Xəzərdə nərə balığı da tam yoxa çıxır

17 Sentyabr 2014 10:49 (UTC+04:00)

Alimlər tərəfindən bəzən dünyanın "8-ci möcüzəsi" adlandırılan, planetin ən nadir balıq növlərindən olan nərə balıqlarının üzərini almış təhlükə hələ də səngimir. Söhbət  onların ehtiyatlarının kəskin azalmasından gedir. Görülən tədbirlərə baxmayaraq, onların sayı azalır. Mütəxəssislər xəbərdarlıq edir ki, vəziyyət bu cür davam etsə, 2020-ci ilə qədər dənizdə nərə balıqlarının bəzi növlərinin nəsli tam kəsilə bilər. Bu nəticəni yaradan səbəblər müxtəlifdir. 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun  "İxtiologiya" laboratoriyasının böyük elmi işçisi, alim Namiq Mustafayev Movqe.az-a açıqlamasında bu səbəbləri şərh edib: "Son illər Xəzərə dənizinin faunasının kasadlaşması, xüsusən də nərə balıqlarının azalması müşahidə olunur. Bunun müxtəlif səbəbləri var. Hər şeydən əvvəl neft çıxarılması ilə bağlı olaraq dənizin həddən artıq çirklənməsini qeyd etmək lazımdır. İkinci tərəfdən çayların üzərində su anbarlarının tikilməsi mühüm amillərdən biridir. Nərə balıqlarının xüsusiyyəti odur ki, dənizdə yaşayırlar, lakin kürü tökmək üçün çaylara üz tuturlar. Çayların yuxarısına gedə bilmirlərsə, kürü tökə bilmirlər. Sovet hakimiyyəti illərində su anbarları tikiləndə, bunun qarşılığında dəymiş zərərin qarşısını almaq məqsədilə balıq artırma zavodları tikildi. Həmin zavodlar dənizdən kürü verməyə hazır, iri nərə balıqlarını tutub zavoda gətirir, onların kürülərini alır, kürülərdən mayalandırıb körpə balıqlar alırdılar. Sonra isə bala balıqları dənizə buraxırdılar. Bununla artıq 70-ci illərin sonlarına kimi artıq nərə balıqlarının sayı müəyyən qədər tənzimlənmişdi.  Anbarlar tikilməmişdən qabaqkı səviyyəyə gəlib çatmışdı. Amma sonradan zavodlarda olan avadanlıqların getdikcə köhnəlməsi, sovet höküməti dağıldıqdan sonra qanunsuz balıq ovunun vüsət alması nəticəsində balıqların buraxdığı körpələri də tutub satırdılar. İndinin özündə  bazarlarda görürük ki, nərə balıqlarının 1-2 kiloqramlıqlarını satırlar. Hansı ki əvvəllər balıqçılar onları tora düşəndə buraxırdılar. Amma indi tutub satırlar. Bununla da kökünü kəsmiş olurlar. Qeyd edək ki, 2003-cü ildə sonuncu nərə balığı artırma zavodu tikilib. Lakin bu zavod da tam gücü ilə çalışa bilmir. Çünki  zavod ana balıqları tutub gətirə bilmir. Nərə dənizdə o qədər azalıb ki, ana balıq tapmaq mümkün deyil. Başqa tərəfdən Xəzərdə tək nərə yox, başqa balıq ehtiyatları da azalıb. Nərə balıqlarının yemi olan balıqlar da azalıb ki, bu səbəbdən nərə balıqları həm də yemlənə bilmir. Beləliklə, yavaş-yavaş nəsli tükənir". 

Namiq Mustafayev bildirdi ki, çaylar üzrində tikilən körpülərin bəndləri də balıqların kürü tökmək üçün gəlmələrinə mane olur: "Bundan əlavə, Xəzər sahili boyu axan çaylarda çoxlu bəndlər var. Hansı ki, ya su anbarlarının tikilməsi məqsədilə keçən əsrin sonlarında, ya da yolların çəkilməsi ilə əlaqədar salınıb. Məsələn, Bakı-Xaçmaz-Quba yolunun çəkilməsi ilə bağlı Qusarçay, Qudyalçay kimi su hövzələrinin üzərinə körpülər qurulan zaman  çaya iri betonlar qoyulub. Əslində, körpü elə tikilməlidir ki, çayların təbii yatağına heç bir mənfi təsir göstərməsin. Amma bu betonlar körpülərin hərəsinin aşağısında 5-6 metr hündürlüyündə maneə yaradıb. Balığın kürü tökmə vaxtı dənizdən çaya getməsinə imkan yoxdur. Balıq çaya girə bilmirsə, aydındır ki, kürü tökə bilməyəcək və nəsli kəsiləcəkdir. Nəzərə almaq lazımdır ki, bir balığın kürülərinin sayı 30-40 mindir. Yəni, balıq keçib kürü tökə bilmirsə, nəsli kəsilməsi normaldır". 

Neftçalada yerləşən, 2003-cü ildən bəri istifadəyə verilən Xıllı Nərə Balıqartırma Zavodunun (NBZ)  direktoru Zaur Salmanov da son illər Xəzərdə yaşanan bu problemlə bağlı fikrilərini açıqladı. 

Onun sözlərinə görə, nərə balıqlarının sayının azalması səbəbləri kompleks xarakter daşıyır: "Burda antropogen faktorla bərabər, Xəzərin son illərdə sənaye məqsədi ilə, neft hasilatı üçün istifadə olunduğu zaman çirklənməsini də qeyd eləmək lazımdır. Və eyni zamanda,  bildiyiniz kimi, Xəzər dənizi Xəzəryanı dövlətlərə açıq bir hövzədir. Ona görə burda balıq ovunu tənzimləmək kifayət qədər çətin bir məsələdir. Bu, dövlətlər arasında mütəşəkkil tənzimləyici tədbirlərin qəbul olunması və onların tətbiqi deməkdir. Düzdür, bu sahədə müəyyən addımlar atılıb. 1990-cı illərin əvvəllərindən Xəzəryanı Dövlətlərarası Komissiya fəaliyyət göstərir. Və bu ayın sonuna  Həştərxanda artıq müvafiq dövlətlərarasaı anlaşma imzalanması nəzərdə tutulur ki, bu anlaşmada komissiyanın dövlətlərarası statusu veriləcək. 

Azalmanın səbəblərindən danışanda burda əsas  sudaşıyıcı arteriyalar, Kür çayı kimi, Volqa çayı kimi hövzələrin üzərində su elektrik stansiyalarının tikilməsini qeyd etmək lazımdır. Nəzərə almaq lazımdır ki, nərə balıqları uzun miqrasiya edən balıqlardır. Stansiyalar salınarkən balıqların miqrasiya yolları bağlanmışdır. Lakin dövlət su bəşəriyyətindir prinsipinə qayğıyla yanaşır və bu qayğının nəticəsi olaraq Azərbaycanda 1950-ci illərin sonlarından başalayaraq 3 nərəbalığıartırma zavodu tikilib. Son nailiyyətlər arasında isə 2003-cü ildə Xəzəryanı dövlətlər içərisində ən böyük olan Xıllı Nərə balıqartırma zavodu tikilib istismara verilibdir".