Bakı metrosuna yeni qatarlar alınacaq

25 Sentyabr 2014 18:55 (UTC+04:00)

Bakı Metropolitenində tikilən yeni stansiyalar gələn ildən istifadəyə veriləcək.


Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev anspress-ə açıqlamasında bildirib.


Onun sözlərinə görə, yeni tikilməkdə olan stansiyalar 2015-ci il istismara veriləcək. Həmin stansiyalar dünya standartlarına uyğun, müasir yeniliklərilə digərlərindən seçiləcək.


"Gələn ildən "Memar Əcəmi-2" və "Avtovağzal" stansiyaları istifadəyə veriləcək. Stansiyalar müasir, Avropa standartlarına uyğun şəkildə tikilib. Stansiyada müasir avadanlıqlar, texnikalar quraşdırılıb. Stansiyalar tikilərkən əlillər də nəzərə alınıb. Onlar üçün xüsusi liftlər quraşdırılıb", - deyə Nəsimi Paşayev bildirib.


Yeniliklərdən biri də, metropolitenə təzə qatarların alınması ilə bağlıdır. Bakı Metropoliteni üçün yeni müasir vaqonların alınmasına dair xarici şirkətlərlə danışıqlar gedir.


"Yeni alınacaq vaqonların sayı 15 olacaq. Yəni 3 qatar yeni vaqonlarla xidmət göstərəcək. Həmin qatarlar yalnız açılacaq "Memar Əcəmi-2" və "Avtovağzal" stansiyalarında işləyəcək", - Nəsimi Paşayev bildirib.