Masallıda yeni dərs ili, yeni məktəblər

18 Sentyabr 2014 12:00 (UTC+04:00)

Möhtərəm Prezidentimiz İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər yaxşı məktəblərdə işləməlidir" sözləri dövlətin təhsilə olan böyük qayğısı, bu sahənin inkişafına dəstəkdir. Azərbaycanda yeni dərs ilinin başlanğıcı ölkənin hər yerində yeni məktəblərin istifadəyə verilməsi, şagirdlərin hər cür avadanlıqla təchiz olunmuş təzə təhsil müəssisələrində dərsə başlaması ilə xarakterikdir.

Sentyabrın 15-də "Bilik" günü - yeni dərs ilinin başlandığı gün rayonumuzda dörd məktəb qapılarını şagirdlərin üzünə təzə görkəmdə açmışdır. Mahmudavar ümumi orta məktəbi üçün müasir tələblərə uyğun ikimərtəbəli yeni bina tikilmiş, Masallı şəhər 1 nömrəli, Kolatan, Bədəlan kənd tam orta məktəbləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Bu il rayonun 99 ümumtəhsil məktəbində 26. 493 şagird oxuyacaq. Onların təlim-tərbiyəsi ilə 2735 müəllim məşğul olacaqdır. Aşağıda əməkdaşlarımızın Mahmudavar, şəhər 1 nömrəli, Kolatan və Bədəlan   məktəblərindən hazırladıqları reportajları təqdim edirik.

 

                                                     Mahmudavar

Sentyabrın 15-i mahmudavarlılar üçün əsl bayrama dönmüşdü. "Bilik" gününün xoş ovqatı yeni, yaraşıqlı məktəb binasının fərəhinə qarışmışdı. Kənddə ümumi orta məktəb üçün inşa edilən yaraşıqlı binanın qarşısında qələbəlik vardı. Ağsaqqallar, valideynlər, müəllimlər, şagirdlər və qonaqlar buraya toplaşmışdılar. Əllərdə Azərbaycanın üçrəngli bayraqları, ulu öndər Heydər Əliyevin və Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin portretləri vardı.

Yeni məktəbin sevincini hamının üzündə hiss etmək olurdu. Bu gün uşaqlar çoxdan arzuladıqları hər cür şəraiti olan ən müasir bir məktəbdə dərsə başlayacaqdılar. 220 şagird-yerlik məktəbin geniş sinif otaqları, laboratoriyaları, kitabxanası, kompyuter otağı şagirdlərin yaxşı oxuması üçün böyük imkanlar açacaq. Geniş idman zalı, sanitar qovşaqları, istilik sistemi, su çənləri var. Geniş həyətində gül ləkləri, yaşıllıqlar buranın panoramını daha da gözəlləşdirir. Dəhlizlərə, pilləkənlərə döşənən mərmər lövhələr göz oxşayır.

Rayon təhsil şöbəsinin müdiri Astan İbişov  "Bilik" gününü açaraq dedi:

-Hər iki bayramınızı təbrik edirəm. "Bilik" gününün, yeni məktəbin xoş ovqatını yaşayırsınız. Yeni məktəbdə yeni təhsil uğurları qazanmalısınız. Bu möhtəşəm bina üçün ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıq etməliyik. Rayon rəhbərliyi kəndinizdəki qəzalı vəziyyətdə olan binanı yeniləşdirmək üçün böyük zəhmət çəkmiş, yuxarı təşkilatlara müraciətlər etmiş, nəhayət ki, problem reallaşmışdır. Siz bu gözəl məktəbdə yaxşı oxumalısınız.

Kənd sakini, Prezident təqaüdçüsü Şirvan Əbilov həmkəndlilərini təbrik edib dedi ki, Mahmudavarda təhsil ocağının bünövrəsi 85 il öncə qoyulub. Köhnə "Xan evi" deyilən məktəb yalnız 80-ci illərin sonlarında sökülüb yerində yeni məktəb tikildi. Ancaq bu bina da çox keçmədi ki, qəzalı vəziyyətə düşdü. Ölkəmizin iqtisadi vəziyyəti artdıqca bütün sahələr inkişaf edir. Respublikada təhsilə xüsusi qayğı var. Təhsil millətin gələcəyidir deyən ulu öndər Heydər Əliyev ölkədə yeni tipli məktəblərin tikintisinə rəvac verdi. Möhtərəm prezidentimiz də təhsil islahatının  həyata keçirilməsi üçün böyük səy göstərir. Rayon rəhbərinin təşəbbüsü ilə kəndimizdə yeni, möhtəşəm bir təhsil ocağı ərsəyə gəldi. Mən həmkəndlilərimi, bu ocaqda təhsil alacaq balaları təbrik edirəm.

