Bir neçə gün öncə ANS TV-dən ayrılan tanınmış jurnalist Sevinc Osmanqızı yenidən Azərbaycan mətbuatı ilə əməkdaşlıq etməyə başlayıb.
AzVision.az-ın məlumatına görə, xanım jurnalist APA
informasiya agentliyinin Vaşinqton üzrə xüsusi müxbiri kimi
fəaliyyətini davam etdirəcək.
Bu xəbəri AzVision.az-a "APA Holding"in rəhbəri Vüsalə Mahirqızı da
təsdiqləyib. O, bildirib ki, agentlik artıq Sevinc Osmanqızı ilə
əməkdaşlığa başlayıb:
"Sevinc Osmanqızı ilə əməkdaşlıq etməyə başladıq. Əgər gələcəkdə
şərtlərimiz uyğun olarsa, onun şərtləri bizi qane edərsə, eləcə də
bizim şərtlərimizlə o razılaşarsa Sevinc Osmanqızı tam ştatlı
işçimiz olacaq",-deyə V.Mahirqızı qeyd edib.
Qeyd edək ki, Sevinc Osmanqızı 2008-ci ildən ANS televiziyasında
işləyib. ANS-in Vaşinqton bürosunun rəhbəri olmazdan əvvəl
televiziyanın Xəbərlər Redaksiyasının Baş Redaktoru işləyib. ANS-da
yayınlanan "Cümə Sevinc Osmanqızı ilə" ictimai-siyasi verilişin və
"Açıq söhbət Sevinc Osmanqızı ilə" siyasi debat proqramının
aparıcısı olub. Osmanqızı ANS-də çalışdığı illərdə Amerikanın "CNN"
telekanalında Azərbaycana dair layihələri ilə də yadda qalıb.