Qana boyanan Yaxın Şərq

30 Sentyabr 2014 08:20 (UTC+04:00)

Son zamanlar ABŞ və Avropada belə fikirlər səslənir ki, İŞİD terrorçularını yalnız hava zərbələri ilə məhv etmək mümkün olmayacaq. Bu səbəbdən də İraqla Suriyaya koalisiya qüvvələrinin ordu yeritmələri təklif olunur. Bir sözlə, İŞİD-lə mübarizənin daha effektli alınması üçün onların olduğu ərazilərə koalisiya qüvvələrinin ordu yeridilməsinin vacibliyi məsələsi günü-gündən daha da aktuallaşır.

Bu arada koalisiyaya qoşulanların sayı da artır. Lakin İŞİD-ə qarşı quru əməliyyatları heç də asan məsələ deyil. Belə ki, Suriyada Bəşər Əsəd rejimi, onun arxasında dayanan Rusiya və İran İŞİD-lə mübarizə adı ilə ora quru qoşunlarının yeridilməsi ilə razı deyillər. Hətta ABŞ Suriyanın hazırki hökumətinin razılığını almadan bu günlərdə həmin ölkədəki İŞİD-ə havadan zərbələr endirəndə, bu yanaşma Moskva ilə Tehranın etirazı ilə qarşılandı. Onlar bu hərəkəti Suriyanın daxili işlərinə müdaxilə kimi dəyərləndirdilər. Həmin vəziyyət onu göstərir ki, İŞİD-lə mübarizə adı altında Suriyaya ordu yeridilməsi Moskva ilə Tehranın ciddi narazılığı, hətta ola bilsin ona qarşı əks addımlar atmaları ilə nəticələnsin. Ümumiyyətlə, son zamanlar dünyada cərəyan edən proseslər Qərblə Rusiya arasında ciddi qarşıdurmanın olduğuna dəlalət edir. Hətta belə davam edəcəyi təqdirdə, qarşıdurmanın daha ağır nəticələrə gətirib çıxaracağı da istisna edilmir. Görəsən, belə bir şəraitdə Qərb Suriyaya ordu yeridərsə, nə baş verəcək? Bu hal Şərqdə yeni böyük müharibəyə, hətta dünya müharibəsinə yol aça bilərmi?

Politoloq Elşən Manafov belə bir təhlükənin real olduğunu düşünür: "ABŞ xüsusi xidmət orqanları və bu dövlətin "Əl-Qaidə" ilə münasibətlərində yaranan gərginlik, hazırda Vaşinqtonun İŞİD-lə münasibətlərində özünü qabarıq şəkildə büruzə verir. Əslində, İŞİD-in hərbi qüvvələri Suriyada Bəşər Əsədə qarşı müxalif hərbi qüvvə kimi çıxış edəndə, bu durum ABŞ-ı nədənsə narahat etmirdi. Habelə, Fələstində İsrail tərəfindən buradakı ərəblərə qarşı sözün əsl mənasında, soyqırım siyasəti həyata keçiriləndə, İŞİD xilafət yaradılması ilə bağlı iddialarla çıxış edəndə də cərəyan edən proseslər nədənsə Ağ Evi narahat etmirdi. Yezidi kürdləri və İraqdakı xristianlara qarşı İŞİD hərbi əməliyyatlara başladıqdan və Mosuldakı bankı ələ keçirdiklərindən sonra isə bu qruplaşmanın fəaliyyətində müəyyən maliyyə müstəqilliyi əldə edildi. İŞİD-də bu fonda artıq "Əl-Qaidə" kimi Vaşinqtonla münasibətləri fərqi müstəviyə çıxarıb, sadəcə olaraq, oradan verilən təlimatlara tabe olmamağa başladı. İŞİD əvvəlki müstəvisində qalıb, Bəşər Əsədə qarşı vuruşmaqda davam etsəydi, bu başqa məsələ idi. Sadəcə olaraq, söhbət ondan gedir ki, İŞİD öz fəaliyyəti ilə ABŞ-a yenidən Suriya ərazisinə hava zərbələri endirmək üçün şərait yaradır. Burada bir maraqlı fakt da var. Rusiya tərəfi qeyd edib ki, Suriyadakı legitim Bəşər Əsəd hökumətinin razılığı olmadan bu ölkəyə hərbi müdaxilə etmək, aviasiya zərbələri endirmək ən azından beynəlxalq hüquq normalarına ziddir. Amma ABŞ-ın bütün fəaliyyəti belə bir fikir söyləməyə əsas verir ki, Vaşinqton üçün beynəlxalq hüquq deyil, onun özünün gücü böyük hüquqdur. ABŞ dəfələrlə bunu sübut edib.

