Azərbaycanda da ailə həkimi geniş vüsət alacaq

25 Sentyabr 2014 18:02 (UTC+04:00)

Səhiyyə nazirinin müavini bu təcrübənin artıq Azərbaycanda olduğunu deyib

"Ailə həkimi təcrübəsi artıq Azərbaycanda var. Bir neçə ildir ki, biz ailə həkimləri hazırlayırıq". 


Bu sözləri səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. O bildirib ki, əvvəl bu təcrübə pilot şəkildə həyata keçirildi. Bu gün isə ailə həkimi dünya təcrübəsində var: "Azərbaycanda da yəqin ki, xüsusən tibbi sığortanın tətbiqindən sonra ailə həkimi geniş vüsət alacaq".


Qeyd edək ki, artıq Milli Məclisin sosial siyasət komitəsi tərəfindən "Ailə həkimi" haqqında qanun layihəsi hazırlanır. Qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması gözlənilir. 


Qanun layihəsində ailələlərin öz həkimlərini seçməsi ilə bağlı qaydalar öz əksini tapacaq. Burada ailələrin sayına görə maksimum hədd tətbiq edilməyəcək ki, bu da insanlara həkim seçimində sərbəstlik verəcək. Yəni bir həkimi istənilən sayda ailə seçə biləcək. Hər ailə öz həkimini yaşadığı ərazidən seçməlidir. Qanun layihəsində, həmçinin həkimlərin əməkhaqlarının onların peşəkarlıqlarına, pasientlərinə göstərdikləri tibbi xidmətin keyfiyyətinə uyğun olaraq müəyyən edilməsi təklif olunur.


Qanun layihəsinin qəbulu tibbi sığortanın inkişafına da ciddi təkan verəcək. Çünki ailə həkimi ilə tibbi sığorta bir-birilərini tamamlayan sistemdir.