Türkiyə də İŞİD-ə qarşı əməliyyatlara qoşulur?
27 Sentyabr 2014 13:07 (UTC+04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan Amerika Birləşmiş Ştatlarından ölkəsinə geri
qayıdıb. Ərdoğan İstanbulda keçirilən mətbuat konfransında səfərin
təfərrüatlarına dair hesabat xarakterli çıxış edib.
Movqe.az-ın Milli.Az-a istinadən məlumatına görə, prezident
hazırda dünya gündəmini zəbt edən İŞİD terrorçu qruplaşmasına qarşı
mübarizəyə Türkiyənin də qoşulacağına eyham vurub.
"Ciddə şəhərində keçirilən iclasda Türkiyənin humanitar yardım
məqsədilə bölgəyə müdaxilə edə biləcəyini, lakin fəal hərbi
müdaxiləyə qoşulmayacağını demişdik. Həmin dövrdə şərtlər bunu
tələb edirdi. Çünki Türkiyənin 49 vəzifəli şəxsi girov düşmüşdü.
Lakin indi vəziyyət dəyişib. Bundan sonrakı müddət daha fərqli
olacaq".
Ərdoğan, eyni zamanda, qeyd edib ki, İraqda Maliki ordusu geri
çəkilən zaman orduya məxsus Amerika silahları İŞİD-in əlinə keçib.
Ərdoğan hazırda İŞİD-in əlində ağır silahların olduğunu bildirib.
Onun sözlərinə görə, Amerika hökuməti bu faktı etiraf edib.
Türkiyə hökumətinin oktyabrın 2-sində ordunun səlahiyyətlərini
artırmaq məqsədilə qanun layihəsi qəbul edəcəyi gözlənilir. Daha
sonra Türk Silahlı Qüvvələrinin İŞİD-ə hərbi müdaxiləsi parlamentdə
səsverməyə çıxarıla bilər.