Naxçıvana 200 mindən çox turist gəlib

14 Sentyabr 2014 12:05 (UTC+04:00)

Cari ilin ötən səkkiz ayında Naxçıvana 200 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.

Movqe.az-ın publika.az-a istinadən məlumatına görə, ildən-ilə muxtar respublikaya gələn əcnəbi turistlərin sayında artım müşahidə olunmaqdadır. Bəhs olunan dövrdə Naxçıvana gələn turistlərin 84 min nəfərə yaxını xarici ölkələrin vətəndaşlarıdır.

Bu baxımdan, cari ilin avqust ayında muxtar respublikaya 11 min 333 əcnəbi gəlib. Muxtar respublikaya Türkiyə, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan, Avropa İttifaqı ölkələri, ABŞ, Baltikyanı ölkələr, Koreya Respublikası, Çin və digər dövlətlərdən turist axını müşahidə edilməkdədir.

Əcnəbilərin Naxçıvanda olduqları müddətdə ən çox maraqlandıqları məkanlar sırasında isə muxtar respublikanın tarixi yerləri, mədəniyyət obyektləri, təbiət abidələri, ziyarətgahlar üstünlük təşkil edir. Onlara lazım olan xidmətlərin göstərilməsi üçün isə hər cür şərait mövcuddur.

Muxtar respublikaya rekreasiya, ziyarət, işgüzar, müalicə, tanışlıq və s. məqsədlərlə səfər edən turistlərə müasir standartlara uyğun mehmanxana və nəqliyyat xidmətləri təklif olunur, onlar üçün ekskursiyalar təşkil edilir.

"Gəmiqaya turizm" firması, Naxçıvan Muxtar Respublikası Turizm və Ekskursiyalar Birliyi bu işlərin təşkilində fəallıq göstərirlər.