Bacaların təmizlənməməsi yeni ölüm təhlükəsi yaradır

25 Sentyabr 2014 11:20 (UTC+04:00)

Havaların soyuması ilə əlaqədar yaxın tezlikdə mənzillərin qızdırılması üçün təbii qazdan istifadə halları da çoxalacaq. Təbii qazdan istifadə zamanı isə hər mövsüm gündəmə gələn məsələlərdən biri də baş verən zəhərlənmələr və bunun bir sıra hallarda insan itkisinə səbəb olmasıdır. Belə halların artmasına göstərilənyaşanamasına gətirib çıxaran səbəblərdən biri odur ki, vaxtında evlərin, binaların damındakı bacaları təmizlənmir.  Əslində, artıq havalar soyuyana kimi qışa hazırlıq tamamlanmalı, bu təmizlik işləri də görülməli idi. Amma bu işi heç kim görmür. Əvvəllər  təhlükəsizlik qaydalarına uyğun olaraq, qışa hazırlıq tədbirləri zamanı binaların bacaları təmizlənərdi. "Təhlükəsizlik qaydalarına əsasən, hər il "JEK"lərin (Mənzil İstismar İdarələri) birbaşa nəzarəti altında qışa hazırlıq tədbirləri görülürdü. Amma indi bu qaydalara əməl olunmur.  Bu o deməkdir ki, bu il də eyni bədbəxt hadisələrin yaşanma riski var. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Movqe.az-a açıqlamasında bildirib ki, Azərbaycanda sırf bu işə baxan qurum yoxdur: "Bacaların təmizlənməsi tikintinin bir hissəsidir. Çox təəssüflər olsun ki, bizdə bu işi üzərinə götürən bir orqan yoxdur. Azad İstehlakçılar Birliyinin nəzdində komissiya yaradılıbdır. Bu barədə ARNDŞ-ə təkliflər vermişik. Bu işi üzərinə götürən konkret qurum olmalıdır ki, bacaları təmizləsin". 

Qurum sədri istehlakçılarla təchizatçı arasında müqavilələrin bağlanmaması səbəbindən də bu problemin yarandığını deyir: "Nə qədər ki istehlakçı ilə təsisatçı arasında normal müqavilə şərtləri yoxdur, təchizatçı öz üzərinə msuliyyət götürmür, bu vəziyyət davam edəcək. Olan müqavilə şərtləri də bir tərəflidir. Müqavilədə göstərilən odur ki, istehlakçı yalnız və yalnız ödəməlidir. Lakin müqavilə şərtlərində təchizatçının heç bir vəzifəsi yoxdur. Ümumiyyətlə, müqavilə şərtləri əksər hallarda heç bağlanmır. Nə qədər ki, normal müqavilə şərtləri yoxdur, nə qədər ki, ortada sənəd yoxdur və istehlakçı məhkəmə iddiası qaldıra bilmir, təchizatçı öz üzərinə məsuliyyət götürmür, bu vəziyyət davam edəcəkdir". 

"MBA LTD konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov da məsələyə münasibət bildirdi.  Ekspert hesab edir ki, binaların idarə edilməsi bina sakinlərini özlərinin ixtiyarına verilməlidir. Bu məsələlər də onlar tərəfindən həll olunmalıdır:  " Yaşayış binaları sakinlrin idarəetməsinə verilməlidir. Nazirlər Kabinetinin bu barədə müvafiq normativ sənədi də var. Orada qeyd olunub ki, çoxmənzilli yaşayış binaları ordakı mənzil sahibləri  tərəfindən idarəetməyə götürülməlidir. İdarəetmə forması  da sənəddə göstərilib. Belə ki,  müştərək cəmiyyət yaradılır, Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilir, bu cəmiyyət hər hansı bir qurumla müqavilə bağlayır və müqavilə əsasında binada bütün təmir işləri, digər xidmət sahələri idarəetməyə götürülür. Lakin problem odur ki, sənəd olsa da, işləmir. Yalnız bir-iki binadan başqa. 

Bu gün mənzil kommunal təsərrüfat idarələrinin işi yalnız binalara xaricdən nəzarət eləmək, həyətyanı sahələrin süpürülməsi və sakinlərə arayış verməkdən ibarətdir. Yəni onlar binanın digər problemləri ilə məşğul olmurlar. Ona görə də yaxşı olardı ki, binalar orada yaşayan sakinlər tərəfindən idarəeməyə götürülsün və probemləri də onlar həll etsinlər".