“ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq”

17 İyul 2012 08:30 (UTC+04:00)
"Məlum olduğu kimi Ermənistan – Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı ölkəmizin mövqeyinin güclü hüquqi əsasları mövcuddur". Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov APA-ya müsahibəsində bildirib. O daha sonra qeyd edib: "Beynəlxalq təşkilatlar Ermənistanın işğalçı ölkə olduğunu, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtması və həmçinin işğal olunmuş ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasının tərəfdarı olduqlarını qərar və qətnamələrdə əks etdirirlər. Təbii ki, bu bizim üçün yetərli deyil, Ermənistan sülhə, beynəlxalq təşkilatların qərarlarına və ən önəmlisi, beynəlxalq hüquqa hörmət etməyə məcbur edilməlidir. Əlbəttə ki, Azərbaycan diplomatiyasının qarşısında duran ən ümdə və prioritet məsələ, Ermənistan-Azərbaycan münaqişəsinin həllidir. Ölkə başçısının rəhbərliyi altında Azərbaycan diplomatiyasının səyləri bu istiqamətə yönəlibdir. Azərbaycanın işğal olunmuş əraziləri üzərində suverenliyinin bərpa edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi üçün sülh danışıqları davam etdirilir. Lakin ATƏT-in Minsk Qrupunun 20 illik vasitəçilik fəaliyyətinin nəticəsiz qalmasından narazıyıq. Azərbaycanın torpaqları hələ də işğal altındadır və 1 milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz doğma tarixi torpaqlarına hələ də qayıtmayıblar. Status-kvonun davam etməsi regionda qeyri-müəyyən və gözlənilməz təhlükəli şəraitin davam etməsi üçün şərait yaradır. ATƏT-in Minsk Qrupuna üzv ölkələrin başçıları aydın şəkildə regionda status-kvonun mövcudluğunun qəbuledilməz olduğunu bəyan ediblər. Üç həmsədr ölkə tərəfindən tərtib edilmiş yenilənmiş Madrid Prinsipləri adlanan təklif tərəflərə təqdim edilib və bununla əlaqədar Azərbaycan danışıqları davam etdirməyə, o cümlədən Hərtərəfli Sülh Sazişi üzərində çalışmağa başlamağa hazır olduğunu bəyan edib. Təəssüf ki, bu təklif Ermənistan tərəfindən rədd edilmişdir. Bu gün münaqişənin həllində Azərbaycan ilə Ermənistan arasında etimadın bərpa edilməsi mühüm yer tutur. Bunu əldə etmək üçün bir çox cəhdlər göstərilməlidir".