Azərbaycan və Malayziya arasında sənədlər imzalanıb

12 Sentyabr 2014 14:35 (UTC+04:00)

Sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyevin və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi olub.


Movqe.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Malayziyanın "Petroliam Nasional Berhad" şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumuna ARDNŞ prezidenti Rövnəq Abdullayev və "Petroliam Nasional Berhad" şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas, Azərbaycan hökuməti (Xarici İşlər Nazirliyinin "ADA" Univestiteti tərəfindən təmsil olunur) və Malayziya hökuməti (Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutu tərəfindən təmsil olunur) arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumuna isə Azərbaycanın xarici işlər nazirinin müavini və "ADA" Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanin Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imza atıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.