Mağazalarda kreditlə alış-veriş zamanı daha faiz ödənməyəcək

30 Sentyabr 2014 08:17 (UTC+04:00)

Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamenti islam tələblərinə uyğun kartların sayını və dövriyyəsini artırmaq üçün yeni layihə hazırlayıb. Belə ki, bank faizsiz alış-verişin aparıla biləcəyi iri mağazalar şəbəkəsi quracaq. Nəticədə, malın qiyməti müəyyən olunan müddətdə məbləğ hissə-hissə ödəniləcək. Bu günlərdə məsələ ilə bağlı açıqlama verən Azərbaycan Beynəlxalq Bankının İslam bankçılığı departamentinin rəhbəri Behnam Qurbanzadə deyib: "Biz ticarətin maliyyələşdirilməsini nəzərdə tutan "Murabaxa" kartını təklif edirik. Hazırda böyük mağazalar şəbəkəsi yaradırıq. Müştərilərimiz bu şəbəkə daxilində uzunmüddətli, faizsiz kreditlərdən bəhrələnə biləcəklər. Əgər malın qiyməti min manatdırsa, mal elə həmin qiymətə də alınacaq və 6-12 ay müddətində məbləğ hissə-hissə ödəniləcək. "Murabaxa" kartı İslam bankçılığı tələblərinə tamamilə cavab verir və faizləri yoxdur".

Mraqlıdır, belə mağazalar şəbəkəsi digər mağaza və ticarət məntəqələrini sıradan çıxara bilərmi? Axı burada daha sərfəli şərtlərlə satışın həyata keçrilməsindən söhbət gedir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, faizsiz alış-verişin aparıldığı mağazalar şəbəkəsinin yaradılması digər tip satış məntəqələrinin dövriyyəsinə müəyyən qədər təsir edəcək, amma bu təsir ciddi olmayacaq: "İslam bankçılığı üzrə mağazalar şəbəkəsinin qurulması digər mağaza və ticarət şəbəkələrini sıradan çıxarmayacaq. Buna inanmaq da çətindir. Amma təbii ki, bu banklara və bütövlükdə dövriyyəyə təsir göstərəcək. Birmənalı şəkildə gözləyirik ki, məhz bu prosesə start verilməsi bütövlükdə ənənəvi xidmətlər təklif edən şəbəkələrin dövriyyəsinə mənfi təsir edəcək. Çünki, bu o deməkdir ki, əslində, insanlar heç bir faiz hesablanmadan malın qiymətini ödəyəcəklər. Bu isə vətəndaşlar üçün daha cəlbedici olacaq. Belədə malın qiymətinə hər hansı faiz də hesablanmayacaq. Praktik olaraq, bu faizsiz kreditin verilməsidir. Vətəndaş müəyyən məbləğ kredit götürəcək və onu müəyyən müddət ərzində hər hansı bir ödəniş olmadan, hissə-hissə geri qaytaracaq. Təbii ki, bu ümumi dövriyyəyə təsir göstərəcək. Amma hələlik islam bankçılığı üzrə mağazalar şəbəkəsinin qurulması istiqaməti üzrə ayrılan vəsaitin həcmi güman olunmur ki, böyük olsun. Hələlik layihə ilk olaraq sınaqdan keçirilir. Bir qədər sonra isə onun daha geniş miqyasda tətbiqi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bütün ticarət dövriyyəsinin belə faizsiz ticarət dövriyyəsinə keçməsi praktik olaraq mümkün deyil. Bu baxımdan bəzi mağazaların faizsiz ticarət dövriyyəsinə keçərək, belə satışı həyata keçirmələri ticarət mərkəzlərinin və supermarketlərin dövriyyəsinə müəyyən qədər təsir göstərəcək. Bu karta marağın artacağı proqnozlaşdırılır. Lakin digər ticarət şəbəkələri üzrə bütövlükdə dövriyyənin kəskin azalması və ciddi şəkildə aşağı düşməsi gözlənilmir".

Ekspert Zahid Məmmədov da bu qənaətdədir ki, Beynəlxalq Bank tərəfindən sözügedən addımın atılmasının alternativ ticarət məntəqələrinə heç bir təsiri olmayacaq, Çünki, hər birinin öz müştərisi və bazarı vardır: "Bilirsiniz, dünyada çoxsaylı islam bankları da fəaliyyət göstərir. Amma bunun qarşılığında klassik banklar sıradan çıxmayıb. Hər birinin öz bazarı, tələbatına uyğun şəraiti, səviyyəsinə cavab verən müştərisi var. Sadəcə olaraq, olkəmizdə də faizsiz alış-verişin aparıla biləcəyi mağazalar şəbəkəsinin yaradılması gözəl addımdır. Zamanında müsəlman ölkələrindən bizə gələcək insanlar üçün də bu addım gözəl örnəkdir. Hesab edirəm ki, islam bankçılığının dünyada məşhur olan brendləri də var, onlar da bu addımdan sonra ölkəmizə gələcək. Onlar da gəlib burada islam bankşlığının kartları və xidmətlərindən istifadə edə bilərlər. Ona görə də, atılan bu addım tədqirəlayiq haldır".