Adil Qeybulla: "Erkən diaqnozla istənilən xəstəlik müalicə oluna bilər"

22 Sentyabr 2014 18:39 (UTC+04:00)

Müasir dövrdə tibb və texnologiya durmadan inkişaf edir, əvvəllər müalicəsi olmayan xəstəliklərə çarə tapılır. Lakin bu inkişaf müxtəlif xəstəliklərin yayılmasının qarşısını ala bilmir. Dünya Səhiyyə Təşkilatı elan edib ki, son 30 ildə şəkərli-diabet və onkoloji xəstələrinin sayı 2 dəfə artıb.

Ölkəmizdə də son dövrlərdə müalicəsi çətin olan xəstəliklərin artımı müşahidə edilməkdədir və bu da əhali arasında müəyyən narahatlığa səbəb olur. Bəs bu xəstəliklərin artmasının səbəbi nədir? Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə əlaqə saxladıq. Adil bəy əsas səbəbi genetik modifikasiya olunmuş qidalarda görür: "Hazırda qəbul etdiyimiz qidaların çoxu genetik modifikasiya olunmuş (GMO) qidalardır.Genetik modifikasiya bitkilərin, heyvanların genlərində bir və daha artıq elementdə dəyişiklik edilməsi, müxtəlif bakteriyalara, bitkilərə, heyvanlara məxsus genlərin həmin obyektin üzərinə köçürülməsi yolu ilə baş verir.Gen mühəndisliyi texnologiyalarından istifadə edilməklə meyvə və tərəvəz məhsullarına, bitkilərə müxtəlif yöndə təsir göstərilir. Genetik modifikasiya bəzən bitkinin tərkibindən onun çürüməsini təmin edən elementin çıxarılmasından ibarət olur. Belə olduqda məhsul normal temperaturda aylarla görünüşündə heç bir dəyişiklik olmadan qala bilir. Nəinki un məhsulları, hazır qidalar və şirniyyatlar, hətta meyvə-tərəvəzlər, fermer məhsulları da GMO məhsullarıdır. Bu qidaların qəbulu insanlarda qorxulu xəstəliklərlə mübarizə hüceyrələrini zədələyir və biz xəstəlik qarşısında mübarizə apara bilmirik". Adil bəy bu kimi halların qarşısını almaq üçün ölkə nəzarətinin gücləndirilməsini lazım bilir: "Ölkədə idxal olunan və xaricdən gətirilən qidalara nəzarət olmalı, bu ərzaqlar mövcud standartlara cavab verməlidir".

Bəs xəstəliklərdən qorunmaq üçün nə etməliyik? Adil bəyin məsləhətlərini təqdim edirik: "Unutmamalıyıq ki, hər birimiz özümüzün həkimiyik. Xəstəliyin vaxtında diaqnozu o xəstəliklə mübarizəni daha da asanlaşdırır. Bu səbəblə illik müayinədən keçməyi unutmamalıyıq. Bununla yanaşı,

1.Stressdən uzaq durmalıyıq

2.İdeal kilomuzda olmalı, kökəlməkdən qaçınmalıyıq

3.İçki, siqaret kimi pis vərdişlərdən uzaq durmalıyıq

4.Təbii qidalarla qidalanmalı, süni qidalardan uzaq durmalıyıq. Xüsusilə də fastfood və qızartmalardan.

5.Yuxu rejimimizi qaydaya salmalıyıq

6.İdmanla müntəzəm məşğul olmalıyıq. Hər gün ən az 20 dəqiqə açıq havada gəzməliyik

Düşünürəm ki, bu məsləhətləri yerinə yetirməklə insanlar daha uzun və sağlam ömür yaşaya bilərlər".