İrəvanın yeni qorxusu
29 Sentyabr 2014 21:40 (UTC+04:00)
Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri
Vladimir Jirinovskinin Azərbaycana səfəri erməni siyasətçiləri bərk
qorxuya salıb.
ANS PRESS-in məlumatına görə, əksər siyasətçilər
səfəri Rusiyanın Cənubi Qafqazda strateji tərəfdaşını dəyişməsi
kimi şərh ediblər. "Armenianreport" portalında məqalə ilə çıxış
edən erməni şərhçi Hraçiya Qalustyan yazıb: "Biz Rusiya tərəfindən
Azərbaycana doğru indiyə kimi görünməmiş dönüş müşahidə
edirik".
Bakıya bir-birinin ardınca Rusiya siyasətçilərinin
gəlməsini xatırladan müəllif ən çox LDPR liderinin gəlişindən
heyrətə düşdüyünü bildirib. Müəllif Jirinovskinin Bakıda dediyi
aşağıdakı sözləri xatırladıb: "İlham Əliyev MDB-də ən yaxşı, ən
uğurlu və savadlı prezidentdir. Azərbaycan bu gün rentabelli
dövlətdir. Bakı heç kimdən heç nə xahiş etmir, heç kimin də
qoltuğunun altına girmir". Məqalə müəllifi bu sözlərdən sonra
ermənilərə sual verir: "Siz haçansa Serj Sarkisyanın ünvanına belə
sözlər deyildiyini eşitmisinizmi? Heç zaman. Amma analoji olaraq
belə çıxır ki, Sarkisyan ən pis prezidentdir, Ermənistan isə
Rusiyanvın qoltuğunun altına girir".
Hraçya Qalustyan Jirinovskinin bundan əvvəl
ermənilər üçün göstərdiyi xidmətləri də sadalayıb: "Bunu o adam
deyir ki, bir vaxt Dövlət Dumasının tribunasından müsəlman Türkiyə
və Azərbayjanının xristian Ermənistanını məhv etmək istədiyini
bildirirdi".
Müəllif LDPR liderinin bu addımının çox pis nəticə
verəcəyini vurğulayır: "Putin hara göndərir, Jirinovski də ora
gedir, Kremldən nə buyrurlar, onu danışır. Deməli, onlar Bakıya
dəstək verməyi qərara alıblar. Bundan təbii ki, biz uduzcağıq",-
deyə Hraçiya Qalustyan bildirir.