 Məktəbin müəlliməsi Aygün Ağayeva yeni məktəb üçün ölkə prezidentinə minnətdarlıq bildirdi.

Milli Məclisin deputatı Elmira Axundova kənd sakinlərini, pedaqoji kollektivi və şagirdləri təbrik edib dedi ki, bu məktəb bölgədə məşhur təhsil ocağı olub. Məzunları ölkədə tanınır. Belə bir məktəbə qayğı lazım idi. Bu qayğı isə ölkə rəhbərinin köməyi, rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə hasilə gəldi. Belə yaraşıqlı məktəbdə yaxşı oxumalısınız.

Rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov:

-Bu gün bayramdır, ikiqat fərəhinizə şərik olmağa gəlmişik. Qəzalı otaqlarda səksəkəli halda oturduğunuz anlar arxada qaldı. Yeni, yaraşıqlı bir elm məbədinə sahib olmusunuz. Belə memarlıq abidəsini qorumalısınız. Mahmudavar məktəbinin uğurlu təhsil ənənələri olub. Bu ənənələr qaytarılmalı, qorunub artırılmalıdır. Bu gündən işıqlı, geniş sinif  otaqları ixtiyarınıza verilib. Burada elm, təhsil üçün hər cür şəraitiniz var. Buna görə möhtərəm prezidentimiz İlham Əliyev  cənablarına və Mehriban xanıma minnətdar olmalısınız.

Məktəb binasının rəmzi lenti kəsildi. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, pedaqoji işçilər təhsil ocağında dərs otaqları, kabinetlər, idman və iclas  zalları ilə tanış olurlar.

                                             Yaraşıqlı təhsil ocağı

Ə. Əbülhəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbındə əsl bayram ab-havası yaşanırdı. Təhsil ocağında yeni dərs ilinin birinci günü iki cəhətdən əlamətdar idi. Məktəbin əsaslı təmir və yenidənqurmadan sonra şagird və müəllimlərin ixtiyarına verilməsi və yeni dərs ilinin başlanması.

"Bilik" günü məktəbin həyətində canlanma vardı.

Məktəbin bütün şagirdləri siniflər üzrə düzülüb tədbirin açılışını gözləyirdi. Əllərində üçrəngli bayraqlar tutmuş məktəblilərin dilində doğma Azərbaycanı vəsf edən mahnılar səslənirdi.

Tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Astan İbişov təhsil işçilərini, müəllimləri, valideyn və şagirdləri yeni dərs ili münasibətilə təbrik etdi. Sözçü ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, bu qayğının təzahürünün 1 nömrəli məktəbin timsalında aydın göründüyünü bildirdi.

Şəhər 1 nömrəli tam orta məktəbin direktoru, "Tərəqqi" medallı əməkdar müəllim Mirqabil Hüseynov təhsil ocağının keyfiyyətli əsaslı təmiri və yenidən qurulmasına görə Möhtərəm Prezidentimiz İlham Əliyevə kollektivin minnətdarlığını bildirdi. Bu işlərin həyata keçirilməsində köməyinə görə rayon rəhbərinin ünvanına da minnətdarlıq səsləndirdi. Qeyd etdi ki, məktəbin  kollektivi dövlət qayğısına vətənpərvərlik təşəbbüsləri ilə cavab verir. Bu il məktəbi bitirən məzunlardan 35 nəfəri tələbə adını almışdır. Onlardan 4-ü imtahanlar zamanı 500-dən artıq bal toplamış, 3-ü xarici universitetlərə qəbul olmuşdur.

Məktəbin şagirdləri qonaqları azərbaycan, rus, ingilis və fransız dillərində salamlamışlar.

Valideynlər adından Ağanaz Sadıqova pedaqoji  kollektivi yeni dərs ili münasibətilə təbrik etdi.

