Terrora qarşı mübarizə sərtləşdikcə, terrorçu təşkilatların sayı artır

26 Sentyabr 2014 08:46 (UTC+04:00)

"Boko Haram", "Meşə Qardaşları" "Sadval", "Asala", "Taliban", "Əl-Qaidə", "Əl-Nusra", PKK, İŞİD... Adları artırmaq da olar. Hansı ki, bunlar zaman-zaman dünyanın müxtəlif yerlərində terror aktlarının həyata keçirilməsində məsuliyyətli olan qruplaşmalardır. Bəziləri indi də fəaliyyət göstərir. Maraqlısı odur ki, məlum 11 sentyabr hadisələrindən sonra dünyada terrorizmə qarşı mübarizə sürətlənsə də, terror təşkilatlarının da sayı azalmır. Əksinə, hər il yeni adlar meydana gəlir. Hətta texnologiyanın indiki səviyyəsi, orduların son növ silahlarla silahlandığı bir dövrdə belə İŞİD kimi ən təhlükəli, varlı bir qruplaşmanın meydana gəldiyini gördük. Bundan başqa, artıq dünya mediasında daha təhlükəli "Horasan" terror təşkilatının adı çəkilməkdədir. Terrorçu qrupların sayının və onlarla mübarizənin artması paralelliyi isə burada həm də böyük bir paradoksun olmasını üzə çıxarır. Şərhçilərin fikrincə, bu paralellik ən əsası qruplaşmaların konkret dövlətlər tərəfindən yaradılmasına işarə edir. Elə işin ən pis tərəfi də məhz onların kimlərsə tərəfindən idarə olunmasıdır. Terrorun sərhəd tanımadığını nəzərə alsaq, artan qruplaşmaları ölkəmiz üçün də potensial təhlükə kimi görmək olar. Xatırladaq ki, Azərbaycan terrordan əziyyət çəkən ölkədir.

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki İlham İsmayıl bildirdi ki, terrorçu qruplaşmaların yaranması, fəaliyyət göstərməsi dünya siyasətindəki gərginliklərdən doğur: "Nüvə silahı olmamışdan əvvəl bütün ziddiyyətli məsələləri müharibə yolu ilə həll edirdilər. Artıq böyük müharibələr arxa plana keçdiyinə görə terror önəm kəsb etməyə başlayıb və təzyiq vasitəsinə çevrilib. Yəni, terror qeyri-qanuni təzyiq yoludur. Terrorun yaranması, ona dəstək verilməsi həm də hansısa dövlətlərin marağında olan məsələlərdir. Maraqlı olduqlarından və münasibətlər gərginləşəndə terror təşkilatları hansısa formada artır. Təzyiq vasitəsi kimi terror, həmçinin bəzi insalar üçün gəlir mənbəyidir. Ona görə də artmaları ilə yanaşı, təkmilləşirlər. Hər biri də bir cür təzyiq vasitəsidir. Həmin qrupların maliyyə və silahları hansısa dövlətlərdən, təşkilatdan gəlir. Yəni, istənilən terror təşkilatının arxasında hansısa dövlətin siyasəti dayanır".

Ekspertin fikrincə, bunların fəaliyyətini müvəqqəti dayandırmaq olar: "Sivil dünyanın yeganə metodu onların qarşısının alınmasıdır. Qarşıları alınmasa, onlar sadəcə, klassik terror təşkilatı kimi haranısa partlatmaq yox, tutduqları ərazilərdə dövlət yaratmaq istəyinə düşürlər. Hansı ki, bu gün bunu İŞİD edir. Bunların da qarşını almaq üçün əvvəlcədən terrora qarşı mübarizə aparmaq lazımdır ki, qruplaşmanı yaradan dövlətlərə təsir olsun".

Digər sabiq MTN əməkdaşı Ərəstun Oruclu da hesab edir ki, terror təşkilatlarının yaranmasını doğuran konkret səbəblər var: "Əsas səbəblərdən biri, həmin təşkilatların yarandığı dövlətlərdə kriminal, bir sıra hallarda isə totalitar rejimlərin olmasıdır. Həmin rejimlər resurs, hüquq və azadlıqlar məsələsində bütün cəmiyyəti təzyiq, qorxu altında saxlayırlar. Sonda da bu, radikal meyllərin güclənməsinə təkan verir. Bu da bir bölgədə millətçilik, digər bölgədə dinçilik, digər bölgədə solçu radikalizm şəkildə özünü göstərir. İstənilən radikalizmdə terrora keçid texniki, zamana bağlı məsələdir. Çünki, zorakılıq qarşılıqlı zorakılıq doğurur. İkinci səbəb, cəmiyyətdə ideoloji boşluğun və təhsil səviyyəsinin aşağı olmasıdır. Terror ona zəmin olan cəmiyyətdə yer tapır. Söhbət İslam adından yaraolanmaq istəyən terror təşkilatlarından gedirsə, onların meydana çıxdığı məkanlarda cəhalətin yüksək səviyyədə olmasını görürük. İŞİD-in, "Əl-Qaidə"nin etdiyi işləri həyata keçirmək üçün insanlarda mənəvi boşluq olmalıdır. Bundan başqa səbəblər də var. Məsələn, həmin ölkələrin qlobal siyasətdə olan problemləri sonda terrora gətirib çıxarır".

Ərəstun Oruclunun fikrincə, "terror qruplarının arxasında konkret ölkə, maliyyə, ideoloji dairələri dayanır", deyimləri düzgündür: "Bir neçə şəxsin əlinə silah düşürsə, terror üçün xeyli zəmin yaranır. İŞİD-də belə başlamışdı".