Hindistan peyki Marsa qədər uçub

27 Sentyabr 2014 09:19 (UTC+04:00)

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı İSRO Marsın "Mangalyaan" kosmik aparatı tərəfindən çəkilmiş ilk fotoşəkillərini dərc edib. Qırmızı planetin 7,3 min kilometr məsafədən çəkilmiş fotoşəkillərində narıncı səthdə tünd çökəkliklər şəklində kraterlər görünür. Təsvirlər sosial şəbəkələrdə İSRO-nun rəsmi səhifəsində yerləşdirilib. Əvvəllər məlumat verilmişdi ki, Hindistan ilk cəhddən Marsın orbitinə kosmik aparat çıxardan ilk ölkədir. Başqa ölkələr 40 dəfə bu cür cəhdlər göstərsə də, onlarda yalnız 20-yə yaxını uğurlu alınıb. "Mangalyaan" bazar ertəsi günü mühərikin işini yoxlayıb, çərşənbə günü isə yerli vaxtla saat 07:47-də (Bakı vaxtı ilə 07:15) Marsın orbitinə çıxıb. Peyk Hindistanın başqa planetə göndərdiyi ilk kosmik aparat olub. Onun yerinə yetirəcəyi işlər sısrasına Marsın səthi və atmosfer tərkibinin tədqiqi, fotoşəkillərinin çəkilməsi, həmçinin Marsa yeni uçuşlar üçün texnologiyaların hazırlanması daxildir. Aparat planetdə metanın mövcudluğunu və orada nə vaxtsa suyun olub-olmadığını müəyyənləşdirməkdə kömək edəcək. Gözlənilir ki, 15 kq elmi avadanlığı olan aparat Marsın orbitində altı aya yaxın işləyəcək. Peyk 2013-cü il noyabrın 5-də Benqal körfəzindəki Şriharikota adasında yerləşən Satişa Dhavana adına Kosmik Mərkəzdən göndərilib.

Layihənin dəyəri 74 milyon dollara yaxın olub. Bununla belə, "Time" jurnalı missiyanın Hindistana 67 milyon dollara başa gəldiyi və Marsa göndərilmiş analoji aparatlardan ən ucuzu olduğu barədə məlumat verib.

Xatırladaq ki, bazar ertəsi NASA-nın verdiyi məlumata görə, Amerika elmi peyki MAVEN də on aylıq uçuşdan sonra Marsın orbitinə çıxıb.