Bakı-Tbilisi-Qars dəmir yolunun Marabda-Tetriskaro hissəsi istismara hazırdır
25 Sentyabr 2014 23:16 (UTC+04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
Gürcüstan hissəsində tikinti işləri uğurla davam etdirilir. Ümumi
uzunluğu 184 kilometr olan Marabda-Kartsaxi-Türkiyə sərhədi
ərazisində aparılan işlər dörd mərhələdə həyata
keçirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis"
ASC-dən AzərTAc-a daxil olan məlumata görə,
həmin mərhələlər yolun Marabda-Tetritskaro (29,2 kilometr),
Tetritskaro-Tsalka (49,7 kilometr), Tsalka–Axalkalaki (74,1
kilometr), Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi (26,3 kilometr)
hissələrinin reabilitasiya, rekonstruksiya və tikintisini, həmçinin
Axalkalaki stansiyasının (4,5 kilometr) və Qırxbulaq körpüsünün
(156 metr) inşasını əhatə edir.
İlk üç mərhələ Gürcüstan hökumətinin müvafiq
qurumu – "Marabda Kartsaxi Dəmiryolu" MMC ilə imzalanmış podrat
müqaviləsinə əsasən, "Azəryolservis" ASC tərəfindən icra
olunmaqdadır. 2011-ci ildə "Azəryolservis" ASC-nin Gürcüstan
filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətinin
artırılması üçün zəruri struktur bölmələri
yaradılıb.
Artıq birinci mərhələ üzrə tikintisi yekunlaşan
Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq
yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşıb, bina və
qurğularda son tamamlama işləri başa çatdırılıb.
İkinci mərhələdə Tetritskaro-Tsalka hissəsinin
torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər
tamamlanıb, əsas yol yenidən qurulub. Hazırda rabitə-işarəvermə,
elektrik təchizatı, binaların bərpası və abadlaşdırma işləri davam
etdirilir.
Tikintinin üçüncü mərhələsinə daxil olan
Tsalka–Axalkalaki hissəsində 155 qurğu və körpünün, bina və digər
tikililərin inşası, relslərin döşənməsi yekunlaşıb. Son 5 ayda 70
kilometrdən çox rels döşənib ki, bu da Gürcüstan üçün rekord
nəticədir.
Dördüncü mərhələ çərçivəsində isə
Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsində yol yatağı,
körpülər, suötürücülər inşa olunub, relslər döşənib. Kartsaxi
stansiyasında əsas və stansiyadaxili yolların, Qırxbulaq çayı
üzərindəki dəmir yolu körpüsünün tikintisi
tamamlanıb.
Gürcüstan-Türkiyə sərhədində uzunluğu 4450 metr
olan tunelin tikintisi davam edir. Tunelin Türkiyə ərazisindəki
2560 metrlik hissəsində işlər başa çatıb. Gürcüstan ərazisinə düşən
hissədə isə qazıntı işləri sürətlə davam
etdirilir.
Layihəyə uyğun olaraq Axalkalaki stansiyasında
vağzal binasının tikintisi başa çatmaq üzrədir. Binanın cari ilin
sonunadək təhvil verilməsi nəzərdə tutulur.
Layihənin icrasına ümumilikdə 2000 nəfərdən çox
işçi və 500-dən çox maşın-mexanizm cəlb olunub.