Azərbaycan Rusiyaya ərzaq ixracını necə artıracaq?

27 Sentyabr 2014 20:12 (UTC+04:00)
İki gün əvvəl Azərbaycan hökuməti ilə Moskva meriyası arasında 48 sənəddən ibarət saziş imzalanıb. Moskva meri Sergey Sobyanin bəyan edib ki, Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafını ticarət dövriyyəsi təşkil edir ki, 2013-cü ildə də bu göstərici 30 faiz artıb: "Azərbaycan və Moskvanın potensialını nəzərə alsaq, bu rəqəm qənaətbəxş deyil. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya paytaxtına ixracı ticarət dövriyyəsini xeyli dərəcədə artıracaq. Son illər ticarət dövriyyəsinin 3 dəfə artmasına baxmayaraq, Moskva bazarlarında Azərbaycan məhsullarının tələbatını nəzərə alsaq, bunu nəinki 30 dəfəyə qədər, hətta 300 dəfəyə qədər artırmağa imkan verir".

Moskva meri Azərbaycan məhsullarının loqistik mərkəzlərə ixrac edilməsi üçün böyük imkanların olduğunu və burada istənilən ölçüdə xeyli sayda alıcı seçmək imkanının olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti İlham Əliyev isə Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağını vurğulayıb. Məlumata görə, görüş zamanı Moskvaya meyvə-tərəvəz məhsullarının, həmçinin quş ətinin tədarük edilməsi məsələsi ilə bağlı ilkin razılıq əldə olunub.

Məlumdur ki, Qərbin sanksiyalarına cavab olaraq Rusiya Avropadan idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarına embarqo qoyub. Bundan istifadə edən Azərbaycan fermerlərinin istehsal etdikləri məhsulları qonşu dövlətə ixrac etmə imkanları genişləndi. Nəticədə yerli bazarda yaranan qıtlıq qiymətlərin bahalaşmasına gətirib çıxarıb. İndi isə hökumətlərarası razılaşmadan məlum olur ki, sözügedən ixrac əməliyyatı daha da genişlənə bilər. Belə olan halda, hökumət daxili bazarda qıtlığın olmasının qarşısını almaq üçün hansı addımlar atmalıdır?

Movqe.az Bizimyol-a istinadən xəbər verir ki , kənd təsərrüfatı üzrə mütəxəssisVahid Məhərrəmov açıqlamasında ixracın daha da genişləndirilməsinin mümkün olmadığını bildirdi: "Şifahi sözlərdə rəqəmləri istədikləri həddə qədər artıra bilərlər. Statistik rəqəmlər başqa fikirlər söyləməyə əsas verir. Azərbaycandan Rusiyaya ixracın həcmi ötən illərlə müqayisədə azalıb. Azalma tendensiyası ildən-ilə artır. Əgər görüşdə Moskvaya idxalın 3 dəfə artdığını deyirlərsə, bunun ümumi ticarətə aidiyyatı yoxdur. Bu o deməkdir ki, Azərbaycan sahibkarlarının Rusiyanın digər şəhərlərinə göndərdiyi məhsulların həcmi azalıb və əsas ixrac Moskva üzərindən həyata keçirilir.

Sazişlərin sayının çox olması heç bir əhəmiyyət kəsb etmir. Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin yaxşılaşdırılması ilə bağlı deyilənlər ümumi sözlərdir. Əsas odur ki, Azərbaycanın mövcud durumu meyvə-tərəvəz məhsullarının ixracının artımına imkan verirmi? Potensial kifayət qədər var. Lakin bu potensialı reallaşdırmaq üçün xeyli işlər həyata keçirilməlidir".

