Birjalardan uzaq düşən şirkətlərimiz

25 Sentyabr 2014 09:05 (UTC+04:00)

Qərbin sanksiyalarına cavab olaraq Rusiya səhm bazarında da alternativ birja axtarışındadır. Rəsmi Moskva ölkədə fəaliyyət gsötərən şirkətlərin Honkonq birjasına çıxa bilməsi üçün xüsusi proqram hazırlayır. Təbii ki, əsas məqsəd Qərb birjalarından asılılığı azaltmaqdır.

Ekspertlərin fikrincə, Azərbaycanın da eyni praktikadan istifadə etməsi zəruridir. Düzdür, hələlik Azərbaycanın dünya birjalarına çıxacaq şirkətləri çox azdır. Bu fonda vurğulanır ki, ilk növbədə həll olunası məsələ, daxili səhm bazarını stimullaşdırmaqdır. Bundan başqa, Avropa səhm bazarı hələlik daha rentabelli hesab edilir.

İqtisadçı ekspert Natiq Cəfərli məsələ ilə bağlı bildirir: "Rusiyanın 5 minə yaxın şirkətinin qiymətli kağızları dünya birjalarında satışa çıxarılır. Ancaq Azərbaycanın şirkətlərinin elə qiymətləri kağızları yoxdur ki, ABŞ və Avropa birjalarına çıxarılsın. Şirkətlərimizin səhm bazarında öz mövqelərini möhkəmləndirdikdən sonra bu addımın gələcəkdə atılması daha məqsədəuyğun olardı. Həm də yaxın gələcəkdə Azərabycanın Qərbin sanksiyalarla üzləşməsi gözlənilmir ki, belə bir addımın atılmasına zərurət yaransın. Azərbaycan ilk növbədə daxilində qiymətli kağızlar bazarını işlək hala gətirməlidir. Təəssüf ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bəzi pozitiv addımlarına baxmayaraq, Azərbaycanda hələ də normal qiymətli kağızlar birjası fəaliyyət göstərə bilmir. Daxili birjamızı beynəlxalq standartlara gətirməyə çalışmalıyıq. Bunun üçün səhmdar cəmiyyətlərin normal fəaliyyət göstərməsi, onlara nəzarət, dividendlərin vaxtında verilməsi, sağlam rəqabət prinsiplərinə əməl olunması və bu kimi digər işlər görülməlidir ki, daxili birjamız normal fəaliyyət göstərsin. Ondan sonra bizim şirkətlərin qiymətli kağızlarının xarici birjalarda dövriyyəyə çıxarılması üçün şərait yaranar".

Digər iqtisadçı ekspert Yusif Vəliyev hesab edir ki, Rusiyanın bu addımı Avropanın və ABŞ-ın sanksiyalarına əks cavabdır: "Hazırda həmin birjalarda Rusiya şirkətlərinin səhmləri sürətlə ucuzlaşmağa doğru gedir. Rusiyanın bu addımı atması normaldır. Ancaq bunun Avropa birjalarına o qədər də təsiri olmayacaq. Azərbaycan üçün isə eyni addım o qədər məqbul görünmür. Çünki, Azərbaycan şirkətlərinin dünya birjalarında reytinqi o qədər də yüksək deyil. Bir-iki şirkəti çıxmaq şərti ilə yerli bazarda yüksək birja formalaşmayıb. Qiymətli kağız bazarı istənilən səviyyədə formalaşmadığından dünya birjalarına çıxmaq və ya yerdəyişmə etmək hələ tezdir".

Ekspert yerli səhm bazarının zəif inkişafının səbəbini də açıqladı: "İnsanlar səhm almaq yox, ən çox əmlak almağa üstünlük verirlər. Yerli camaatda səhmlərə qarşı fikir formalaşmayıb. Ona görə şirkətlərin özləri də səhmlərini satışa qoymaqda maraqlı deyillər. Ümumiyyətlə, kapital bazarına uyğun hərəkət etməkdə maraqlı deyillər. Yəni, hər iki tərəf – səhmdar cəmiyyət və alıcılar bu işdə maraqlı olduqdan sonra xarici bazarlara çıxış barədə danışa bilərik".