Növbəti tədris ilində məktəbli formalarının eskiz və satış qiymətlərində dəyişiklik olmayacaq
17 İyul 2012 12:11 (UTC+04:00)
Bu il məktəb formalarının
eskizlərində və satış qiymətlərində heç bir dəyişiklik olmayacaq.
Bu barədə APA-ya Bakı şəhəri
üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı məlumat verib.
Onun sözlərinə görə, bu məsələdə valideynlərin imkanları nəzərə
alınıb. Z. Əliqızı deyib ki, Bakı məktəblərinin şagirdləri ötən il
aldıqları formalardan istifadə edə bilərlər. Sektor müdiri məktəbli
formalarının satışı ilə bağlı heç bir problem olmadığını da
bildirib: "Məktəbli geyimləri il boyu satışda olur, may ayından isə
kütləvi satışa başlanıb. Geyimlər Bakıda xüsusi mağazalarda
satılır. Valideynlər formaları rahatlıqla ala, ölçülərdə problemlər
yaransa hətta dəyişdirə də bilərlər".
Qeyd edək ki, 2007-2008-ci tədris ilindən başlayaraq Bakı şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində
məktəbli forması tətbiq olunur. 2010-2011-ci tədris ilində idarənin
tabeliyində olan bütün təhsil müəssisələrinin I-IV sinif şagirdləri
vahid məktəbli geyiminə keçib. Ötən tədris ilindən isə paytaxtdakı
ümumtəhsil məktəblərinin bütün siniflərinin şagirdləri vahid
məktəbli formasından istifadə etməyə
başlayıblar.