Keyfiyyətsiz tərtib edilən kitablar

17 Sentyabr 2014 10:53 (UTC+04:00)

Kitab çapı işində ölkəmizdə görülən işlərin tam həcmdə müasir tələblərə cavab vermədiyi danılmaz həqiqətdir.   Ölkəmizdə bir sıra yerli nəşriyyatlar tərəfindən buraxılan kitablar keyfiyyət baxımından Qərb ölkələrindəkindən xeyli geri qalır. İstifadə olunan kağızın keyfiyyətindən tutmuş, kitabın üz qapağı, yazıda istifadə olunan şriftlər daxil tam olaraq oxucuların tələbatını ödəyəcək səviyyədə deyil. Yeni aldığın kitab 1 ay keçmədən qopub tökülür, yararsız vəziyyətə düşür.  

Əslində, hazırki kitab nəşriyyatı nəinki Qərb ölkələrindən, eləcə də sovet hakimiyyəti illərindəki vəziyyətindən də geridədir. Bunu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti, filologiya elmləri namizədi Mahmud Mahmudov Movqe.az-a açılamasında bildirib. Mahmud Mahmudovun sözlərinə görə, əvvəllər kitab nəşrinə tələbkarlıq çox böyük idi: "Bir kitabın əlyazmasını qiymətləndirilərkən, ona həm daxili rəy, həm də xarici rəy verilirdi. Daxili rəy birbaşa nəşriyyat əməkdaşları tərəfindən verilən rəydir.  Onalr müəyyən edirlər ki, bu əlyazmanı çap eləmək olar, ya olmaz, üzərində işləmək lazımdırmı, nöqsanlar nələrdir və s.  Xarici rəy almaq üçün isə əlyazmanı müəllifin adı bildirilmədən, nəşriyyatdan kənar mütəxəssislərə göndərirdilər. Bu rəylər olmadan əlyazmalar çap olunmurdu". 

Mahmud Mahmudov bildirdi ki, indi nəşr olunan kitablarda əsas iqtisadi amil götürülür: "İndi bazar iqtisadiyyatı dövrüdür. Nəşriyyatlar da həddindən artıq çoxdur. Əksəriyyəti isə özəl nəşriyyatlardır. Bunların hamısında ideya və məzmunundan, mahiyyətindən, elmi və bədii səviyyəsindən asılı olmayaraq, iqtisadi amil əsas götürülür. Kitab bazarına isə maraq azdır. Səbəblərə gəlincə, mən belə deyərdim ki, pis yaxşını da gözdən saldı. Nəşriyyatlar ki başladılar kitabları kütləvi şəkildə çap eləməyə, elmi, bədii səviyyə, ictimai dəyər nəzərə alınmadı, o zaman  kitaba maraq azaldı. O biri tərəfdən də informasiya, internet dövründə yaşayırıq. Bunlar da kitab bazarına marağı azaldan amillərdəndir.  Vəziyyətdən çıxmaq üçün yenə də əsas iş nəşriyyatların üzərinə düşür.  Ancaq müasir oxucunun zövqünə, tələblərinə, tərbiyəsinə əsaslı şəkildə təsir göstərə biləcək kitablar çap edilməlidir. Əlyazmaların üzərində müəlliflər işləməli, onları təkmilləşdirməli, kamilləşdirməlidirlər". 

Mahmud Mahmudov təklif edir ki, özəl və dövlət nəşriyyatlarının fəaliyyətinə rəhbərlik edən bir dövlət qurumu yaradılsın: " Bu nəşriyyatların işi əlaqələndirilməlidir. Bəzən müxtəlif nəşriyyatlar eyni ildə eyni kitabı çap edirlər. Nəticədə onsuz da az olan oxucunun sayı 50% də azalır. Çünki ölkədə 200-ə yaxın nəşriyyat bir-birindən xəbərsiz fəaliyyət göstərir. Bunların işini əlaqələndirmək lazımdır".  Sonda dosent qeyd etdi ki, kitabların oxuculara sevdirilməsində kütləvi informasiya vasitələrinin də rolu böyükdür. 

Media eksperti Zeynal Məmmədli də Mövqe.az-a açıqlamasında məsələyə münasibət bildirib. Ekspert keyfiyətsiz kitab nəşrinin arxasında maliyyə çatışmazlığını görür: "Bir tərəfdən internetdən istifadə gündən-günə genişlənir. İnsanlar internet vasitəsilə istədikləri kitabı əldə edib oxuya bilirlər. Üstəlik Azərbaycanda kitabın alınması ilə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Bakıdakı kitab dükanlarının sayına baxın. Əvəllər şəhərdə 200-dən çox kitab dükanı var idi. Hələ son vaxtlar artsa da, əvvəlki kimi deyil. Yenə də azdır. Kitab bir mədəniyyətdir. Kitab var ki, sırf informasiya xarakterlidir. Oxuyub sırf məzmunundan yararlanmaq lazımdır və xarici görünüşü önəmli deyil. Amma kitab da var ki, bütövlükdə sənət əsəri kimi olmalıdır. Daxili ilə bərabər, xarici görünüşü də gözəl olmalıdır. Bütün bunlar bəlli bir bazar olmasını tələb edir. Bazar olanda nəşriyyatlar da maliyyə qoyub yaxşı poliqrafiya texnikası alıb istifadə edirlər. Çünki bahalı texnika kitabın maya dəyərinin yüksək olmasını tələb edir. Mən hesab edirəm ki,  Azərbaycan hələ ki, kitaba maraq yaratmaq üçün ucuz kitab siyasətini davam etdirməlidir. Bundan sonra, müxtəlif müsabiqələr, yarışlar təşkil edilir, orda tarixi əsərlərin seriyaları yaranır, ədəbi abidələr və s. Olur ki, bunların da dizaynı çox gözəl olmalıdır. Məsələn, Azərbaycanın dünya kitabxanalarındakı nümunələrinin dizaynı tamamilə başqadır. Çünki bunlara maliyyə yatırılıb". 

Zeynal Məmmədli dərsliklərin keyfiyyəti ilə bağlı da fikirlərini bölüşüb: "Amma kitab nəşrində anlaşılmayan məqamlar da var. Məsələn, bəzi dərs kitablarının keyfiyyət məsələsi. Bu kitablar böyük tirajla nəşr olunur. Tiraj nə qədər çoxdursa, kitab o qədər ucuz satıla bilər. Bu kitabların qiyməti isə kifayət qədər baha olsa da, keyfiyyəti, dizaynı aşağıdır. Bu artıq dövlət qurumlarının diqqətində olmalıdır. Hərçənd təklif olunur ki, kitablar gələcəkdə planşetlərə yüklənib istifadəyə veriləcək, bu da yaxşı təklifdir. Amma nəzərə almaq lazımdır ki, planşet kitabı heç vaxt əvəz edə bilməz. Hərəsinin öz yeri var. Dərs kitabları bizim üçün çox böyük qaynaqdır. Çünki biz öz poliqraik mədəniyyətimizi dərs kitablarında nümayiş etdirə bilərik. Bir ölkənin mədəniyyət səviyyəsini bilmək istəyirsənsə, orada çap olunan dərs kitabınlarına baxa bilərsən. Bununla ölkənin poliqrafiya mədəniyyəti haqda məlumatlana bilərsən. Ona görə də bu məsələyə ayrıca bir diqqət verilməlidir".