Azərbaycan Almaniyaya nota verib
24 Sentyabr 2014 13:22 (UTC+04:00)
Almaniya Bundestaqının deputatları Manfred Qrund
və Albert Vaylerin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri
ilə bağlı Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi
Almaniya Federativ Respublikasının Bundestaqına məktubla, Xarici
İşlər Nazirliyinə isə nota ilə müraciət edib. Bu barədə Trend-ə
Almaniya Bundestaqının deputatlarının və Fransa Senatının
nümayəndəsinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə
əlaqədar XİN-in Mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən
Hikmət Hacıyev məlumat verib.
H.Hacıyev bildirib ki, səfirliyin notasına
cavabında Almaniya XİN-in rəsmisi bildirib ki, AFR hökumətinin
Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyi dəyişməyib və AFR
Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi hesab
edir.
AFR XİN-in rəsmisi əlavə edib ki, Almaniya XİN-i
Bundestaqa daim belə səfərlərdən çəkinməyə çağıran və işğal
altındakı Azərbaycan ərazilərinə qanunsuz səfər edənlərə qarşı
Azərbaycanın prinsipial yanaşması haqqında məlumatlandıran
müraciətlər edir.
Almaniya Bundestaqı səfirliyin məktubuna cavabında
bildirib ki, sözügedən deputatların səfəri Almaniya Bundestaqının
adından həyata keçirilmiş səfər hesab edilə bilməz və səfərlə bağlı
xərclər Bundestaq tərəfindən ödənilməyib.
Həm Almaniya XİN, həm də Bundestaq bu səfərin
deputatların şəxsi təşəbbüsü əsasında baş verdiyini bəyan
ediblər.
Azərbaycanın Fransadakı səfirliyi tərəfindən də
Fransa senatının nümayəndəsinin işğal olunmuş ərazilərimizə səfəri
ilə əlaqədar KİV-də 23 sentyabr tarixində verilən məlumat
araşdırılacaq və zəruri tədbirlər görüləcəkdir.
Azərbaycan Respublikasının razılığı olmadan işğal
olunmuş Azərbaycan ərazilərinə səfərlər Azərbaycan Respublikasının
"Dövlət Sərhədi haqqında" qanununun pozulmasıdır. Bu kimi şəxslər
Azərbaycan Respublikası tərəfindən "arzuolunmaz şəxslər" siyahısına
daxil edilirlər.
Azərbaycan Respublikasının qanunlarına və
beynəlxalq hüquqa zidd olaraq, Azərbaycanın işğal olunmuş
ərazilərinə səfər edən şəxslər öz məsuliyyətlərini dərk
etməlidirlər ki, onlar separatizm, etnik təmizləmə, insaniyyətə
qarşı cinayətlər, işğal və təcavüzün təşviqinə rəvac verməkdə rol
oynayırlar. Eyni zamanda bu şəxslərin əməlləri humanizm
prinsiplərinə və beynəlxalq humanitar hüquqa zidd olaraq, işğal
olunmuş ərazilərdən qovulmuş bir milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünün həssas hisslərinə və hüquqlarına qarşı
hörmətsizlikdir.
Özlərini millət vəkili adlandıran bu kimi şəxslər
eləcə də belə qeyri-humanist və hüquqa zidd əməllərinə görə öz
ölkələrinin seçiciləri qarşısında daşıdıqları məsuliyyəti dərk
etməli və onlara hörmət yanaşmalıdırlar.