Azərbaycanda insan bədəninin istilik enerjisini qeydə
alan teplovizion nişangahların istehsalı təşkil ediləcək. Artıq bir
neçə dövlət qurumu belə nişangahları sifariş də verib. Bunu Trend-ə
açıqlamasında Müdafiə Sənayesi Nazirliyinin (MSN) Optika-Mexanika
İstehsalat Birliyinin "Alov" zavodunun baş direktoru Kamal Əsgərov
deyib.
Onun sözlərinə görə, bu iş Türkiyənin ASELSAN şirkəti ilə birgə
həyata keçiriləcək: "Azərbaycanda insan bədəninin istilik
enerjisini qeydə alan teplovizion nişangahların istehsalının
yaradılması qısa zamanda başa çatdırılacaq. Teplovizion
nişangahlardan həm uzaq məsafəli hədəfləri vuran silahlarda,
snayperlərdə, həm də yaxın məsafəli hədəfləri vuran silahlarda
istifadə edilməsi nəzərdə tutulub".
Zavodun baş direktoru bildirib ki, bu nişangahlar insan bədəninin
istilik enerjisini 10 mikron spektrədək qeydə ala bilir:
"Teplovizion nişangahlar 8-12 mikron spektr aralığında işlədiyinə
görə istənilən canlı orqanizmin istiliyini qeyd edir və bununla da
həmin canlının cizgilərini görməklə - istər meşə şəraiti, istərsə
də qapalı yerlədə olsun - onun yerləşdiyi yeri dəqiq öyrənmək olur.
Bu, bizim ordumuz üçün çox mühüm idi. Biz onu da yaxın zamanlarda
istehsal edib orduda silahlanmaya verəcəyik. Artıq bununla bağlı
sifarişlər var. Bizim yaratdığımız hər bir nişangahın sifarişçisi
ilk növbədə, Müdafiə Nazirliyi, eyni zamanda, Daxili Qoşunlar,
Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Milli
Təhlükəsizlik Nazirliyi və s. dövlət qurumlarıdır. Biz öz istehsal
proqramımızı bu sifarişlər əsasında qururuq".
K.Əsgərov həmçinin qeyd edib ki, Türkiyənin ASELSAN
şirkəti ilə perspektivdə 4 və 6 qat böyüməyə malik optik gecəgörmə
nişangahlarının da Azərbaycanda istehsal edilməsi üzərində işlər
gedir.
Qeyd edək ki, ADEX-2014 sərgisi çərçivəsində MSN-in Optika-Mexanika
İstehsalat Birliyinin "Alov" zavodu ilə Türkiyənin ASELSAN şirkəti
arasında yeni məhsulların Azərbaycanda istehsalı və birgə
müəssisənin yaradılmasına dair niyyət protokolları imzalanıb.
Protokola əsasən "Alov" zavodu və ASELSAN-ın iştirakı ilə Bakıda
birgə müəssisənin təsis olunması nəzərdə tutulur.