Millət vəkili, Dövlət mükafatı laureatı Elmira Axundova pedaqoji  kollektivi, şagirdləri və valideynləri  yeni dərs ili və məktəb binası münasibətilə təbrik edib, sevincini onlarla böldü:

- Bu, böyük nailiyyətdir, dövlətin gücüdür, ölkə rəhbərinin təhsilə verdiyi qiymətdir. Göstərilən qayğıya təhsil uğurları ilə cavab verin. Arzu edirəm ki, gələcək "Bilik" günləri də sizin üçün belə uğurlu olsun.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını yeni dərs ili münasibətilə təbrik etdi. Bu gün təhsilin inkişafına böyük dövlət qayğısı olduğunu bildirən sözçü "Yeniləşən Azərbaycana yeni məktəb" devizinin ölkədə uğurla həyata keçirildiyindən danışıb, bunu son illər Masallıda tikilən və əsaslı təmir olunan məktəblərin timsalında göstərdi. Onlardan biri də əsaslı təmir olunan  və yenidən qurulan şəhər 1 nömrəli tam orta məktəbidir. "Elnur  -2" UİKŞ inşaatçıları tərəfindən zövqlə əsaslı təmir  edilmiş və yenidən qurulmuş məktəb yüksək keyfiyyəti, müasirliyi ilə diqqəti cəlb edir.

Məktəbin bir sıra ənənələrini xatırladan sözçü qeyd etmişdir ki, təhsil ocağı "İlin ən yaxşı məktəbi" müsabiqəsinin qalibidir. Hər il məzunlardan böyük əksəriyyəti ali məktəblərə qəbul olunur. Məktəbdə bir çox yeniliklər edildiyini göstərən natiq siniflərin artırılıb 74-ə çatdırıldığını, akt, idman zallarının, kabinetlərin, sinif otaqlarının yenidən qurulduğunu bildirdi.

Sözçü demişdir:

- Bunun üçün Xudayar Həsənovun başçılıq etdiyi kollektivə minnətdarlıq edirik.

Rayon rəhbəri və məktəbin direktoru qırmızı lenti kəsdilər. Əsaslı təmir və yenidənqurmadan sonra məktəb bütün gözəlliyi ilə göz önündə canlanır. Burada hər şey təzədir: yüksək zövqlə kafel, metlax düzülmüş dəhliz, qiymətli qapı, pəncərələr, otaqların parlaq rəngli döşəmələri, mərmər pilləkanlar...

Qonaqlar birincilərin dərs otaqlarına baxırlar. 7 sinif otağı MİMO proqramı ilə işləmək üçün texniki avadanlıqla təchiz olunub. Bu otaqlarda 140 şagird yeni proqramla təhsilə başlayır. Müəllimlər qonaqlara bu proqramın üstünlükləri barədə məlumat verirlər.

Genişləndirilmiş akt zalına, mülki müdafiə otağına baxan, idman zalı və şahmat sinifində yarışları izləyən qonaqlar yaradılmış şəraitdən məmnun qalırlar.

Direktor otağındakı dərsi müşahidə edən kameralar işə salınır. Qonaqlar bu sistemlə tanış olurlar.

Bir sözlə, qonaqlar kollektivin təzə təhsil ocağı və yeni dərs ili sevincini onlarla bölür, buradan fərəhlə ayrılırlar. Hər kəsin qəlbində kollektiv üçün bu şəraiti yaradan ölkə,  rayon rəhbərinə minnətdarlıq hissləri yaşayır.

 

 

Məktəb-bağça sevinci

 

Bədəlan tam orta məktəbinin iki mərtəbəsi keçən dərs ilində əsaslı təmirdən sonra şagirdlərin ixtiyarına verilmişdir. İnşaatçılar ötən müddətdə məktəbin üçüncü mərtəbəsini də yüksək keyfiyyətlə təmir etmişlər. Eyni zamanda məktəbin bir korpusu rayon rəhbərinin  təşəbbüsü ilə uşaq bağçası üçün hazırlanmışdır.

Rayon təhsil şöbəsinin müdiri A.İbişov "Bilik" günü münasibətilə kənd sakinlərini, şagirdləri, pedaqoji  kollektivi təbrik edib, onlara can sağlığı, təhsil uğurları arzuladı.

