Əflatun Amaşov: “Azərbaycanda informasiya mənbəyi kimi internet portallar əsas götürülür”
17 İyul 2012 12:12 (UTC+04:00)
"Bu gün Azərbaycanda 40-a yaxın
gündəlik, 200-ə yaxın həftəlik qəzet, 9 ümumrespublika yayımçısı, 1
peyk televiziyası, 14 regional televiziya, 14 radio, 40-a yaxın
xəbər portalı, 20-yə yaxın internet radio, 40-a yaxın xəbər portalı
fəaliyyət göstərir". APA-nın
məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi məlumatlara əsasən, hazırda əhalinin 65
faizi internetdən istifadə edir: "Ölkədə "Facebook"
istifadəçilərinin sayı 1 milyona yaxındır. 2 minə yaxın bloqçu
fəaliyyət göstərir. 100 minə yaxın insan informasiyaları internet
televiziya və radiolardan alır. Azərbaycanda bu sahədə kifayət
qədər işlər görülür".
Ə. Amaşov qeyd edib ki, hazırda Azərbaycandakı qəzetlərin tirajı
5-10 min olsa da, həmin qəzetlərin yaratdığı saytlara gün ərzində
təxminən 50 min insan daxil olur: "Bu onu göstərir ki, Azərbaycanda
informasiya mənbəyi kimi internet portallar əsas götürülür. Amma
informasiyanın dəqiqliyi klassik mediada daha
çoxdur".