Neftin büdcə qiymətinin azaldılması gözlənir

13 Sentyabr 2014 08:10 (UTC+04:00)

London birjasında "Azeri Light" markalı neftin qiyməti ilk dəfə Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş həddən - 100 dollardan aşağı düşüb. Keçirilən hərraclarda Azərbaycan nefti bir qədər də ucuzlaşaraq bir barrel üçün 98,42 dollar təşkil edib. Neftin neçə vaxtdır davam edən ucuzlaşma tendensiyası Nyu-York birjasında da davam edib. Nyu-York birjasında keçirilən hərraclarda "US Light" markalı neftin bir barreli 1,08 dollar ucuzlaşaraq 91,67 dollara enib. London birjasında isə neftin bir barrelinin qiyməti daha 1,12 dollar enərək 98,04 dollar təşkil edib. Beləliklə, dünya birjalarında neftin qiyməti ilk dəfə Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş proqnoz qiymətinin altına enib. Bu da nəzəri olaraq büdcə gəlirlərinin azalması və kəsir ehtimalının yaranması deməkdir. Ucuzlaşma tendensiyası davamlı xarakter alsa, o zaman hökumət gələn il üçün büdcə proqnozlarında daha ehtiyatlı davranmalı olacaq. Çox güman ki, neftin bir barrelinin qiymətini 100 dollardan aşağı göstərə bilər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov bildirdi ki, neftin qiymətinin bu gün aşağı düşməsi 2014-cü ilin dövlət büdcəsinin icrasına ciddi təsir etməyəcək: "Çünki, neft 2014-ci ilin 8 ayında büdcədə nəzərdə tutulmuş qiymətdən artıq qiymətə satılıb. Hazırda büdcənin gəlirlərinin təmin edilməsi ilə bağlı ciddi problemlər yoxdur. Yəni, bu il üçün təhlükə yoxdur. Lakin bu, o demək deyil ki, bizim itki yoxdur. Biz büdcə profsitini artıra bilərdik. Eyni zamanda Dövlət Neft Fondunun gəlirləri də çox ola bilərdi. Ancaq qiymət düşürsə, ölkənin gəlirləri azalacaq".

Ekspert əlavə etdi ki, 2015-ci ilin büdcə hesabatında neftin qiyməti mütləq aşağı dəyərləndirilməlidir: "Bunun da əsas səbəblərindən biri odur ki, 2015 və 2016-cı illər üçün neftin qiyməti 70-80 dollara qədər azala bilər. Bu halda Azərbaycan büdcədə neftin qiymətini 100 dollar qiymətləndirərsə, büdcənin icrası ilə bağlı ciddi problemlər ortaya çıxacaq. Bu, geosiyasi vəziyyətlə bağlıdır. Azərbaycan da əsas maliyyə sənədini hazırlayarkən bu vəziyyəti makro səviyyədə dəyərləndirməlidir. Odur ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiymətinin 80 dollar həcmində qiymətləndirilməsi gözlənilir. Lakin bu gün buna tam təminat verə bilmərik. Çünki bu, dövlətin siyasətidir. Lakin əsk halda ola bilsin ki, 2015- ci ildə büdcənin icrası ilə bağlı ciddi problemlər yaransın. Növbəti ildə Rusiyaya olan sanksiyalar daha dərinləşməsi mütləqdir. Ona görə də güman ki, Azərbaycan hökuməti bunları nəzərə alacaq. İstisna etmirəm ki, 2015-ci ildə dövlət büdcəsində neftin qiymətini 80 dollar olaraq təsbit edəcək".

Digər iqtisadçı ekspert Yaşar Əsədov bildirdi ki, neftin qiyməti bazarda tələb və təklifin əsasında deyil, hansısa məqsədlərdən təyin olunur: "Dünyada da neftin qiymətini qısa zaman ərzində təsir göstərə bilən iki ölkə var. Bunlar biri Rusiya, digəri isə Səudiyyə Ərəbistanıdır. Bunlar ildə təxminən 500 milyon ton neft hasil edirlər. Böyük ehtimalla onlar, xüsusən də ikincisi belə addıma getməz. Ancaq bütün hallarda büdcə müzakirəsi zamanı Qərbin Rusiya ilə qarşıdurması nəzər alınmalıdır. Çünki, dünyada neftin qiymətinin aşağı salınması dünya iqtisadiyyatı üçün böhran halları yaşadacaq. Milli Məclisin payız ssesiyasında 2015-ci ilin dövlət büdcəsi layihəsinə baxılmağa başlayanda yəqin ki, orada bu məsələlər nəzərə alınacaq. Yəni, qiymətlərin aşağı götürülməsi mümkündür." .