"Tok" vuran anda nə etməli?

26 Sentyabr 2014 11:58 (UTC+04:00)

Gündəlik həyatımızda hər birimiz cərəyan təhlükəsi ilə üzləşirik. 

Evdə olan elektrik naqilləri, ütü, televizor, kompüter və bu kimi ev əşyalarının işləməsi üçün vacib olan cərəyan diqqətli olmadığımız halda, naqilləri nasaz vəziyyətdə saxladığımız müddətdə vurmaq ehtimalı artır. 


İnsan cərəyanı hiss etməsi üçün onu 20-30 volt gücündə cərəyan vurmalıdır. Belə gücə malik cərəyan insanda ağır yaralar qoymaz və həyati təhlükə daşımaz. 30 voltdan yuxarı olan cərəyan axını isə təhlükəli sayılır. Evdə istifadə olunan məişət əşyalarında alternativ axın mövcuddur. Cərəyan vurması ağırlığından asılı olaraq bədəndə yanıq izləri qoyur. Alternativ axın ürək üstündən keçərsə, bu, ürək dayanmasına səbəb olur. Alternativ axınla cərəyan vurması çox asandır. Taxta, plastik və bu kimi maddələr quru olduqda cərəyan qorxusu olmur. Lakin yaş olan bu maddələr cərəyanı daha yaxşı ötürə bilir. 


Terapevt Sona Zeynalovanın sözlərinə görə, cərəyan vurması insan orqanizmi üçün çox təhlükəlidir. Cərəyan əzələlərin spazmına, əzələ qırılmasına, sinirlərin iflic olmasına, tənəffüs mərkəzinin sıradan çıxması və iflicinə, ürəyin dayanmasına, habelə müxtəlif dərəcəli bədən yanıqlarının yaranmasına səbəb olur. Elə evlər var ki, orda elektrik naqilləri binaların üstündən, blokların içindən keçir. Belə naqillər olduqca təhlükəlidir və belə binalarda televizor antenaları quraşdırmaq, yaxud naqillərə toxunmaq həyati risk daşıyır: "Kiçik cərəyan vurmaları insanı öldürməz. Ya dəridə yanıq əmələ gətirər, ya da bədənə daxil olan cərəyanın çıxması üçün bədənin hansısa hissəsində zədə yaradar. Lakin ağır cərəyan vurma halları var ki, bu hallarda insanın qurtulması demək olar mümkün olmur. Bu gün demək olar ki, cərəyan vuran və dünyasını dəyişən insanlar arasında kişilər üstünlük təşkil edir. Bunun səbəbi isə təhlükəli naqillərlə iş görmə, cərəyandan qorunmaq üçün heç bir geyimdən: yaxud əlcəkdən istifadə etməmə, eləcə də yağışlı havalarda naqillərlə əlaqəsi olan yerlərə, antenalara toxunma və bu kimi hallardır. Qadınların və uşaqların da cərəyan axınına məruz qalması mümkündür, amma belə axınlar aşağı gərginlikdə olduğu üçün ölümlə nəticələnmir. Kiçik uşaqların naqilləri dişləməsi, çeynəməsi, divara sancan zaman barmaqlarını dəmirə toxundurması, qadınların isə yaş əllərlə texniki əşyalara qarşı diqqətsiz davranması cərəyan vurmasına səbəb olur".

Yüksək gərginlikli cərəyan axını bədənə iki yolla xəsarət yetirir. Bunlardan biri cərəyanın insan bədənində qısa dövr etməsi, ikincisi isə yumşaq toxumalarda yara və yanıqların əmələ gətirməsidir. Cərəyan vurması insanın bütün orqanlarına təsir edə bilər. Bunlardan əsası isə ürəkdir. Cərəyan vurmaları zamanı ürəyin dayanması demək olar ki, bütün zərərçəkənlərdə olur. Şiddət az olarsa ürək dayanmaz, lakin ritm pozğunluğu meydana gələr. Ürək dayanması ilə yanaşı ağır nəticələrdən biri də dəri yanıqlarıdır. Bu yanıqlar cərəyanın bədənə daxil olması və bədənin müxtəlif yerlərindən əti yararaq çıxmasıdır. Belə yanıqlar ən çox əllərdə, qollarda və baş nahiyəsində yaranır. Belə yanıqlar sarımtıl rəngdə olur və və yara ölü hüceyrələrdən ibarət olur. 


Terapevt bildirir ki, xəstəyə ilk yardım etmək vacibdir. Onu seyr etmək ölümünə göz yummaqdır. Bəzən insanlar həyəcan və qorxudan necə davranacaqlarını bilmirlər və cərəyan vuran insana yardım məqsədi ilə əlindən, qolundan tutub cərəyandan uzaqlaşdırmaq istəyirlər. Bu özü də olduqca təhlükəlidir, çünki cərəyan ilk vurduğu insandan ikinci insana keçə bilir və nəticədə zərərçəkənlərin sayı artır: "Cərəyan vuran insanı quru taxta, çubuq, ip, dəri kəmər, qəzet, adyal və bu kimi elektrik keçirməyən əşyalar ilə ayırmaq lazımdır. Bunlar olmadıqda isə ən yaxşısı insana toxunmadan geyimindən tutaraq cərəyandan ayırmaq olar. Zərərçəkən şüursuz və nəfəs almadan yatırsa, öldü deyib kənara çəkilməz olmaz. Süni tənəffüs vermək mütləq lazımdır. Şüursuz, lakin nəfəs alırsa, onun şok vəziyyətinə düşməsinə imkan verməmək lazımdır. Ayaqlarını hündürə qaldırmaq, ürək masajı etmək ən yaxşı ilk yardımdır. Əgər cərəyan vuran insan nəfəs alırsa və şüuru da yerindədirsə onu danışmağa, hərəkət etməyə məcbur etməmək lazımdır. Təcili tibbi yardım həkimləri gələnə kimi bir çay qaşığı yemək sodası və eyni miqdarda duzu suda əridib ilk yarım saat ərzində içirmək lazımdır". 


Hər hansı bir bədən üzvü yanıq xəsarəti alan insanlar bu yanıqların ağrısını sakitləşdirmək üçün müxtəlif yollardan istifadə edirlər. Diş məcunu sürtmək, krem vurmaq, buz qoymaq, duz tökmək və bu kimi üsullar ağrını qismən də olsa azaldar, lakin cərəyan vurulması zamanı yaranan belə yanıqlara bu üsulları tətbiq etmək düzgün deyil. Bədənə yapışan yanmış geyimləri dartaraq qoparmağa çalışmaq da həm xəstənin daha çox ağrımasına, həm də dəridə kəskin qalıcı izlərin qalmasına səbəb ola bilər. Ən yaxşı üsul xəstənin əlində olan qolbaq və üzüklərin kəsilərək çıxarılması və xəstənin yanıqlarının təmiz bir bezlə bağlanmasıdır. 


Cərəyanın insan bədənindən çıxarılmasının digər bir üsulu isə insanın bədənin torpağa basdırılmasıdır. Torpaq cərəyanı insan bədənindən çıxarmağa malikdir. Hətta ayaqlar torpaqda olduqda belə cərəyan insanı vurmaz, bədəndən torpağa keçər. Amma təəssüf ki, insanlar üçün cərəyan vuran insanların xilas edilməsi dayanıb hadisəni seyr etməkdən daha maraqsız olur.