Yas çadırları yığışdırılır?!

23 Sentyabr 2014 10:52 (UTC+04:00)

Ölkədə keçirilən yas mərasimlərinin tənzimlənməsi üçün hazırda konkret addımlar atılır. Lakin yenə də bütün məsələlər tam şəkildə həllini tapmayıb. Bunlardan biri də yas çadırları ilə bağlıdır. 

Məlumdur ki, belə mərasim çadırlarını harda gəldi quraşdırılması halları geniş yayılıb. Əsasən binaların qarşısında, yol kənarlarında və hətta maşınların hərəkət etdiy yollarda bu çadırlar qurulur. Nəticədə həmin yollarda avtomobillərin hərəkəti dayandırılır. Belə fikirlər də səslənir ki,  Bakıda xeyli sayda mərasim evlərinin tikilməsinə ciddi ehtiyac var. Xeyir-şər evləri nə qədər çox olsa, yollarda qurulan yas çadırlarının da sayı bir o qədər az olar. 

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev Mövqe.az-a açıqlamasında bildirir ki, yas çadırlarını birdən-birə ləğv eləmək düzgün olmazdı: "Çünki bu, uzun zamandır artıq  bir ənənə kimi formalaşıb. Amma əgər yas mərasiminin keçirilməsi dövlət, ya bələdiyyələr tərəfindən təşkil edilərsə,  bu problemlər aradan qalxacaq. Amma əvvəlcə bunun üçün bələdiyyələrin özlərinin yas mərasimini keçirməyə obyektləri olmalıdır. Amma indiki şəraitdə qarışıqlığın qarşısını almaq üçün yas çadırları qurularkən, onların yeri bələdiyyə və icra hakimiyyətiləri ilə razılaşdırılaraq müəyyənləşdirilməlidir. Amma birdən-birə yas çadırlarını yığışdıra bilmərik. Bu, əksinə, əlavə problemlər ortaya çıxaracaq".

İlahiyyatçı Elşad Miri isə məsələyə belə münasibət bildirdi: "Bugünkü yas mərasimlərinin təşkil olunmasında məqsəd insanların orda dini maarifləndirilməsi, mütərəqqi fikirlər aşılanması deyil. Bunlar hamısı müəyyən biznes məqsədlərinə xidmət edir. Yas çadırlarının yığışdırılması mənim çoxdandır gözlədiyim məsələ idi. Amma burdan yığışdırılıb başqa yerə köçürülməsi də məqsəduyğun deyil. Bununla dəyişən heç nə olmayacaq. Yenə də eyni məqsədlər güdüləcək. Əslində, İslam dinində yas mərasimi anlayışı yoxdur. İslama görə, bir insan öləndə ona 3 günə qədər yas saxlamaq olar. Düzdür, ölünün yaxınlarını ziyarətə, baş sağlığı verməyə gələnlər ola bilər. Lakin  xüsusi mərasim qurmaq, orda molla gətirtmək, ölü üçün Quran oxumaq, ağlaşma qurmaq, mərsiyə demək və s. bunların dinə aidiyyatı yoxdur və olmayıb da. Dinə görə, insan öldüyü zaman meyid yuyulur, kəfənlənir, cənazə namazı qılınır və dəfn edilir. Bundan başqa olanların ölüyə faydası yoxdur ki, diriyə zərəri var. Ölü yaxınları bundan həqiqi mənada zərər çəkirlər. Bunlar İslamın mahiyyətinə uyğun məsələlər deyil".

Yuxarıda qeyd olunduğu kimi xeyir-şər evləri nə qədər çox olsa, yollarda qurulan yas çadırlarının da sayı bir o qədər az olar. Hesab olunur ki, bu işlərin həyata keçirilməsində bələdiyyələrin üzərinə mühüm işlər düşür. Hələlik isə  yas məclislərində israfçılığın qarşısının alınması ilə bağlı verilən tövsiyə və çağırışlar öz müsbət bəhrəsini verməkdədir. Artıq rayonlardla, paytaxtın bəzi yerlərində, eləcə də bölgələrdə insanlar ehsan süfrələri açarkən təmtəraqdan qaçırlar. Digər bir məsələ isə qəbirstanlıqlarda qəbir yerlərinin baha qiymətə satılmasıdır. Bunun qarşısın almaq üçün məlumatlara görə, dəfn işinin təşkili ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılacaq. Dəfn işinin pullu və yaxud dövlət hesabına həyata keçirilməsi əsas müzakirə mövzusudur.