Bağlanması gözlənən banklar əhalidən hələ də əmanət qəbul edirlər

29 Sentyabr 2014 10:59 (UTC+04:00)

Artıq ilin sonuna az qalıb. Mərkəzi Bankın ölkədə mövcud kommersiya bankları qarşısında qoyduğu tələbə əsasən, yanvarın 1-ə kimi onların nizamnamə kapitalı 50 milyon manata çatdırılmalıdır. Lakin az müddət qalmasına baxmayaraq, hələ ki müəyyən sayda bankın qoyulan tələbi  yerinə yetirə bilməyib. İlin sonuna kimi də onların bunu edə biləcəkləri inandırıcı sayılmır. Üstəlik taleyi sual altında olan banklar belə hələ də əmanət qəbulunu həyata keçirirlər. 

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, əslində, verilən vaxta kimi bankların əmanət qəbulu həyata keçirmək hüququ var: "Mərkəzi Bankın belə bir tələbi yoxdur ki, hansısa bank verilən vaxta kimi qoyulmuş tələbə cavab vermirsə, əmanət qəbul etməsin. Faktiki olaraq, hazırda nizamnamə kapitalı ilə bağlı tələbin yerinə yetirilməsinə 3 ay  qalıb. Hər bir bankın hüququ var ki, əmanət qəbul etsin. Əmanət qəbulu o vaxt dayandırılar ki, yanvarın 1-də bankın məcmu kapitalı 50 milyondan aşağı olsun. Bundan sonra həmin bankın taleyi barədə qərar qəbul olunur. Ya bank bazarı tərk edir, ya bank olmayan kredit təşkilatına çevrilir, ya da ki əvvəldən razılşama yolu ilə başqa bankla birləşir".  

Bəs bank bağlanarsa, ora yatırılan əmanətlərin taleyi necə olacaq?  Sualımız cavablandıran ekspert bildirdi ki, bank bağlanarsa əmantləri müştərilərə Əmanətlərin Sığortalanması Fondu qaytaracaq. Lakin o da müəyyən miqdara qədər: "Bankın bağlanması əgər normaya cavab vermirsə, baş verir. Bu zaman  istər bazarı tərk etdikdə, istərsə bank olmayan kredit təşkilatına çevrildikdə həmin təşkilatın əmanət qəbul etməyə ixtiyarı olmur. Yalnız başqa bankla birləşərsə, əmanət qəbul edə bilər. Bank bağlananda isə  burda sığorta hadisəsi baş verir. Əgər əmanətlər sığortalanıbsa, 9%-dən aşağı yerləşdirilibsə, burda təhlükə yoxdur. Həmin məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənəcək. Bir şərtlə ki, yatırılan əmanətin həcmi 30 min manatdan çox olmasın. Əgər 30 mindən çoxdursa, onun yalnız 30 min manatı qaytarılır. Qalan pulun taleyi isə risk, sual altında qalır. Bu, artıq bankın maliyyə vəziyyətindən asılı olacaqdır. Əgər bank bağlanırsa, onun kreditor və debitor borcları araşdırılır, kimə borcu varsa, verilir, alacağı varsa, alınır, əgər ödəmək imkanı varsa, əmanətlər ödənir. Yox, əgər yoxdursa, artıq əmanətlərin taleyi bu zaman bu sual altında qalacaq". 

İqtisadi Təhlil institunun rəhbəri Məhəmməd Talıblı isə bildirib ki, Mərkəzi Bankın həyata keçirdiyi islahatlar elə məhz bankların sayının azaldılmasına hesablanıb: "İndiki şəraitin nəticəsi olaraq ölkədə bank sektorunda 25-30 arası bank fəaliyyət göstərəcək. Bundan ən çox zərəri isə müştərilər çəkəcək. Belə ki, bank sektorunda rəqabət bir qədər də çətinləşdiriləcək".  

Əksər ekspertlər bildirir ki, ümumiyyətlə, bankların birləşdirilməsi indiki halda müsbət xarakter daşıyır. Nəzərə alsaq ki, bankların bir qismi ziyanla işləyir, onda bu banklar ya birləşdirilməlidir, ya da müflis olmalıdır. Həmin bankların müflis olması indiki halda bank sektoru üçün arzuolunan deyil. Mütəxəssislər  hesab edir ki, bankların sayının azalması bankların birləşdirilməsi prosesi uğurla baş verərsə, eyni zamanda bu süni şəkildə deyil, bankların öz istəyi ilə həyata keçirilərsə, bu sektora çox müsbət təsir edəcək. Bankların birləşdirilməsi təklif edilən kredit faizlərinin də aşağı düşməsinə gətirib çıxara bilər. Sadəcə olaraq, bu birləşmə heç bir halda inzibati metodlarla həyata keçirilməməlidir. Lakin banklar özləri hələ də birləşmək istiqamətində hansısa təşəbbüs göstərmirlər.