Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil HÜSEYNOVUN Təzəkənd kəndində səyyar qəbulu

18 Sentyabr 2014 13:00 (UTC+04:00)

Suya ehtiyac var

 

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Təzəkənddə səyyar qəbuldan öncə Rövşən Nəbiyev adına tam orta məktəbin yeni dərs ilinə hazırlıq işləri ilə tanış oldu. Məktəb həyətində keçirilən görüş-qəbulu açan rayon rəhbəri dedi:

-Bu gün sizin qayğı və istəklərinizlə tanış olmağa gəlmişəm.

Birinci söz alan ərazi baytarlıq məntəqəsinin həkimi, kənd sakini Mirtağı Əmənov rayon rəhbərini salamladı. Bildirdi ki, havalar quraqlıq keçdiyindən əkin-biçini suvara bilməmişik. Məhsuldarlıq aşağı düşüb. Mal-qara susuzluqdan korluq çəkir. Həyətlərdəki quyulardan da su, demək olar, tamamilə yoxa çıxıb.

Sözçü kənd sakinlərinin adından xahiş etdi ki, Viləşin  suyu əvvəlki kimi "Bala dəniz"ə tökülsün.

Sərdar Səfərov və Azad Əhmədov da su problemilə əlaqədar müraciət etdilər.

R. Hüseynov mal-qaranın suya olan ehtiyacını necə həll etmək olar? – deyə aidiyyatı idarə rəhbəri Ağabəy Ağayevdən soruşdu. O, bu suala aydınlıq gətirdi.

Təbiət üzrə mütəxəssis Ağacavad Mehdiyev "Bala dəniz" ərazisinə suyun gətirilməsindən söz açdı. Yenidən su probleminə aydınlıq gətirən rayon rəhbəri R. Hüseynov dedi:

-Su veriləcək...

 Kənd sakini Fuad Ağayev rayonda görülən işləri təqdir edib ərazidəki 1 kilometrlik yolun asfaltlaşdırılması üçün kömək edilməsini xahiş etdi.

Rayon icra hakimiyyəti başçısı  dedi:

-Rayonda 9 istiqamətdə 40 kilometr yola asfalt döşənib. Üst-üstə yığılıb qalmış problemlər yoluna qoyulur. Qazpaylaşdırma da ölkə rəhbərinin xüsusi nəzarətindədir. Yol da çəkiləcək.

Kənd sakini Nafis Tağıyev sosial yardımla əlaqədar, Niyazəli Quliyev isə həyat yoldaşına pensiya təyin olunmasında kömək  göstərilməsi barədə müraciət etdilər.

Kənd sakini Zabil Məcidov və ərazi nümayəndəsi Hüseyn Əliyev dolanışıq və cavanların  təlim-tərbiyəsindən danışdılar.

Rayon icra hakimiyyətinin  başçısı  Rafil Hüseynovun 13 noyabr 2013-cü ildə Təzəkənd ərazisində vətəndaşlarla görüşündə irəli sürülən təkliflər icra olunmuşdur. 2015-ci ildə isə Təzəkənd ərazisində görülməsi nəzərdə tutulan işlər – içməli su və qaz xəttinin çəkilməsi, ərazi nümayəndəliyi üçün  inzibati idarə binasının tikilməsi, mərkəzi yolun asfaltlaşdırılması, kəndarası yolların təmiri və ərazidə elektrik  dirəklərinin dəyişdirilməsidir.

R. Hüseynov  yekunda dedi:

-Hər bir təklif və şikayət qanun çərçivəsində həll olunmalıdır və olunur. Çünki bunların hər birinin arxasında canlı insan  – siz durursunuz. Su barədə cənab Prezidentə vaxtaşırı məlumat verilir. Ona görə biz bu işlərə məsuliyyətlə yanaşırıq.

Təzəkənddə qaldırılan məsələlər nəticəsiz qalmayacaq, həllini tapacaq. Su haqqında təkliflər yerinə yetiriləcək. Qanuna hamı tabe olmalıdır. Erkən nikahlar barədə danışan rayon rəhbəri belə hallarla mübarizənin ciddi aparılmasını tövsiyə etdi.