Azərbaycanda ilk dəfə: məhkumlar evləndi
26 Sentyabr 2014 22:38 (UTC+04:00)
Movqe.az APA-ya istinadən xəbər verir ki, 11
saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Masallı rayon sakini
Məmmədov Rüfət Kamal oğlu ilə 4 saylı Cəzaçəkmə Müəssisəsində
saxlanılan Astara rayon sakini Ağayeva Fərzanə Allahverdi qızının
müraciətləri əsasında onların nikah mərasiminə şərait yaradılıb. Bu
gün təşkil olunmuş tədbirdə onların nikahı
rəsmiləşdirilib.
Tədbirdə iştirak edən Penitensiar Xidmətin rəis
müavini Rafiq Ramazanov, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi
Mahir Əliyev hər iki şəxsi təbrik edib, onlara gələcək həyatlarında
uğurlar arzu ediblər. R. Ramazanov bildirib ki, iki məhkumun nikaha
daxil olması ilk dəfədir ki, baş verir.
R. Məmmədov və F. Ağayeva isə yaradılan şəraitə
görə, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin rəhbərliyinə
təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, R. Məmmədov və F. Ağayeva azadlıqda
olanda ailə həyatı qursalar da, rəsmi qaydada nikaha daxil
olmayıblar. Onların iki azyaşlı uşaqları var.
Hər iki şəxs Cinayət Məcəlləsinin 180-ci
(soyğunçuluq) maddəsinə əsasən ittiham ediliblər. Məhkəmənin hökmü
ilə R. Məmmədov 7 il, F. Ağayeva isə 4 il müddətinə azadlıqdan
məhrum ediliblər.