Avtomobil sahibi olmaq istəyənlərin nəzərinə!

17 Sentyabr 2014 18:46 (UTC+04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq üçün tələb olunan sənədlərin adlarını açıqlayıb. Movqe.az-ın ƏƏSMN-ə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi əlilləri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar.

Həmin kateqoriyadan olan vətəndaşlar minik avtomobilinə tibbi göstərişin müəyyən edilməsi üçün aşağıda qeyd olunan sənədləri yaşadığı ərazi üzrə xidmət göstərən Tibbi sosial- ekspert komissiyasına təqdim etməlidirlər:

pulsuz avtomaşın almağa tibbi göstərişin müəyyən edilməsi üçün rayon (şəhər) poliklinikasından 88 nömrəli tibbi forma;

şəxsiyyət vəsiqəsinin surəti; əlillik səbəbi, dərəcəsi barədə TSEK arayışının Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən təsdiq edilmiş surəti.


Əlil səhhəti ilə əlaqədar dövlət tərəfindən pulsuz verilmiş avtomaşını idarə etməkdə çətinlik çəkərsə, onda həmin avtomaşının idarə olunmasını onunla birlikdə yaşayan, sürücülük vəsiqəsi olan ailə üzvünə həvalə edə bilər. Bunun üçün o, aşağıda göstərilən sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. - avtomaşının texniki pasportunun surəti; - şəxsiyyət vəsiqəsinin surəti; - yaşayış yerindən arayış; - ərizə.


Əlil vətəndaşa verilmiş avtomaşınının digər şəxs tərəfindən idarə edilməsi üçünaşağıdakı sənədlər təqdim edilməlidir:

1. Əlil vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş); 2. Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş); 3. Digər şəxsin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);4. Sürücülük vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);5. Hər ikisinin yaşayış yerindən arayış.

Əlil vəfat etdikdə dövlət tərəfindən ona verilmiş avtomaşın ailə üzvlərindən birinin adına keçirilməlidir. Bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:


Əgər vəfat etmiş əlil vətəndaşın həyat yoldaşı varsa:

1. Pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş); 2. Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş); 3. Nigah haqqında şəhadətnamənin surəti (Notarial qaydada təsdiq olunmuş);4. Vəfat etmiş əlil vətəndaşın həyat yoldaşının ərizəsi; 5. Vəfat etmiş əlil vətəndaşın həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş).


Əgər vəfat etmiş əlil vətəndaşın həyat yoldaşı yoxdursa:

1. Pulsuz avtomaşın almış əlilin ölüm şəhadətnaməsinin surəti (Notarial qaydada təsdiq olunmuş);2. Avtomaşının texniki pasportunun surəti (Notarial qaydada təsdiq olunmuş);3. Varislik haqqında arayış (Notarial qaydada təsdiq olunmuş);4. Maşın veriləcək varisin ərizəsi;5. Maşın veriləcək varisin şəxsiyyət vəsiqəsinin surəti (Notarial qaydada təsdiq olunmuş);6. Digər varislərin ərizələri, şəxsiyyət vəsiqələrinin surəti (Notarial qaydada təsdiq olunmuş).


Əlillərə dövlət büdcəsi hesabına minik avtomobili almaq üçün tibbi göstəriş hansı hallarda verilir ?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar və hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olmuş şəxslər, Böyük Vətən müharibəsi və Çernobıl əlilləri minik avtomobilinə tibbi göstəriş olduğu hallarda dövlət hesabına minik avtomobilləri ilə təmin olunurlar. Belə şəxslərə dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün tibbi göstəriş Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 3.2.3. bəndinə əsasən, aşağıdakı hallarda verilir:3.2.3.1. İkinci V dərəcəli xroniki qan dövranı çatmamazlığı. 3.2.3.2. İkinci dərəcəli ağciyər çatmamazlığı.3.2.3.3. Bir aşağı ətrafın iflici və ya nəzərə çarpan parezi.3.2.3.4. Hemiplegiya, nəzərə çarpan hemiparez.3.2.3.5. Nəzərə çarpan ataksiya, hiperkinetik, amiostatik sindrom.3.2.3.6. Hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, ikinci dərəcə arterial çatmamazlıqları.3.2.3.7. Aşağı ətrafların nəzərə çarpan trofik pozğunluqları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları).3.2.3.8. Aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatmamazlıqları.3.2.3.9. Hər iki aşağı ətrafın fillik xəstəliyi.3.2.3.10. Hər iki əlin güdülü.3.2.3.11. Hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması).3.2.3.12. Hər iki pəncənin Şarp üzrə güdülü (ayaqdarağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü.3.2.3.13. Baldırın güdülü.3.2.3.14. Bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərə çarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı.3.2.3.15. Bud-çanaq və ya diz oynağının laxlaması.3.2.3.16. Bud-çanaq oynağının ankilozu və ya kəskin nəzərə çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcədən az olduqda).3.2.3.17. Diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası.3.2.3 18. Topuq oynağının kəskin nəzərə çarpan kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti.3.2.3 19. Hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası.3.2.3.20. Bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieliti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə).3.2.3.21. Budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru.3.2.3.22. Bud-çanaq oynağının endoprotezi.3.2.3.23. Hər iki diz oynaqlarının endoprotezi.3.2.3.24. Bir aşağı ətrafın 10 sm. qısa olması.3.2.3.25. Baldırda 20 kv.sm., pəncənin üst səthində 10 kv. sm. və pəncənin alt səthində ən azı 2 kv. sm. ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora yaxud travmadan sonrakı trofik pozğunluqlar.3.2.3.26. Onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası: onurğa funksiyasının kəskin nəzərə çarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri.3.2.3.27. Aniklozlaşdıran spondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərə çarpan kontrakturası ilə.3.2.3.28. Müharibə əlilləri və onlara bərabər tutulan əlillərin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 dərəcədən aşağı olduqda.