Arıçılıq təsərrüfatları təhlükə ilə üzləşib
20 Sentyabr 2014 23:06 (UTC+04:00)
Göyçay rayonunda arıçılıqla məşğul olan Mahir
Qurbanov deyir ki, bu il hava şəraiti əlverişsiz
keçdiyi üçün indiyədək arılara bal yedizdiriblər. İndi isə əksər
arıçıların bal ehtiyatı tükəndiyi üçün şəkər tozu və müxtəlif
vitaminlər vermək məcburiyyətindədirlər.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Bundan başqa,
yazda dolu nəticəsində arıların ölməsi də onların qışlamasını
çətinləşdirib: "Arının qışlaması üçün pətəklərdə kifayət qədər arı
kütləsi olmalıdır ki, onlar özlərini qızdıra bilsinlər. Bu gün o,
arı kütləsi yoxdur. Məsələn, qışa gedəndə pətəkdə 20-30 min arı
olmalıdır. Hazırda isə pətəkdə 3-5 min arı var"
Arıçı bildirir ki, bu sahə ilə məşğul olduğu 30 ildən artıq
müddətdə belə halla rastlaşmayıb. O, hər il bəslədiyi arılardan
700-800 kiloqram bal götürürdüsə, bu il həmin göstərici, demək olar
ki, sıfıra bərabərdir. Mahir Qurbanov deyir ki, indi arıçılar bütün
imkanlardan istifadə edərək, arıları qışdan itkisiz çıxarmağa
çalışmalıdırlar.