Hər sahədə olduğu kimi ölüm, ölənlər və qəbirlər üçün hər doğrunu öyrənmək, doğru qaynaqdan öyrənmək və doğrusunu etmək lazımdır. Buna son dərəcə ehtiyacımız var. Xüsusən də yas mərasimlərində israfçılığın geniş vüsət aldığı indiik vaxtda bu, olduqca vacibdir.
Digər tərəfdən real vəziyyətin təhlili göstərir ki, dəfn işinin təşkili məsələi də həllini tapmalıdır. Bu xüsusda Rusiya təcrübəsini misal gətirilərək, qeyd olunur ki, burada dəfn xərclərinin dövlət tərəfindən ödənilməsi təcrübəsinin Azərbaycanda da tətbiqi mümkündür. Rusiyada belədir ki, müraciət edilən andan etibarən 24 saat ərzində mərhumun ailəsinə dəfn üçün yer göstərilməlidir və dəfnin xərci də çox zaman bələdiyyə və ya dövlət tərəfindən həyata keçirilir. Türkiyədə də eyni mənzərəni görmək olar. Hər hansı bir şəxs ölən zaman, yerli bələdiyyə özü yer ayırır, xərcləri də tamamilə pulsuz qarşılayır. Analoji təcrübənin Azərbaycanda da həyata keçrilməsi zəruri sayılır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin
eksperti Rəşad Həsənov Mövqe.az-a açıqlamasında qeyd edir ki, bu
metoddan bizdə də istifadə olunması əhaliyə yardım üçün
məqsədəuyğun olardı. Lakin hazırda bələdiyyələrin büdcəsi buna
uyğun deyil: "Əslində, tam olaraq belə olmasa da, Azərbaycanda da,
ölüm haqqında şəhadətnamə təqdim edildikdə hökümət tərəfindən
50 manat məbləğində kompensasiya verilir. Lakin bu, Rusiyada edilən
dəstək qədər effektli olmur. Həqiqətən də, son dönəmlərdə yas
mərasimləri ilə bağlı başlamış kampaniyaların çərçivəsində hökümət
hansısa problemi həll edərsə, bu, həqiqətən əhaliyə çox yararlı
olar. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər yas mərasimlərinə
hazırlıqsız vətəndaşlar var və eyni zamanda ölkə əhalisinin
8-10%-ə qədəri dövlət tərəfindən ünvanlı sosial yardım alır,
bununla öz həyatını, güzəranını keçirir, bu, o deməkdir ki, həmin
insanlar sosial yardımdan hansısa formada yığım edib gələcəkdə dəfn
xərclərini qarşılaya bilməz. Eyni zamanda, bir məsələni də
nəzərə almaq lazımdır ki, toylarla bağlı da müəyyən müzakirələr
getməsinə baxmayaraq, əsas problem yaslarla bağlıdır. Bu, onunla
əlaqəlidir ki, yas, ölüm halı fövqəladə haldır və bunu əvvəlcədən
heç kim prqnozlaşdıra bilmir. Buna görə də əvvəlcədən hazırlıq görə
bilmir. Bu, o deməkdir ki, əksər hallarda insanlar bu kimi
vəziyyətlərlə gözləmədikləri halda qarşılaşırlar. Bu vəziyyətdə
təbii ki, dövlət tərəfindən hansısa dəstək yerində olardı.
Azərbaycanda da bunun hansısa formada, bələdiyyələr və ya icra
hakimiyyətinin dəstəyi formasında qanuniləşməsi və belə bir
təcrübənin formalaşması sadəcə, təqdirəlayiq hal ola bilər.
Doğrusu, bu gün üçün belə bir addımın atılacağı hələ gözlənilmir.
Çünki, hansısa qanunvericilik, normativ aktların qəbul edilməsi ilə
bağlı nəsə yoxdur. Lakin gözlənilən bir şeydir ki, gələcəkdə
Azərbaycan Rusiyanın bu təcrübəsindən istifadə etsin. Ümumiyyətlə
götürəndə, bu, Rusiyada olsun, ya dünyanın hansısa ölkəsində olsun,
fərq etməz. Ünvandan asılı olmayaraq, yaxşı təcrübələrdən istifadə
etmək lazımdır. Lakin idniki halda bələdiyyələrin bu vəaitləri
qarşılamağa vəsaitləri çatmaz. Əgər bu yük bələdiyyələri üzərinə
qoyularsa, mütləq məsələlər dövlətdən ayrılan datasiyalar hesabına
həll edilməlidir"
Milli Məclisin
Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəblinin də məsələyə
münasibətini öyrəndik. Millət vəkili belə bir addımın Azərbaycanda
atılmasının bir qədər çətin olacağını düşünür: "Bu varianta
da baxıla bilər. Lakin bizdə şəriət qanunları digər qanunlardan bir
qədər fərqlidir. Birincisi, hamı istəyəcək ki, ölüsü başqa
yaxınlarının qəbrinin yanında basdırılsın. İkincisi, ölü yaxınları
qəbiristanlığın yerini özü seçmək istəyəcək. Bu da başqa
problem yaradacaq. Üçüncü tərəfdən, biri çıxıb deyəcək ki, tutaq
ki, mənə 6225 manat pul ver, mənim yaxınımın baş daşı bahadır. Bu
məsələlər hamısı fərdi xarakter daşıyır. Əslində, biz dəfn
prosesini şəriət qanunlarına uyğun həyata keçirsək, bu, ən uyğun,
ən ucuz,müvafiq variant olar. Düzdür, bələdiyyələrlə də bu
işi həyata keçirmək olar. Lakin dediyim kimi, hərənin bir
istəyi olacaq. Hamını da razı salmaq mümkün deyil. Ona görə də,
burada çox mübahisə, münaqişəli məsələlər olduğundan, onu
tənzimləmək asan deyil".