Ermənistanda yeni hakimiyyət çevrilişi

19 Sentyabr 2014 08:31 (UTC+04:00)

Ermənistanda müxalifət yeni etiraz aksiyasına başlayır. Belə ki, Ermənistan müxalifəti ölkədə gözlənilən Konstitusiya islahatları ilə bağlı mitinq təyin edib. Ermənistan parlamentində təmsil olunan üç müxalifət partiyası – "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və"İrs" oktyabrın 10-da etiraz aksiyası keçirməyi planlaşdırırlar.

"Çiçəklənən Ermənistan" təmsilçisi Nairi Zöhrabyan bildirib ki, "Daşnaksutyun" Partiyası mitinqə qatılmayacaq. Həmçinin 3 partiyanın bölgələrə planlaşdırdığı səfərlər də "Daşnaksutyun"suz keçəcək. N. Zöhrabyan qeyd edib ki, bölgələrə səfər zamanı müxalifətin Konstitusiya islahatları ilə bağlı 12 maddəlik tələbləri seçicilərin müzakirəsinə təqdim olunacaq. Gözlənilən islahatlara görə, Ermənistan prezident idarə-üsulundan parlament respublikası quruluşuna keçəcək.

Qeyd edək ki, Ermənistanın məhz 10 oktyabrda Minsk sammitində Avrasiya Gömrük İttifaqına qoşulması gözlənilir. Belə iddialar da səslənir ki, yeni mitinqlər Ermənistanda həm də hakimiyyət dəyişiklyiən gətirib çıxarmaq iqtidarındadır.

Politoloq Elşən Manafov məsələyə belə münasibət bildirir: "Ermənistanda hakimiyyət çevrilişinin baş verib-verməyəcəyi məsələsi ətrafında müxtəlif fikirlər səslənir. Bu çevrilişin qarşısını almağa məsul olan qurum birinci növbədə Ermənistan hakimiyyətinin özüdür. İkinci bir tərəfdən isə Rusiya. Güman edirəm ki, Ermənistanda hakimiyyət çevirilişini həyata keçirmək istəyən qüvvələr bütün hallarda qərbyönümlü qüvvələrdən ibarətdir. Amma Ermənistan müxalifətinin 80-90 faizi Rusiya ilə bağlı müxaliflərdir. Bu ölkədə Qərblə bağlı müxalifətin nə ciddi sosial bazası var, nə də hələlik Qərbdən ciddi siyasi, xüsusən də maliyyə dəstəyi alırlar. Günümüzə qədər bu belədir. Ermənistan müxalifətinin etiraz aksiyalarının gerçəkdən çevrilişlə nəticələnib,-nəticələnməyəcəyi haqqında müxtəlif fikirlər söyləmək olar. Çevrilişin baş verəcəyi halda Qərblə bağlı siyasi institut və partiyaların hakimiyyət başına gəlməsi, hər halda belə bir fikir səsləndirməyə əsas verə bilər ki, Qərb perspektivdə gerçəkdən Ermənistanı Rusiyanın təsir dairəsindən çıxara bilər. Bunun üçün ilk növbədə Qərbin dəstəyilə hakimiyyətə gələn qüvvə onların təklif etdiyi islahatları həyata keçirməli, Ermənistanın Türkiyəyə olan ərazi iddialarından imtina etməli, onunla diplomatik münasibətlər bərpa olunmalıdır. Eyni zamanad Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bölgədə Qarabağ və digər bu tip münaqişələr qaldıqca, burada tam sabitlik bərpa olunmayınca, Avropanın enerji təminatında strateji əhəmiyyət kəsb edən kəmərlər üzərində təhlükə də qalır. Bu halda Qərb çalışacaq ki, Ermənistanda Azərbaycanla danışıqlar masasına oturan və bu zaman Qarabağ probleminin həllinə gətirib çıxaracaq komponentlərin hər iki tərəfdən nəzərə alınmasına gedən siyasi qüvvə hakimiyyətə gəlsin. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun. Əlbəttə, ancaq bu halda Qərb Ermənistanı da bölgə ilə bağlı layihələrə cəlb edəcək. Qərbdə bilirlər ki, Ermənistanın Avropaya tam mənada inteqrasiyasına nail olmadan, bu ölkəni həmin prosesə cəlb etmək mümkün olmayacaq. Amma bir mühüm amil var ki, onu da heç zaman yaddan çıxarmaq olmaz. Ermənistanda Qərblə bağlı siyasi institut və partiyaların çevriliş həyata keçirmək cəhdləri minimumdur. Çünki, Ermənistan Rusiyanın forpostudur, onun müttəffiqidir, burada Kremlin hərbi bazaları var. Rusiya heç bir vəchlə imkan verməz ki, özünün Cənubi Qafqazdakı əsas müttəfiqi olan Ermənistanda Qərbin dəstəyini alan hansısa qüvvə hakimiyyətə gəlsin. Rusiya buna Ukraynada yol versə də, hər halda, bu ölkənin parçalanmasına nail oldu. Ermənistanda bu hadisə baş verərsə, ilk öncə bu, Rusiyanın Yaxın və Orta Şərqə dəhlizinin bağlanmasına, perspektivdə Rusiyanın Suriyadakı bazalarının çıxarılmasına səbəb olacaq. Bütün bunlara əsasən güman edirəm ki, Ermənistanda Qərblə bağlı olan müxalifətin çevriliş etmək cəhdləri sıfıra bərabərdir".

