Azərbaycan Uşaqlarının III Ümumrespublika Forumunun keçirilmə tarixi məlum oldu
28 Sentyabr 2014 00:13 (UTC+04:00)
Movqe.az Trend-ə istinadən xəbər verir ki , Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə,
III Forum bu il noyabrın 17-də Bakı şəhərində keçiriləcək.
Foruma Azərbaycanın bütün şəhər və rayonlarından öz fəallığı və
intellektual səviyyəsi ilə seçilən, fikirlərini sərbəst şəkildə
ifadə edə bilən 350 nəfərə yaxın uşaq, həmçinin xüsusi istedadı
olan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, sağlamlıq imkanları
məhdud, digər millətlərdən olan, valideyin himayəsindən məhrum
olmuş, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlar nümayəndə
qismində iştirak edəcəklər.
Ombudsman (insan hüquqları üzrə müvəkkil) Aparatının "Azərbaycan
Uşaq və Gənclərin Sülh Şəbəkəsi", C.Naxçıvanski adına hərbi liseydə
təhsil alan kursantlar, Dövlət Sərhəd Xidmətinin Mərdəkan
qəsəbəsindəki xüsusi məktəbində təhsil alan şagirdlər,
qeyri-hökumət təşkilatlarını təmsil edən uşaqlar, Komitənin dəstəyi
ilə fəaliyyət göstərən "Azərbaycanın Gələcəyi" Uşaq və Gənclər
Təşkilatının üzvləri arasından da Foruma nümayəndələr seçilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu və UNICEF-lə birgə uşaqların öz
hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin
etmək, uşaqlara öz problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək
və təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin
diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə
2009-cu ildə Azərbaycan Uşaqlarının I və 2011-ci ildə Azərbaycan
Uşaqlarının II Ümumrespublika Forumu keçirilib.
Forumlar ölkə üzrə bütün şəhər və rayonları təmsil edən uşaqların
iştirakı ilə keçirilir. Forum həm də hər bir uşağın onu düşündürən,
narahat edən məsələləri dilə gətirməsinə, problemlərin birgə həlli
yollarını araşdırmasına imkan verir. Məhz bu forumlar istedadlı
uşaqların üzə çıxmasında mühüm rola malikdir.
Forumlar uşaqların öz bacarıqlarını nümayiş etdirmək üçün bir
vasitəyə çevrilib. Həmçinin Forum uşaqların ictimai fəallığının
artırılmasında, iştirak hüququnun təmin edilməsində və liderlik
keyfiyyətlərinin formalaşmasında mühüm əhəmiyyətə malikdir..