"Qardaş, siz oxuya bilməmisiniz, biz oxuyuruq da..." - Emil Bədəlov
26 Sentyabr 2014 12:15 (UTC+04:00)
Movqe.az müğənni Emil
Bədəlovun publika.az-a müsahibəsini təqdim edir.
- Yaradıcılığında nə yenilik
var?
- "Sənli məqamlar" adlı yeni mahnı yazdırmışam. Musiqisi Hacı
Nazimə, sözləri Günel Əsgərovaya aiddir. Sabahdan radiolarda
yayımlanacaq. Canlı korifeyimiz, bəstəkar Ramiz Mirişlinin
"Sevdalandım yaz gəlincə" mahnısını da yeni aranjimanda işləyirik.
Həmin mahnıda tanınmış tarzən, xalq artisti Firuz Əliyevin də ifası
olacaq.
- Bu, Firuz Əliyevlə ilk iş
birliyinizdir?
- Bəli, ilk işimizdir.
- Xeyli müddətdir qohumluğunuz var, nə əcəb, ilk
dəfədir iş birliyiniz?
- Məclislərdə, toylarda çox ifalarımız olub. Nəsə risk eləmirdim.
Sözün düzü, hər mahnıya da Firuz müəllimi dəvət edə bilməzdim.
Ciddi mahnıdır deyə, istədim ki, o ifa etsin.
- Sizi tamaşaçıya tanıdan mahnılarınız "Bakı
gecələri", "Saqqız" və son mahnınız da "Qarpız" oldu. Çox qəribə
adları var. Bu adları məqsədli şəkildə
seçirsiniz?
- Yox, məqsədli şəkildə deyil. Sadəcə, bu mahnılarım "tutub".
Ümumiyyətlə, repertuarımda 34 mahnı var. Həmin mahnıların
içərisində Aygün Səmədzadənin, Xanım İsmayılqızının, Hacı Nazimin,
Elçin Şirinin, Ramal İsrafilovun gözəl bəstələri var. Sadəcə, bu
mahnılarım daha çox sevildi. Məncə, adını çəkdiyiniz mahnılar
mövzuya görə sevilib.
- Subay vaxtında xanım pərəstişkarlardan hiss
etdiyiniz diqqət indi də varmı?
- Şükür ki, indi də var.
- Bezdirici olmur?
- Qətiyyən, bezdirici olmur. Elə bunun üçün çalışmışam ki, məni
istəsinlər.
- Yəni xanımlar istəsinlər?
- (gülür) Yəni şəkil çəkdirmək istəsinlər, pərəstiş
eləsinlər. Çalışdığım bu olub.
- Amma son zamanlar gənc sənətçilər arasında
mənfi tendensiya formalaşıb. Azacıq populyarlıq qazanandan sonra
tamaşaçılara yuxarıdan baxırlar.
- Naşükürlük edirlər, şadlıqlarına şitlik edirlər o adamlar. Bu,
doğrudan da, naşükürlükdür. İstədiyimiz sevilmək olub. Buna nail
olandan sonra "tripaşlıq" edəndə Allaha xoş getmir.
- Həmkarınız Vasif Məhərrəmli deyib ki, yol
polisi maşınımı saxladı, "Nissan Altima" sürdüyümü görüb dedi ki,
Vasif müəllim, adınız-sanınız var, bu nədir sürürsünüz? Doğrudanmı,
ad-san maşınla ölçülür?
- Yol polisi əgər elə söz deyibsə, onun düşüncəsi bir az zəif olub.
Məgər insanın insanlığı, hörməti, nüfuzu maşınla ölçülür? Əlbəttə,
yox. Adam var, on minlik maşın sürür, amma 200 minlik maşın
sürəndən imkanlıdır. Halbuki, 150 minlik maşın sürən kirayədə
qalır. Amma bunun şəhərin on yerində mənzili var. Bu, geri
düşüncəli insanların fikridir ki, kimin bahalı maşını varsa, o da
hörmətlidir.
- Konsert var planda?
- Konsert maddiyyata bağlı bir şeydir. Nə vaxt o qədər imkanım
olsa, konsert verəcəyəm. Mən konsert xətrinə 5-10 minlik konsert
vermək istəmirəm. İstərdim ilk konsertim yaddaşlarda qalsın, böyük
bir orkestrlə ifalarımız olsun.
- Müsahibədən öncə bildirmişdiniz ki,
söz-söhbətlərə görə efirə çıxmaq istəmirəm. Doğrudanmı, efirə
çıxmaq bu qədər bezdirici və cansıxıcıdır?
- Sənətlə, musiqiylə maraqlanan insanlar yoxdur. Varsa da, çox
azdır. Aparıcıların əksəriyyətinin sualları şəxsi həyatdandır. Səni
orada gördülər, burada gördülər... Bir az da musiqidən,
sənətdən sual versələr, daha maraqlı olar. Biri demir ki, qardaş,
sən nə işlə məşğulsan, hansı mahnını yazdırmısan?
- Tez-tez yaşlı sənətkarların gənc ifaçıları
tənqid etdiklərini görürük. Sənətə yeni gələndə sizi də tənqid
edənlər var idi…
- Vəziyyət belədir də. Mahnı var ki, kommersiya xarakterlidir,
mahnı da var, sırf sənətə aiddir. Cavankən ciddi mahnılar oxusan,
gənc nəsil qətiyyən səni dinləmək istəməyəcək. Ciddi mahnıları
arxivimdə qalmaq üçün oxuyuram. Kommersiya mahnılarımı cavanlar
üçün oxuyuram. Bülbül adına orta ixtisas musiqi məktəbini skripkaçı
kimi bitirmişəm. İncəsənət Universitetinin musiqili teatr
aktyorluğu fakültəsində xalq artisti Azər Zeynalovun tələbəsi
olmuşam. Yaşlı nəsil bir növ paxıllıqdan irad tutur. Tarkan, Barış
Manço tomatdan, badımcandan oxuyanda heç kim heç nə demirdi. Bizi
daşlayırlar ki, siz niyə oxuyursunuz? Qardaş, siz oxuya
bilməmisiniz, biz oxuyuruq da. Barış Manço sizin yaş nəsli olub və
elə mahnılarla tarixdə qalıb. Siz isə çıxıb boş-boş danışmaqla
yadda qalmısınız. Atam Namiq Bədəlov öz dövrünün tanınmış
müğənnilərindən olub, babam Bədəl Bədəlov, nənəm Məryəm Bədəlova
qarmon ifaçısı olublar. Yəni mən bu sənətdə heç də təsadüfi
deyiləm.