BMT tribunasında Ermənistana vurulan növbəti zərbə

26 Sentyabr 2014 08:05 (UTC+04:00)

Son bir ayda artıq ikinci dəfədir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan tərəfindən Dağlıq Qarabağla bağlı həqiqətlər dünyanın ən nüfuzlu tribunallarında səsləndirilir. Əvvəlcə 4-5 sentyabr tarixində Uelsdə keçirilən NATO-nun zirvə toplantısında çıxış edən Ərdoğan təşkilatın Azərbaycana verdiyi vədləri yerinə yetirməli olduğunu vurğuladı. Dövlət başçısı Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu qeyd etdi. Bu dəfə isə Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalından danışdı.

Siyasi şərhçilərin fikrincə, belə çıxışlar Azərbaycanın mövqelərini bir daha möhkəmləndirir. Ən azından ölkəmizi informasiya müharibəsində önə çıxarmış olur.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli "Mövqe"yə bildirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda rəsmi səfərdə olarkən Dağlıq Qarabağ münqişəsi ilə bağlı həqiqətləri, eyni zamanda NATO-nun sammitlərində qəbul edilmiş müddəaların yerinə yetirilməsi ilə bağlı məsələləri NATO-nun Uels sammitində qaldıracağını qeyd etmişdi: "Rəcəb Tayyip Ərdoğan öz vədini yerinə yetirdi. İndi isə BMT-nin baş məclisinin 69-cu ssesiyası öz işinə başlayıb. Türkiyə prezidenti bu ssesiya çərçivəsində də yaranmış vəziyyətdən istifadə etdi. Qarabağ münaqişəsi ilə bağlı reallıqları bir daha ən yüksək tribunadan bəyan etdi. Cənab Rəcəb Tayyip Ərdoğanın Bakıda səfərdə olarkən səsləndirdiyi fikri bir daha öz əksini tapdı ki, biz olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə Türkiyə var: "Onlar hər zaman qardaş olaraq bir-birini müdafiə edirlər". Rəcəb Tayyip Ərdoğanın bu addımı münaqişənin tənzimlənməsi ilə bağlı prosesə müəyyən qədər müsbət təsir edə bilər. Ən azından o səbəbdən ki, indiki dünyada əsas mübarizə informasiya cəbhəsində gedir. Buna görə də informasiya cəbhəsində qalib gələn tərəf elə qələbə çələngini özü boynuna salır. Dünyanın ən böyük təşkilatı olan BMT müstəvisində Azərbaycanın mövqeyinin Türkiyə tərəfindən müdafiə edilməsi çox müsbət hadisədir. Ancaq belə çıxışlar münaqişənin həllinə nə dərəcədə təsir edə bilər? Bu, çox qəliz məsələdir. Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Uels sammitindən geri döndükdən sonra Respublika Partiyasını topladı. Onların nəzərinə çatdırdı ki, Azərbaycan artıq fərqli müstəvilərdə naliyyətlərə imza atır. Söhbət NATO və AŞPA müstəvisindən gedir. Bu fonda isə Ermənistanın əsas niyyəti ATƏT-in Minsk qrupu formatının saxlanılmasına nail olmaqdır. Digər müstəvilərdə Ermənistan sürətlə uduzur. Ona görə də BMT-də Rəcəb Tayyip Ərdoğanın Azərbaycanın mövqeyini müdafiə etməsi çox müsbət hadisədir".

Politoloq bildirdi ki, Azərbaycan BMT səviyyəsində də öz mövqelərini möhkəmləndirə bilər: "Amma Ermənistana təsir etməklə bağlı BMT-nin 4 qətnaməsi var. Yeni qətnaməyə ehtiyac yoxdur. Həmin qətnamələr işlək vəziyyətə gətirilirsə, bunu uğur hesab etmək olar. BMT nizamnaməsinin 25-ci maddəsində deyilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetrilməsi icbari xarakter daşıyır. Amma Ermənistan bu günə qədər həmin qətnamələri yerinə yetirməyib. Ona qarşı isə heç bir təzyiq göstərilmir. Ona görə də bütün cəbhələrdə Azərbaycan və Türkiyə tərəfdaşları ilə birlikdə öz təbliğat maşınını gücləndirməlidir. Həqiqətləri daha çox paylaşmalıdır. Yəqin ki, o zaman dünya bu həqiqətləri tam dərk edəcək. 21-ci əsrin informasiya əsri olduğunu unutmadan, fəaliyyətimizi daha çox onun üzərində qurmalıyıq. Amma Ermənistana bütün cəbhələrdə ciddi təzyiqlər olmalıdır. Bunlar olmayan təqdirdə Ermənistanın mövqeyini dəyişmək olduqca çətin olacaq. İndiki məqamda beynəlxalq təşkilatların üzərinə çox böyük məsuliyyət düşür. Təcavüzkar cilovlanmsa, daha ağır cinayətlər törətməkdə maraqlı olacaq. Bundan isə qloballaşan dünya əziyyət çəkəcək".