Məktəbin direktoru Akif Mehtiyev toplaşanları təbrik edib, belə gözəl layihəli məktəb binasının əsaslı təmirinə görə ölkə Prezidentinə minnətdarlıq bildirdi. Qeyd etdi ki, bu gün 240 şagirdin oxuduğu məktəbdə 640 şagird təhsil ala bilər. Geniş sinif, kompyuter və müəllimlər otaqları, kitabxanası olan məktəbdə yaxşı işləməli, təhsil uğurlarımızı artırmalıyıq.

Milli Məclisin deputatı Elmira Axundova:

-Bu məktəbdə vəziyyət acınacaqlı idi.  Dəfələrlə yuxarı təşkilatlara müraciət etdim. Rayon rəhbəri də bu işdə köməyini əsirgəmədi. Budur, geniş akt, iclas və idman zallarıı, bufeti, geniş və işıqlı dəhlizləri olan məktəb yaraşığı, gözəlliyi ilə sizə ərmağan edilib.

Kənd ərazi nümayəndəsi Loğman Şahbazov bu gözəl memarlıq abidəsi, hər cür şəraiti olan təhsil ocağına görə sakinlərin minnətdarlığını ölkə Prezidenti İlham Əliyev cənablarına ünvanladı. Qeyd etdi ki, rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov   cənabları məktəbin layihəsinin qorunub saxlanmasında və keyfiyyətlə təmir olunmasında böyük səy göstərdi.

RİH başçısı Rafil Hüseynov bədəlanlıları, müəllim və şagirdləri təbrik edib dedi:

-Sökülmək ehtimalı olan bu böyük təhsil ocağını əsaslı təmir edib qoruya bildik. Çünki belə maraqlı layihəli məktəb binası ölkədə çox azdır. İnşaatçıların zəhmətini də təqdir edirəm. Məktəbin uğurlarını artırmaq üçün hamınız çalışmalısınız.

Rəmzi lent kəsilir. Rayon rəsmiləri, sakinlər, müəllim və qonaqlar içəri daxil olurlar. Məktəbin geniş dəhlizi, sinif otaqları, bufeti göz oxşayır.

 

                                          ***

 

Məktəbin günçıxanındakı korpusu uşaq bağçası üçün əsaslı təmir olunub. Uşaq müəssisəsinin qarşısında da xeyli adam toplaşıb. Balaca fidanlar Vətən, Azərbaycan, ulu öndər, möhtərəm Prezident haqqında şeir və mahnılarla tədbirdəkiləri təbrik edir, sevinc hissi keçirirlər. Balacalar əllərindəki Azərbaycan bayrağını dalğalandırırlar.

RİHB Bədəlan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Loğman Şahbazov tədbiri açaraq sakinləri, balaca fidanları, valideynləri təbrik edir.

Uşaq bağçasının müdiri Gülnarə Novruzova fərəhini belə ifadə edir:

-Uşaq bağçamızın binasını çoxları görmüşdü. Binanın qəzalı durumu hamını narahat esə də heç kim kömək etmirdi. Rayon rəhbərinə müraciət etdik. Arzumuzun gerçəkləşməsi yolunu tapdı. Kənd məktəbinin bir korpusunda bu vacib müəssisə üçün yer ayıracağını vəd etdi. Bu gün istəyimiz reallaşıb.Sevincimizin həddi-hüdudu yoxdur. Bu böyük qayğı və diqqətə görə Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq. Rayon rəhbərinin də bu sahədə zəhməti çoxdur.

Kənd sakini Hacı Həmid Məcidov da sevincini bildirib, uşaqları təbrik etdi.

Milli Məclisin deputatı Elmira Axundova:

-Bu fərəhdən kövrəlirəm. Mənə dəfələrlə müraciət olunmuşdu. Rayon rəhbəri ilə məsləhətləşdim. O, bu işə həvəslə, ürəklə yanaşdı. Bağçanız gözəldir.

