Bu layihəsi ilə öz sözünü deyəcək !

24 Sentyabr 2014 11:40 (UTC+04:00)

Tarzən Humay Qədimova musiqili layihə üzərində çalışır. Sənətçi yaxın zamanlarda tar, ud, milli saz, aşıq musiqisi, özünün vokal ifası və poeziyanın vəhdətindən ibarət layihəni ictimaiyyətə ərməğan edəcək. Bu tandemə Humayın sənətçi dostları da öz tövhəsini verəcək. Proses başa çatmadığından detalları açıqlamayan H.Qədimovanı fikrincə, burada həm milli, həm də müasir zövqlər tamamlanacaq.

"Bu layihə ilə "Humay tar çalırdı, keçdi ifaçılığa" kimi fikirlərə də son qoyulacaq. Bir sözlə, layihə peşəkar səviyyədə təqdim olunacaq" – Mövqe.az-a açıqlama deyən H.Qədimovadan gələcəkdə tar və simli alətlərdən ibarət ansambl yaratmaq ideyasının olduğunu xəbər aldıq. Xatırladaq ki, Natiq Şirinovun öz adını daşıyan qrup, nağara alətinin təkcə ansamblın tərkibində yox, böyük heyətlə böyük səhnələrdə ifasını coşqulu şəkildə nümayiş etdirir. Humay isə düşünür ki, tarın təqdimatında hələ qatı açılmayan layihələr görmək mümkündü:

"Tar milli alət sayıldığından, eyni zamanda imkanları məhdud çərçivədə olduğundan, onunla istənilən layihəyə imza atmaq cəsarət tələb edir. Mən bu baryeri dəfələrlə aşa bilmişəm. İddiada olanlara da, bunu əyani sübut etmişəm. Tarın nəyə qadir olduğunu bilirəm. Repertuarı bu nöqteyi nəzərdən, eyni zamanda bu günkü nəslin tələbatını nəzərə alaraq, qurmaqda davam edirəm. Natiq Şirinovun qrupundan söz düşdüsə, deyim ki, nağara vaxtilə ansamblın tərkibində çalınırdısa, bu gün ona tək ritm tutan alət kimi baxılmır. Böyük səhnələrdə tamaşaçıları coşdura bilən kompazisiyalar səsləndirir. Tarın imkanı isə bir başqadır. Onunla istənilən şounu yaratmaq mümükün deyil, amma peşəkar səviyyədə yanaşanda, elə bir əsər çalmaq olur ki, musiqini duyan və duymayan, bu coşquya həsəd aparır. Mən milli dəyərlərimizi qorumaq şərti ilə, eyni zamanda, müasir tələbləri nəzərə alaraq, növbəti layihələrimdə bu coşqunu yatarmaqda davam edəcəm".