Qarabağ Azadlıq Təşkilatınan (QAT) sədri Akif Nağı isə düşünür ki, hələlik Ermənistan daxilində Sarkisyanı istefaya məcbur etməyin konturları görsənmir: "Payızda Ermənistanın hazırda hansı yolu seçəcəyi Rusiya ilə Avrasiya İttifaqında olacağı, ya da Avropaya inteqrasiya yolunu seçəcəyi bəlli olmalıdır. Hələlik, Ermənistan hər ikisi ilə əlaqələri saxlayır. Bu ölkədə həm Rusiya, həm də Qərblə bağlı qüvvələr var. Həmin məqamdan da istifadə etməyə çalışırlar. Gələn ay Ermənistan Gömrük İttifaqına qoşulmaqla bağlı sənədi imzalayacaq. Bu hadisənin baş verməsindən isə təbii ki, Qərbdə narahatdırlar. Ona görə də Ermənistandakı qüvvələrini hərəkətə gətirməyə çalışırlar. Amma hesab edirəm ki, hələlik Ermənistanda kütləvi aksiya keçirməyə və hakimiyyəti dəyişməyə qadir olan ciddi siyasi qüvvə yoxdur. Sarkisyan əleyhinə aksiyalar keçirilsə də, kütləvi şəkildə əhalini ayağa qaldırmaqla, Sarkisyanı istefaya məcbur etməyin konturları hələlik görünmür".

Həmsöhbətimiz qeyd etdi ki, Ermənistan daxilində çaxnaşmaların olması, hakimiyyət böhranının yaranması Azərbaycanın xeyrinədir: "Amma, hansısa yeni bir qüvvənin Ermənistanda iqtidara gəlməsi ilə onun Qarabağ məsələsində yumşaq mövqe tutacağı tezisilə razı deyiləm. Bəziləri, Levon Ter-Petrosyanın məhz yumşaq mövqe tutacağı qənaətindədirlər. Amma o da 1997-1998-ci illərdə sülh müqaviləsini imzalamağa hazırlaşan zaman çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı. Bu fonda, yenidən Petrosyanın gəlib, Qarabağ münaqişəsinin həllində addım atacağı inandırıcı səslənmir. Çünki, hazırda Ermənistanda Qarabağ məsələsində güzəştə gedəcək siyasi qüvvə yoxdur. Qərb tərəfdən də bu mövqe sezilmir ki, onların xətti ilə hakimiyyətə gələn siyasi lider Qarabağ məsələsində güzəştə getsin. Hakimiyyət dəyişib, yenidən Rusiyanın adamı iqtidara gəldikdə də, vəziyyət dəyişməyəcək. Ona görə də, Ermənistanda siyasi sabitliyin pozulmasından Azərbaycan o mənada yararlana bilər ki, işğalçı ölkədə hakimiyyət böhranı baş versin, qarşıdurma olsun və bu mənada İrəvanın mövqeyi zəifləsin. Yəni zəifləmiş rejimin hakimiyyətə gəlməsindən Azərbaycan yararlana bilər. Başqa bir halda, Ermənistanda hakimiyyətin dəyişməsinin Qarabağ məsələsinin həllinə kömək edəcəyi versiyası aldadıcı tezisdir".