“Nazirlər kimi deputatlar da rayonlara gedib vətəndaşları dinləməlidir”

18 Sentyabr 2014 18:57 (UTC+04:00)

Milli Məclisin Sosial siyasət komitəsinin bu gün keçirilən iclasında millət vəkili Yaqub Mahmudov maraqlı təkliflə çıxış edib. 

Deputat bildirib ki, prezidentin tələbi ilə nazirlər rayonlara gedir, əhalinin şikayətlərini dinləyirlər: "Mən bu baxımdan təklif edirəm ki, bizim komitə, Hadi Rəcəblinin başçılığı ilə ayrı-ayrı qruplar halında rayonlara səfər edək, insanlarla görüşək, sosial ehtiyaclarını öyrənək. Bilək ki, insanlar nədən narazıdır. Çünki qanunlardakı boşluqları xalq daha yaxşı hiss edir və onların nə kimi təklifləri var. Biz onları öyrənək və yeni qanun layihələri hazırlayaq. Buna çox böyük ehtiyac var. Eləcə də biz deputatlar televiziyalarda verilişlərə çıxmalı, hazırladığımız layihələri insanlara başa salmalıyıq. Daha geniş cəmiyyətə çatdırmalıyıq ki, bütün ölkə bu qanun layihələrinin hazırlanmasında iştirak etsin. 


Millət vəkilinin bu təklifinə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli müsbət cavab verib. O bildirib ki, deputatın bu təklifi nəzərə alınacaq və rayonlarda vətəndaşlarla görüşlər keçiriləcək".