RİH başçısı Rafil Hüseynov:

-Dövlətimiz inkişaf edir. Adamlarımızın rifahı, məişəti yaxşılaşır. Uşaqlara qayğı isə dövlətimizin əsas məqsədidir. Bağçanın geniş otaqları keyfiyətlə, zövqlə təmir olunub. Burada hələlik 60 uşaq tərbiyə alacaq. Rayonumuzda son illər bağça tikintisinə və əsaslı təmirə diqqət var. Son iki ildə 7 bağça uşaqların ixtiyarına verilib. Bu sahədə Mehriban xanım Əliyevanın zəhmətini, təşəbbüsünü təqdir edir, minnətdarlığımızı çatdırırıq. Sizi də təbrik edirəm. Xoşbəxt olun, cansağlığı ilə yaşayın.

Bağçanın rəmzi lenti kəsilir. Uşaqlar üçün yaradılmış şəraitlə tanışlıq başlanır.

 

Köhnə ünvan, təzə bina

 

"Bilik" günü bayramı Simran Ağayev adına Böyük Kolatan kənd tam orta məktəbinin həyətinə xeyli adam toplaşmışdı. 429 şagird, 35 müəllimin tədrisə başlayacağı bu ilin ilk günü kənd ictimaiyyəti, müəllim və şagirdlərin - əsaslı təmir olunmuş məktəb binasının sevincini yaşayanların ovqatı əsil bayram ab-havasına köklənmişdi. Fərəh hədsiz, sevinc ikiqat idi. Əsaslı təmirinə keçən il başlanmış 624 şagird yerlik tədris ocağının 26 sinif otağı, idman, akt zalları və digər köməkçi binaları təmir olunduqdan sonra yaraşıqlı məktəb binası göz oxşayır, könül açırdı.

Uğurlu təhsil ənənələri olmuş Kolatan məktəbi Azərbaycan elminə Zəbərxan Əliyev, Anar İsgəndərov, İmamverdi Həmidov kimi  tanınmış alimlər vermişdır. Odur ki, əsası 1975-ci ildə qoyulmuş Böyük Kolatan tam orta məktəbi bu gün, necə deyərlər, alnıaçıq, üzüağ qapılarını müəllim və şagirdlərin üzünə açmışdı.

Tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Astan İbişov kolatanlıları təbrik edib, müəllim və şagirdlərə yeni təhsil uğurları arzuladı.

Məktəbin direktoru Ağamirzə Müslümov isə çıxışında yeniləşən təhsil ocağını ölkə rəhbəri və RİH başçısının el-obaya töhfəsi kimi dəyərləndirdi. Dövlət rəhbərinin qayğı və diqqəti, yerli hakimiyyətin təşkilatçılığı ilə əsaslı təmir olunan məktəbin inşasında zəhməti olan hər kəsə dərin minnətdarlıq hissi bildirdi.

Kənd ağsaqqalı Adil Məmmədov sakinlər adından bu möhtəşəm binanı yenidən ərsəyə gətirib, müəllim və şagirdlərin ixtiyarına verdiyi üçün ölkə və rayon rəhbərliyinə minnətdarlıq etdi.

Millət vəkili Elmira Axundova "Bilik" günü münasibətilə müəllim və şagirdləri, valideynləri təbrik etdi. Qeyd etdi ki, vaxtilə bu məktəbin əsaslı təmiri planda yox idi. Lakin rayon icra hakimiyyəti başçısı Rafil Hüseynovun təşəbbüsü və daxili imkanlar hesabına  layihə reallaşdırıldı.

RİH başçısı Rafil Hüseynov fərəhini kənd ictimaiyyəti ilə böldü:

-Hamınızı təbrik edirəm! Sizinlə görüşümdə söz vermişdim ki, kənddə həkim məntəqəsi, yol-abadlıq işləri, çay sahələri və məktəb binası ilə bağlı məsələləri növbəli şəkildə tənzimləməyə çalışacağıq. Məncə deyilənlərin əksəriyyətinə nail olmuşuq. Bütün bunlara görə ölkə rəhbəri cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildirməliyik. İnşaatçılarımızın zəhməti sayəsində əsaslı təmir olunmuş bu gözəl və yaraşıqlı məktəbi qorumaq, onun qayğısına qalmaq sizlərin – müəllim və şagirdlərin öhdəsindədir.

Daha sonra lent kəsildi. İlk zəngin sədaları altında hamı kabinetlərə daxil oldu. Millət vəkili  Elmira Axundova şagirdlərə hədiyyələr verdi.