinin birlikdə keçirilməsi durur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də təklif edir ki, hər yerdə bir qayda olaraq bu mərasimlər birlikdə keçirilsin. Düzdür, bu ənənə bəzi yerlərdə var. Təklif, bu işin genişləndirilməsinə xidmət edir.
İlahiyyatçı Elşad
Miri Movqe.az-a açıqlamasında məsələ ilə bağlı münasibətini
bildirib: "Bu, Naxçıvanda həyata keçirilmişdi və çox gözəl
nəticələr də əldə edilmişdi. Mən dəfələrlə çıxışlarım da da qeyd
etmişəm ki, Naxçıvanda atılan bu addımları digər bölgələrdə də
həyata keçirmək məqsədəuyğun olardı. Çünki bu cür israfşılığın
dinlə bir əlaqəsi yoxdur. Bu, sadəcə, bizneslə əlaqədar
yaradılan bir sahə idi. Ama mən burda birtərəfli mövqe
müəyyənləşdirməyin də əleyhinəyəm. Məsələn, yasın üzərinə dayanıb,
toyları özbaşına buraxmaq da olmaz. Toylarla da bağlı da eyni
məsələ qaldırılmalıdır. Son günlər eyni zamanda qəbir daşları ilə
bağlı məsələ də gündəmə gətirilib ki, buna da eyni müstəvidə
yanaşılmalıdır".
Sosioloq Rafiq
Təmrazov isə məsələyə bir qədər fərqli yanaşır: "Cəmiyyətdə elə
sosial normalar, adətlər, mərasimlər var ki, onları qaydalarla
tənzimləmək çətin olur. Amma məcburi qaldıqda dövlətlər
adminstrativ yollarla, inzibati formada bunu müəyyən qədər
tənzimləyirlər. Sadəcə, bunun üçün ictimai tələbat yaranmalıdır.
İctimai tələbat yarananda hansısa addımı atmağa hakimiyyət məcbur
olur. Azərbaycanda da yas əhali tərəfindən qəbul olunmuş, əsrlərlə
formalaşan bir mərasimdir. Bu, hər dövrün xüsusiyyətinə görə
müxtəlif formalarda olmuşdur. Bizim insanlarda hər zaman qonaqlar
qarşısına daha yaxşı çıxmaq kimi bir psixologiya var. Yas
mərasimlərindəki israfçılıq da bununla əlaqədardır. Mən düşünürəm
ki, bu, bir qədər ictimai şüurla bağlı məsələdir. Söhbət ondan
gedir ki, bizim şüurumuz, təfəkkür tərzimiz elə formada olmalıdır
ki, insanlar özü müəyyənləşdirməlidir ki, yas mərasimi hansı
formada olmalıdır, nə qədər qonaq olmalıdır, qonaqlara nə
verilməlidir və s. İnzibati müdaxilənin əleyhinəyəm.
Həmişə deyirik ki, yas mərasimlərində israfçılıq yaxşı deyil. Amma özümüzə çatanda o ənənələrə sadiq qalırıq. Buna görə də hal belə davam edir. Sadəcə olaraq, insanların qarşısına nümunələr qoymaq lazımdır. Tanınmış, sayılıb-seçilən adamlar, vəzifə sahibləri müəyyən nümunə qoymalıdırlar ki, insanlar onlardan öyrənsinlər".