V.Məhərrəmov əlavə etdi ki, ölkəmiz özünün daxili istehlak tələbini ödəyə bilmir: "Ət, süd, kartof, meyvə-tərəvəz, yumurta və s. bütün növ kənd təsərrüfatı məhsullarına olan tələbatı ödəyə bilmirik. Ət istehsalı cəmi 38 faiz tələbatımızı ödəyir. Rusiyada toyuq əti adambaşına 20 kq-dan çox istehsal edilir, Azərbaycan isə 10 kq-dır. Süd istehsalı isə 52 faiz tələbatımızı ödəyir. Eyni vəziyyət kartof və meyvələrdə də mövcuddur. Biz hələ heç bir mal-məhsulun istehsalı ilə istehlak tələbatımızı ödəyə bilməmişik. Belə olan halda, bizdən daha çox istehsal edən Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırmaq ciddi hesab oluna bilməz. Hökumətlərin durumla bağlı məlumatları olmamış deyil. Həm Azərbaycan, həm də Rusiya hökuməti real vəziyyətdən xəbərdardırlar. Bu sahədə bizim problemimiz MDB ölkələri arasında ən öndədir".

Mütəxəssis deyir ki, istehsalı artırmaq üçün yeni texnologiyalar təqdim etmək lazımdır. Bunun üçün öncə aqrar siyasət müəyyənləşməlidir, ciddi islahatlar keçirilməlidir. Mövcud olan istehsal münasibətləri tamamilə dəyişməli, institutlar yenidən formalaşmalıdır. Aqrar siyasət qaydalarında yeniliklər olmalıdır. Yaxın, orta və uzun müddətli dövlət proqramları qəbul edilməli, kadr islahatları aparılmalıdır. Bu ilin istehsal göstəricilərinin aşağı düşməsi göstərdi ki, hökumətimiz hələ ki, belə bir qabiliyyətə malik deyil".

Ekspertə görə, rublun dəyərdən düşməsinə baxmayaraq, fermerlərimiz üçün bu bazar daha cəlbedicidir: "Rusiya əhalisinin alıcılıq qabiliyyəti bizim ölkə ilə müqayisədə yüksəkdir. Bizim tədarüklə məşğul olan sahibkarlarımız məhz buna uyğun iş görürlər. Onlar operativ şəkildə həm rublun kursu, həm məhsulun qiyməti, həm də daşınma ilə bağlı məlumat alırlar.
Burada hökumətin bir nömrəli vəzifə borcu ondan ibarətdir ki, o ölkənin ərzaq mallarına olan tələbatını tam ödəsin. Tələbatı tam ödəmək üçün öncə daxili istehsala baxırlar, əgər əskiklik varsa, xaricdən idxal edirlər. Rusiya hökuməti Azərbaycanla müqayisədə istehsalı iki dəfə artıq olmasına baxmayaraq, yenə də narahatdır.

Ümumiyyətlə, sivil dövlətlərdə ərzaq təhlükəsizliyi üçün istehsalı artırmağa çalışırlar. Hətta 20 faizə yaxınını ehtiyat fond kimi saxlayırlar. Ancaq artıq məhsulun ixracı haqqında düşünürlər. Hökumətin qarşısında duran ilkin vəzifə daxili tələbatı tam ödəməkdir. Burada həm qiymət, həm də idxal-ixrac siyasətini müəyyənləşdirməlidirlər. Azərbaycanda istehsal olunan məhsullar daxili tələbatı ödəmədiyi halda, çox asanlıqla başqa ölkələrin bazarlarına çıxarırlar. Bu il qışa ehtiyatımız ümumiyyətlə, qalmayıb. Bütün anbarlar boşalıb. Əvvəllər fermerlər məhsullarının bir hissəsini anbarlarda saxlayırdılar. Bu sahədə məşğul olan sahibkarlar meyvə-tərəvəzin Rusiyaya daşınmasının onların da biznesinə ciddi zərbə vurduğunu deyirlər. Keyfiyyətli kartofumuz Rusiyaya ixrac edildiyi halda, xaricdən bizə texniki, mal-qara üçün nəzərdə tutulan yemlik kartoflar gətirilb. Belə məhsulların istehsalında kimyəvi maddələrdən istifadə olunur. Belə dövlət siyasəti, ərzaqla bağlı təhlükəsizlik olmaz".