Keçən həftə prezident Barak Obama bəyan etdi ki, o, Bəşər Əsədi legitim hakimiyyət kimi qəbul etmədiyindən, ABŞ-ın hava zərbələrinə görə Dəməşqin razılığını almasına heç bir lüzum yoxdur. Yəni bütün oyun əslində, ABŞ-ın nəzarəti altından çıxmaq istəyən İŞİD-i əvvəlki müstəvi üzərinə gətirmək və ona qarşı mübarizə adı altında, yenidən Suriya ərazisinə zərbələr endirib, İraq və Liviya variantının burada da tətbiqinə nail olmaqdan ibarətdir. Belə ki, Liviya və İraqda Amerika özünə sərf edən rejimlərin hakimiyyət başına gətirilməsinə nail olubsa, Suriyada hələlik bunun əksi baş verir. Bunun da başlıca səbəbi Əsəd hakimiyyətinin ABŞ-a qarşı Rusiya, Çin və İranla birgə çıxış etməsidir. İndi də bu məsələdə Rusiyanın mövqeyi həlledici əhəmiyyət kəsb edəcək. Çünki, ABŞ Rusiyanı Ukraynada qarşıdurmaya çəkib, prezident Vladimir Putinin MDB məkanı ilə bağlı planlarını alt-üst etmək istədi. Nəticədə Ukraynanın infrastrukturu məhv oldu, müəyyən əraziləri nəzarət altından çıxdı. Deməli, bu məsələdə Vaşinqton Putini geri çəkilməyə məcbur edə bilmədi. Hesab edirəm ki, Suriya məsələsində də belə olacaq. Burada Rusiya ilə razılaşdırılmadan, Vaşinqton müttəfiqləri ilə birgə hava zərbələrinə getməsi, ən azı Suriyadakı rus hərbi bazalarının işə qarışmasına səbəb ola bilər. Bu hadisələrdə başlıca məqsəd ABŞ-ın yeni dünya nizamı ilə bağlı geosiyasi layihəsini həyata keçirməkdən ibarətdir. Bu da çox təhlükəli bir tendensiyadır. Düşünürəm ki, Putinin açıqlamalarını Obama nəzərə alacaq. Putin son iki həftədə dəfələrlə dedi ki, nəinki Kiyevi, hətta Varşava, Şərqi Avropanı da iki günə ala bilər. Bu açıqlama fonunda Obama hakimiyyətinin Suriya ilə bağlı daha radikal addımlar atması, gerçəkdən Şərqdə üçüncü dünya müharibəsinin başlanmasına gətirib çıxara bilər".

Siyasi şərhçi Qulu Məhərrəmli isə nəyin bahasına olursa-olsun, İŞİD-in məhv edilməli olduğunu önə çəkdi: "Dünya və bütöv bir region üçün İŞİD böyük təhlükədirsə, onu məhv etmək yolunda bütün vasitələrdən istifadə etmək lazımdır. Amma yaxşı olardı ki, Türkiyə, Suriya da öz ərazilərində xarici qoşunların yerləşdirilməsinə razılıq versin. Çünki, bu onların suverən hüququdur və ona da hörmət olunmalıdır. Əks təqdirdə, belə alınacaq ki, Vaşonqton İŞİD-ə, həm də Suriyanın qanuni hökumətinə qarşı mübarizə aparır. Hesab edirəm ki, bu hüquqi incəliklər nəzərə alınmalıdır. Lakin burada bir nonsens yaranıb. Çünki, bir tərəfdə, beynəlxalq təhlükəsizlik sistemi var, o biri tərəfdə də millətlərin suveren hüquqları. Düşünürəm ki, hər halda ikinci yol seçilməlidir. Çünki, İŞİD bölgə, Türkiyə, Suriya, İraq, İran üçün böyük təhlükədir. Ona görə də nəyin bahasına olursa-olsun İŞİD məhv olmalıdır".