Dollar yenidən bahalaşmağa başlayır

19 Sentyabr 2014 08:28 (UTC+04:00)

Atılan son addımlar fonunda ABŞ-ın dolların bahalaşmasında maraqlı tərəfl olduğu daha aydın görünür. Belə ki, ABŞ Federal Rezerv Bankı faizi uçot dərəcələrini uzun müddət sıfıra yaxın səviyyədə saxlayacağını bildirib. Bank aylıq maliyyə aktivlərinin (istiqrazları) alışlarını 7-ci dəfə daha 10 milyard dollar azaldaraq 15 milyard dollara endirib. Bütün bunlar isə artıq bazarlarda dolların avro, yuan və digər valyutalarla nisbətdə bahalaşmasına rəvac verib və prosesin davam etməsi gözlənir. Mütəxəsisslərin fikrincə, dolların Azərbaycanda da bahalaşacağı gözləniləndir.

İqtisadçı-ekspert Samir Əliyev "Mövqe"yə bildirdi ki, ötən il ABŞ ayda 85 milyard dollar çap edirdi: "Onun bir hissəsinə özü öz istiqrazlarını alırdı. 40 milyardını isə ipoteka bazarına göndərirdi. Bunun da nəticəsində dollar kifayət qədər ucuzlaşmağa başlamışdı. Keçən il qərar qəbul olundu ki, istiqraz alışı 10 milyard azalsın. Hazırda 15 milyard dollara çatıb. ABŞ-ın bu addımı dövriyyəyə əlavə dolların buraxılmasını məhdudlaşdırır və ucuzlaşmasına imkan vermir. İndi isə ABŞ pul çapını dayandırıb. Digər tərəfdən Avropa da ABŞ-ın atdığı addımı atmağa başlayıb. Dövriyyəyə əlavə pul kütləsi buraxır. Yəni, bir tərəfdən avronun ucuzlaşması, ikinci tərəfdən də dolların bahalaşması gözlənilir".

Ekspertin əlavə etdi ki, manat dollara əsasən hədəflənib: "Manatın avroya birbaşa kusru yoxdur. Dünya bazarında dolların avroya məzənnəsi necə dəyişirsə, Azərbaycanda da manatın avroya məzənnəsi o formada dəyişir. Mərkəzi Bank uzun müddət sabitlik siyasəti yürüdə bilib. Manatın dollara münasibətdə kursunun dəyişməsinə imkan vermir. Qlobal böhran zamanı manatın ucuzlaşması təhlükəsi var idi. Mərkəzi Bank buna imkan vermədi. Ancaq son illərdə manat bahalaşıb. Amma Mərkəzi Bank bunun da genişlənməsinə imkan vermir. Uzun müddətdir ki, manatın dollarla kursu demək olar ki, sabit qalıb. İl ərzində manatın kursunda çox cüzi bahalaşma olur. Amma dünya bazarında dolların kursunun bahalaşması yaxın dövr üçün Azərbaycanda heç bir dəyişikliyə səbəb olmayacaq. Mərkəzi Bank buna imkan verməyəcək. Bu, neftin qiymətində asılıdr. Neft indiki səviyyədə qalarsa, heç bir dəyişiklik olmayacaq. Əgər neftin qiyməti ucuzlaşarsa, Mərkəzi Bank öz siyasətinə yenidən baxa bilər".

Digər iqtisadçı ekspert Məhəmməd Talıblı qəzetimizə bildirdi ki, Rusiya sanksiyalara cavab olaraq xarici ticarət əməliyyatlarında dollardan imtinanı tələb edir: "ABŞ isə dolların mövqeyinin möhkəmlənməsi və dünyada dönərli valyuta olaraq istifadəsi ilə bağlı ciddi addımlar atır. ABŞ dollarının bu formada möhkəmlənməsi, Federal Rezerv Sisteminin uçot dərəcələrinin sıfır səviyyəyə endirməsi ondan xəbər verir ki, ABŞ monetar siyasət hesabına pul-kredit siyasətini daha çox effektiv etmək istəyir. Məqsəd, valyuta müharibəsində ABŞ dollarının udmasıdır. Amma bu vəziyyətin davam etməsi ABŞ dolları üçün əlavə vəsaitlərin xərclənməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, dolların möhkəmlənməsi ABŞ-ın monetar siyasətinin əsas hədəflərindən biridir".

İqtisadçı qeyd etdi ki, Azərbaycan xarici əməliyyatlarını daha çox ABŞ dolları ilə aparır: "Dolların Azərbaycanda da möhkəmlənməsi gözləniləndir. Qərb dünyasındakı mövcud vəziyyət yenə də avronun və dolların mövqeyini möhkəmləndirəcək. Uçot dərəcələrini sıfıra endirilməsi Rusiyanın maliyyə bazarının vurulmasına hesablanıb. Bu vəziyyətdə dolların mövqeyi rubl üzərində möhkəm olmalıdır. Ona görə bundan sonra da ABŞ Federal Rezerv Bankı daha fərqli qərarlar qəbul edəcək ki, müəyyən zaman kəsimində dolların hökmran mövqedə olsun" .